Nikolun “rus qoşunu” planı: sərhəd boyu toqquşmalar arta bilər – TƏHLİL

29.07.2021 - 19:54

 

Nikolun “rus qoşunu” planı: sərhəd boyu toqquşmalar arta bilər - TƏHLİL

 

Paşinyanın açıqlamasından çıxan nəticə: sərhəd boyunca toqquşmalar davam edəcək.

Nikol təklif edir ki, Azərbaycanla bütün sərhəd boyu Rusiya sərhədçilərinin dayaq məntəqələri, eləcə də KTMT-nin monitorinq missiyası yerləşdirilsin və dərhal əlavə edir ki, “əgər KTMT tərəfindən belə missiyanın həyata keçirilməsi mümkün deyilsə bizim üçün başqa beynəlxalq formatlar, o cümlədən ATƏT-in Minsk Qrupu çərçivəsində formatlar məqbuldur”.

Bu təklif əvvəlcə “beynəlxalq müşahidəçilər” olaraq gündəmdə idi və bütün sərhəd boyunca yox, Kəlbəcər istiqaməti nəzərdə tutulurdu. Seçkilərdən öncə gündəmə gələn “beynəlxalq müşahidəçilər” təklifində Qərbin öz, Paşinyanın öz maraqları var idi.

– Qarabağ münaqişəsinin həllindən kənarda qalan ABŞ və Fransa sərhəd məsələsi üzərindən bölgəyə gəlmək istəyir;

– Paşinyan Qərb və Rusiya arasında ikili oyun oynamaqla hədəflərinə nail olmaq istəyir;

Birinci hədəf seçkilər idi: Nikol “beynəlxalq müşahidəçi” məsələsini gündəmə gətirməklə Qərbin dəstəyini əldə etdi, buna paralel olaraq, Rusiyanın qarşısına “alternativ” çıxarmaqla Moskvanın seçkiyə müdaxiləsinin qarşısını aldı və hakimiyyətini qorudu. Seçkidən öncə Rusiya qoşunlarının bölgəyə yerləşdirilməsi ilə bağlı iki tərəfin hərbi rəhbərliyinin müzakirəyə başlaması da Paşinyanın birinci hədəfinə nail olduğunu göstərir.

İkinci hədəf sərhəd müqaviləsidir: Paşinyan sərhədlərin delimitasiyası prosesində Rusiyanın dəstəyini əldə etməyə çalışır və bunun üçün Moskvaya “ya siz gəlin, ya da əlavə alternativlər var” mesajını verir. Nikol anlayır ki, Rusiya onun təklifinə “hə” deməyəcək və əlavə “alternativlərə” də imkan verməyəcək, buna rəğmən, məsələni gündəmə gətirməklə sərhədlə bağlı Moskvada qurulacaq mümkün masada rusların dəstəyini almaq istəyir.

Paşinyanın məsələni ictimaiyyət qarşısında açıqlaması da təsadüfi deyil:

– Ermənistan cəmiyyətinə Rusiyanın dəstək vermədiyini göstərmək istəyir: bu, anti-Rusiya əhval-ruhiyyəsinin formalaşdırılması üçün lazımdır və Nikol belə əhval-ruhiyyədən zaman-zaman həm də Moskvaya qarşı kart olaraq istifadə edəcək;
– Cəmiyyətə “sərhəddə Ermənistanın maraqları naminə mübarizə apardığını” göstərir;
– Sərhəddə vəziyyətin sabitləşmədiyini deməklə cəmiyyətdə “sabitliyin çıxış yolu razılaşmaqdır” rəyini yaradır: belə rəy sərhəd müqaviləsini imzalamaq və atdığı imzaya görə Rusiyanın günahkar olduğunu göstərmək üçün lazımdır;

Bölgəyə qoşun yeritmək Rusiyanın strateji maraqlarına uyğundur, amma Moskva bunu Paşinyanın təklifi çərçivəsində istəmir:

1. Mümkün sərhəd müqaviləsində Rusiya “vasitəçi” yox, “tərəf” ola bilər;
2. Paşinyan SSRİ xəritələrinə uyğun aparılacaq delimitasiya prosesində günahı bölgədə olan Rusiyanın üzərinə qoyacaq və bu, Qarabağ müharibəsindən sonra Ermənistan cəmiyyətində Rusiya mövqeləri üçün ikinci zərbə ola bilər;
3. Delimitasiya prosesinin Rusiyanın təqdim etdiyi xəritələr çərçivəsində aparılmaması Moskvanın vasitəçilik missiyasına, eləcə də Bakı ilə gələcək münasibətlərinə uyğun deyil və belə vəziyyət Türkiyənin də Azərbaycanın maraqlarını qorumaq üçün tərəf olmasına səbəb yarada bilər;

Rusiya delimitasiya prosesinin başa çatması, sərhəd müqaviləsinin imzalanmasından sonra bölgəyə gəlmək istəyir və bu, həm də Ermənistanda “xilaskar Rusiya” obrazının güclənməsi baxımından əhəmiyyətlidir.

İstisna deyil ki, yaxın dövrdə Moskvada masa qurulacaq və buna qədər sərhəd boyunca toqquşmalar şiddətlənə bilər: razılaşmanı yetişdirmək lazımdır, bütün tərəflər üçün…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165484

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031