Türkiyənin ilk uçan avtomobilinin sınaq uçuşları həyata keçirilib
Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan ölkənin ilk uçan avtomobili “Cezeri”nin ilk sınaq uçuşları uğurla tamamlanıb.
APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şirkətin texniki direktoru Səlcuq Bayraqdarın rəhbərliyi altında hazırlanan “Cezeri”nin sınaqlarına sentyabrın 11-dən başlanıb.
Tamamilə sərbəst şəkildə havaya qalxan ağıllı uçuş sistemi ilə təchiz edilən qurğunun bir gecədə keçirilmiş iki ayrı sınağında da müsbət nəticə əldə olunub. Qurğunun çəkisi 230 kiloqramdır və hazırlanmasına 18 ay vaxt sərf olunub.
Avtomobil 100% elektrik enerjisi ilə hərəkət edir və 8 elektrik mühərriki ilə işləyir. Üç ehtiyatlı ağıllı uçuş sisteminə sahib olan “Cezeri” gələcəkdə süni zəka sistemləri ilə təchiz ediləcək. Uçan avtomobilin 100 km/saat sürətinə və 2000 metr uçuş hündürlüyünə çatması, batareya texnologiyasının inkişaf etdirilməsi ilə paralel olaraq bir saat havada qalmaqla 70-80 kilometr məsafə qət edə bilməsi üçün işlər görülür.
Short URL: https://www.cumhuriyyet.net/?p=154333