Füzulidən olan məcburi köçkün Ermənistan hökumətini məhkəməyə verib

17.11.2020 - 15:44

Azərbaycanlı məcburi köçkün Ermənistan dövlətini məhkəməyə verib.

Bu barədə məlumatı Musavat.com-a vəkil Tural Şükürov verib.

Vəkil Füzuli rayon sakini Hökumə Hümbətovanın hüquqlarını müdafiə edir. H.Hümbətova 2018-ci ildə Füzuli rayon məhkəməsinə müraciət edərkən iddia ərizəsində göstərib ki, 1989-cu ildə Füzuli rayonu Əhmədalılar kəndinə gəlin köçüb və 1993-cü il avqustun 23-də həmin kənd Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Buna görə də yaşadıqları evi tərk edərək Bakıya gəlib, şəraitsiz yarımtikilidə yaşayıblar.

1994-cü ilin əvvəlində Azərbaycan ordusu Füzuli rayonunun 21 kəndini, o cümlədən, Əhmədalılar kəndini işğaldan azad edəndən sonra H.Hümbətova evinə qayıdıb.

Amma mülkiyyətində olan ev və daşınan əmlakların talan edildiyini görüb.

H.Hümbətovaya daşınmaz əmlak üzrə 10.797 manat, daşınan əmlak üzrə 13.419 manat, ümumilikdə, 24.216 manat zərər dəyib.

Buna görə də, H. Hümbətova Füzuli rayon məhkəməsinə müraciət edərək, Ermənistan Respublikası və Ermənistan Maliyyə Nazirliyini cavabdeh şəxs kimi prosesə cəlb edərək ona vurulan 24.216 manatın ödənilməsini tələb edib.

Füzuli rayon məhkəməsi isə H.Hümbətovanın xeyrinə qərar qəbul edildiyi halda icrasının qeyri-mümkünlüyünü nəzərə alaraq, ərizəni baxılmadan geri qaytarıb.

H.Hümbətova vəkili vasitəsilə qərardan apelyasiya şikayəti verib və Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı qərarda qeyd edilib ki, Ermənistan Respublikasında iddiaçının iddia tələbinə baxılması üçün səmərəli ola biləcək hər hansı hüquq müdafiə vasitəsi məlum deyil və onun iddia tələbi ilə bağlı Ermənistan Respublikasının hakimiyyət orqanlarına, yaxud məhkəmələrinə müraciət etmək imkanı mümkünsüzdür.

Buna görə də apelyasiya instansiyası da şikayəti təmin etməyib. Bunun ardınca H.Hümbətova Ali Məhkəməyə kasasiya şikayəti verib.

Ali Məhkəmənin hakimi Gündüz Quliyev qərarında qeyd edib ki, ərazi aidiyyəti üzrə məhkəmə qərarlarından kasasiya şikayəti verilməsi nəzərdə tutulmayıb. Lakin Şirvan Apelyasiya Məhkəməsi həmin qanunvericiliyin bu tələblərini pozaraq kasasiya şikayətini baxılması üçün Ali Məhkəməyə göndərib. Buna görə də şikayət icraata qəbul edilmədən Şirvan Apelyasiya Məhkəməsinə qaytarılıb.

Vəkil Tural Şükürov qeyd edib ki, ümumiyyətlə, beynəlxalq hüquqda hər hansı tələbi (iddianı) müəyyən etmək üçün bu tələbləri (iddianı) özündə əks etdirən müvafiq hüquq normaları tapılmalıdır: “Bu cür normaların haradan tapılması, haradan götürülməsi praktiki baxımdan “hüququn mənbəyi” anlamı ilə bağlıdır. Məsələn, BMT-nin Beynəlxalq Məhkəməsi Statusunun 38-ci maddəsində göstərilib ki, Beynəlxalq Məhkəmə ona təqdim olunmuş mübahisələri həll edərkən beynəlxalq müqavilələrə, beynəlxalq hüquqi adətlərə, hüququn ümumi prinsiplərinə, beynəlxalq hüquqi adətlərə, məhkəmə qərarlarına, tanınmış alimlərin hüquqi rəylərinə əsaslana bilər. Bundan başqa BMT-nin Beynəlxalq məhkəməsində BMT-nin Baş Məclisinin qətnamələrinə də istinad etmək praktikası mövcuddur.

Sadalananlardan görünür ki, milli məhkəmələrimizin qəbul etdiyi qərarlar hüququn mənbəyi kimi istifadə edilə bilər. Misal üçün deyə bilərik ki, 2000-ci ildə Yunanıstan Ali Məhkəməsi vətəndaşlarının II Dünya müharibəsində Alman Nasistlərinin repressiv hərəkətlərinə məruz qaldığı üçün zərərlə bağlı Almaniya hökumətinə qarşı irəli sürülən iddia ərizələrini qiyabi icraatda baxıb təmin edib. Düzdür, onların sonrakı prosesində bəzi çətinliklər yaranıb. Amma hər bir halda “beynəlxalq universal hüquq” təcrübəsinə müəyyən töhfələr verib. Bu cür misallar çoxdur. II Dünya Müharibəsindən sonra Nyurinberq Tribunalında müttəhim olan Herman Görinqin sözləri ilə desək, qaliblər həmişə hakim, məğlublar isə müttəhim olur. Azərbaycan Respublikası isə hazırkı situasiyada hakimdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157373

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30