ABŞ demokratiyası təhlükədə: Baydenin planları nədir? – Politoloqdan proqnoz

14.01.2021 - 10:33

Dünya liderlərinin Kapitoliyə hücumla bağlı reaksiyaları səngimir, Vaşinqtonun rəqibləri isə rişxənd edir; seçicilərin 70 faizi demokratiyanın təhlükədə olduğunu düşünür – ekspert Moskva və Ankaranı nələr gözlədiyini açıqladı

ABŞ-da seçkilərdən sonra sular durulmur. Yanvarın 6-da Donald Tramp tərəfdarlarının Konqresə hücumu və iğtişaşlar gərginliyi artırıb.

Yeni prezident Cozef Baydenin andiçməsinə cəmi 6 gün qalır və hələ də Amerikada mübahisələr, istefalar, səs-küylü bəyanatlar davam etməkdədir.

“Yeni Müsavat”ın verdiyi son məlumata görə, dünya liderləri Vaşinqtonda azı dörd nəfərin ölümü, onlarla insanın həbsi ilə nəticələnən çaxnaşmanı şok, kədər və sarkazmla qarşılamaqdadır.

“Bu gün Vaşintonqda baş verənlər Amerika deyil”, Fransa prezidenti Emmanuel Makron çərşənbə axşamı Twitter-də yerləşdirdiyi videomesajda bildirib.

“Bu demokratiya hücumçular və iğtişaşçılardan daha güclüdür”, – Almaniya kansleri Angela Merkel deyib. Britaniyanın baş naziri Boris Conson zorakılığı Twitter-də “biabırçı” adlandırıb.

NATO-nun baş katibi Yens Stoltenberq Twitter-də “Vaşinqtonda şokedici hadisələr baş verir. Bu demokratik seçkinin nəticəsinə hörmət göstərilməlidir”, – deyə bildirib.

BMT-nin baş katibinin sözçüsü deyib ki, “siyasi liderlərin tərəfdarlarının zorakılıqdan uzaq durmasına ilham verməsi mühümdür”.

ABŞ-ın rəqibləri Vaşinqtona rişxənd edib. İran prezidenti Həsən Ruhani deyib ki, hadisələr “Qərb demokratiyasının nə qədər kövrək və populizmə həssas” olduğunu göstərib.

Venesuela bəyanatda Birləşmiş Ştatların “aqressiya siyasəti nəticəsində başqa ölkələrdə yaratdığı eyni vəziyyətdən əziyyət çəkir”, –  deyə bildirib.

Quinnipiac Universitetinin keçirdiyi son rəy sorğusuna görə, ABŞ seçicilərinin təxminən dörddə üçü Kapitoli binasına hücumdan sonra demokratiyanın təhlükə altında olduğunu bildirib.

Milli sorğuda həm Respublikaçılar (77%), həm də Demokrat seçicilərin çoxu (76%) demokratiyanın təhlükə altında olduğunu düşündüyünü deyib. Müstəqil seçicilərin isə 70% bununla razılaşıb.

Respondentlərin 56 faizi Kapitoliya hücuma görə Trampın məsuliyyət daşıdığını, 42 faizi isə ABŞ prezidentinin heç bir məsuliyyət daşımadığını bildirib.

Tramp özü Vaşinqtondakı iğtişaşlarda günahının olduğunu qismən etiraf edib. O, impiçment çağırışlarını da “ən böyük cadu ovu” adlandırıb.

Ağ Ev rəhbəri bildirib ki, haqqında veriləcək bu qərar böyük qəzəb yaradar: “Biz zorakılıq istəmirik”. Tramp sosial şəbəkələrin insanları böldüyünü və nifaq səpdiyini də sözlərinə əlavə edib.

Paralel cinahda isə Bayden öz komandasını formalaşdırmaqdadır. Son xəbərə görə, o, eks-prezident Barak Obama administrasiyasının aparıcı maliyyəçilərindən biri olmuş Heri Hensleri Qiymətli kağızlar və birjalar üzrə Federal Komissiyanın rəhbəri vəzifəsinə gətirir.

Amma bizi düşündürən əsas məsələ ABŞ daxilindəki proseslərdən daha çox, Bayden administrasiyasının Türk dünyasına, regiona və Rusiyaya münasibətinin nədən ibarət olacağıdır.

Ramiyə Məmmədova: “Danışıqların nəticəsi bir müdət sonra bəlli olacaq”

Politoloq Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, bu hadisələrdən sonra Tramp “şpiyon” kimi görünür: “Sanki ABŞ-ın imicini zədələmək üçün təlimatlandırılmışdı və son günə qədər missiyasından əl çəkmədi. Hətta Amerikanın düşmənləri də indi sevinirlər. Bayden ilk növbədə ölkəsinin imicini düzəltməyə çalışacaq.

Görün hansı mənzərədir ki, Venesuela belə ABŞ-a irad tutur. Çin, Rusiya, İran baş verənlərə görə rişxənd edirlər.

Məsələn, Çin deyir ki, onlar Honq Konqdakı zorakı etirazçıları təsvir etmək üçün hansı sözlərdən istifadə edirdilər? Onlar bunun gözəl görüntü olduğunu deyirdilər və zorakı etirazçıların demokrat qəhrəmanlar olduğunu və Amerika xalqının onların yanında olduğunu bildirirdilər.

Ona görə həm dünya Konqresə hücumla bağlı Amerikanı tənqid edir, həm amerikalı seçicilərin özünün demokratiyaya inamı azalıb. Baydenin üzərinə böyük yük düşür”.

Siyasi şərhçi xarici siyasətə gəlincə, Bayden administrasiyasının ilk hədəfinin Rusiya olacağını güman edir:

“Moskvadakı üçtərəfli görüş Putinin tələsdiyini göstərirdi. Rusiya tezliklə kommunikasiyaların açılmasının, iqtisadi-ticari münasibətlərin genişlənməsinin tərəfdarıdır.

Çünki ölkəni ciddi sanksiyalar gözləyir və bundan sığortalanmaq üçün regionda yeni əməkdaşlıq platformalarına ehtiyac var.

Baydenin “S-400″ raketlərinə görə Türkiyəni də sıxma-boğmaya salacağını, amma NATO ölkəsi olduğu üçün təzyiqlərin dozasının kəskin olmayacağını gözləyirəm.

Ümumiyyətlə, Demokratlar hakimiyyətə gələndə dünyada sakitlik olmur. Biz hələ Yaxın Şərqdə yenidən nələr başlanacağını bilmirik.

Sadəcə, bu dəfə ABŞ özü siyasi böhran keçirir deyə bir az da içinə qapanmalı olacaq, rəngli inqilablar, yeni müharibələr gözlənilmir.

Çünki pandemiya kifayət qədər dünyanı silkələyib, Amerika iqtisadiyyatı bundan çox böyük zərbə alıb və Baydenin prezidentliyinin ilk illərində kataklizmlər ehtimalı azdır”.

Siyasi təhlilçi hesab edir ki, ABŞ-Azərbaycan əlaqələri Bayden dönəmində Tramp dövründən fərqlənəcək: “Obama vaxtı da Azərbaycana təzyiqləri xatırlayırıq. Demokratlar bir növ daxili işlərə qarışmağı xoşlayır.

Azərbaycanın indi Rusiya və Türkiyə ilə bu qədər yaxınlaşması Vaşinqtonun ürəyincə olmaya bilər. Üstəlik, həmsədr ölkədir, amma Qarabağ məsələsində orbitr Moskvadır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159770

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930