Belarus hadisələrinin yada saldığı 4 iyun qiyamı…

01.09.2020 - 10:41

Belarusda avqustun 9-da keçirilən prezident seçkilərindən sonra başlayan etirazlar davam edir. Müxalifət lideri Svetlana Tixanovskayanın prezident Aleksandr Lukaşenko ilə sona qədər dirəşəcəyi görünür. Bütün bunlar Yaxın Şərq və keçmiş sovet ölkələrində bir məsələni yenidən aktuallaşdırıb.

Belə ki, indiyə qədər Belarus fonunda Yaxın Şərq və keçmiş sovet respublikalarının bir çoxunda buna bənzər hadisələr yaşanıb. Həmin ölkələrdə sona qədər dirənib, hakimiyyətlərini silah yolu ilə qorumağa çalışan rəhbərlərin hansı talelərlə üzləşdikləri hər kəsə məlumdur. Doğrudur, onların içərisindən qalib çıxanlar da var. Amma ortada İraq, Misir, Liviya kimi dövlətlərin rəhbərinin taleyi durur.

Son günlərdə aktuallaşan bu məsələlər Azərbaycanda tarixi bir hadisəni xatırladır. Söhbət 1993-cü ilin 4 iyun qiyamından gedir. O zaman Gəncədə qiyamçı polkovnik Surət Hüseynov tərəfindən mərhum prezident Əbülfəz Elçibəyə qarşı qiyam qaldırılmış, lakin Xalq Cəbhəsi hakimiyyəti demək olar ki, müqavimət göstərməmiş, nəticədə devrilmişdi. Məhz 27 ildir bu məsələ müzakirə edilir ki, Elçibəy iqtidarı Surət Hüseynovun qanunsuz birləşmələrinə qarşı silahlı müqavimət göstərsəydi, hakimiyyətini qoruya və o vaxt böhran durumuna düşmüş ölkəni xilas edə bilərdimi?

Razi Nurullayev su problemi ilə bağlı çağırış etdi

Razi Nurullayev: “Hakimiyyəti yalnız qanuni yollarla müdafiə etmək lazımdır”

Milli Cəbhə Partiyasının sədri, sabiq deputat Razi Nurullayev bu cür yollarla iqtidarı qorumağın tam əleyhinədir: “Əlinə silah alıb hakimiyyəti qorumağı düzgün hesab etmirəm. Elçibəyin əlinə silah alıb hakimiyyətini müdafiə etməməsi doğru qərar idi. Əgər o əlinə silah alsaydı, Azərbaycanda bu mübarizə vətəndaş müharibəsi ilə nəticələnəcəkdi, minlərlə vətəndaşımız həlak olacaqdı. Bəlkə də, Dağlıq Qarabağla bağlı daha ağır bir vəziyyətlə üz-üzə qalacaqdıq. Bu baxımdan kreslonu qorumaq üçün ələ silah almaq lazım deyil. Hakimiyyəti qanuni yollarla müdafiə etmək lazımdır. Elə işləmək, elə hakimiyyət olmaq lazımdır ki, vətəndaşın da, hakimiyyətdə olanın da əlinə silah almağa ehtiyacı olmasın. Xalq onu müdafiə etsin”.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris  olunmalıdır”

Elxan Şahinoğlu: “Əgər hakimiyyət küçələrdə dəyişəcəksə, iqtidara gələnin özünə qarşı da eyni üsuldan istifadə edilə bilər”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Hakimiyyətin qorunmasının müxtəlif yolları var. Əgər hakimiyyət özünü güclü hesab edirsə, müqavimət göstərir. Məsələn, Türkiyədə Rəcəb Tayyib Ərdoğanı Gülən tərəfdarları dörd il əvvəl devirmək istədilər. Amma Ərdoğan dirəndi və xalqın gücü ilə hakimiyyətinin itirilməsinə mane oldu. Halbuki, bundan əvvəl 60-cı illərdən bu yana bir neçə hərbi çevrilişlər görmüşük. Generallar siyasiləri bir müddət hakimiyyətdən uzaqlaşdırmışdılar. Ortada Çili örnəyi var. 1973-cü ildə Çili prezidenti Salvador Allende idi. Ordu generalı Pinoçet onu devirdi. Amerika ona dəstək verdi. Salvador Allende bir növ Ərdoğan kimi dirənmək istədi və sona qədər Prezident Administrasiyası əli silahlı müqavimət göstərdi. Amma sonda o öldürüldü. Bir başqa nümunə də odur ki, əgər seçkilərdə insanlar hesab edirlər ki, prezident saxtakarlıq edib, ona qarşı təzyiqləri artırırlar. Ortada Ukrayna nümunəsi var ki, birinci dəfə Yanukoviçin seçilməsi Yuşşenko tərəfindən şübhə altına alınmışdı. İnsanlar küçələrə çıxdılar və saxtakarlığı sübut etdilər. Nəticədə Yuşşenko prezident oldu. Düzdür, növbəti seçkilərdə Yanukoviç qələbə qazandı. Azərbaycanı misal gətirdikdə, əslində mən də hesab edirəm ki, Əbülfəz Elçibəy və onun tərəfdarları hakimiyyəti qorumalı idilər. Vəzifələrin dondurulması indi mənə xülya kimi gəlir. Müqavimət göstərmək lazım idi. Surət Hüseynov kim idi ki, ona hakimiyyəti təhvil vermək lazım olsun? Ortada Heydər Əliyev nümunəsi var. Ona qarşı bir neçə qanunsuz çevriliş cəhdi oldu, amma dirəndi. Göstərdi ki, hakimiyyəti necə qorumaq olar. Əgər hakimiyyət küçələrdə dəyişəcəksə, iqtidara gələnin özünə qarşı da eyni üsuldan istifadə edilə bilər.  Məsələn, Paşinyan etirazlar yolu ilə iqtidara gəldi, sonradan seçki keçirdi. İstisna deyil ki, ona qarşı da eyni üsuldan istifadə olunsun. Mixail Saakaşvili “qızılgül inqilabı” ilə hakimiyyətə gəldi. Amma indi diqqət edin, ölkəsinə qayıda bilmir, şəxsinə qarşı da cinayət işi açılıb. Yaxşı olar ki, bütün bu məsələlər seçki sandıqlarında həll olunsun. Amma sandıqlarda saxtakarlığa yol verilirsə, xalq meydanlara çıxırsa, bu hakimiyyətdə olan qüvvənin özü üçün bir təhlükədir. Mütləq seçkiləri demokratik keçirməlidirlər ki, küçə inqilabları ilə üz-üzə qalmasınlar. Bu proseslərdən sonra hər kəs əzab çəkir. İnqilab yolu ilə gələn əks inqilabla da gedir”.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=153318

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930