Putinlə Ərdoğan rublla bağlı RAZILIĞI GƏLİB
Təbii qazla bağlı Türkiyə ilə Rusiya arasında yeni razılaşma, rusiyalı sənayeçilərin fəaliyyətləri, banklararası ortaqlıq kimi məsələlərlə bağlı suallara cavabında Ərdoğan bildirib ki, sərmayə qoymaq istəyən hər kəsə dəstək verilir.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.
Prezident hazırda Türkiyənin qapısının hər kəsə açıq olduğunu diqqətə çatdırıb:
“Kim ölkəmizə sərmayə qoymaq istəyirsə, ona hər cür dəstəyi veririk. Çünki Türkiyə təkcə bu son hadisələrlə bağlı deyil, həm də dünyada azad bazar iqtisadiyyatının ən mühüm açıq qapısıdır. Təbii ki, bu Soçi səfərinin bir yaxşı cəhəti də o idi ki, cənab Putinlə rublla bağlı razılığa gəldik. Bu mübadilələri rublla edəcəyik. Bu da təbii ki, maliyyə məsələlərində Türkiyə ilə Rusiya arasında ayrı bir güc mənbəyi olacaq və daha çox qazanc gətirəcək. Rusiyanın “Mir” kartı da var. Hazırda beş bankımız bununla bağlı işləri davam etdirir. Ciddi irəliləyişlər var. Bu, təbii ki, Rusiyadan gələn turistlər üçün çox rahat prosesdir. Onlarla alış-veriş və otel ödənişlərini edə bilərlər. Həm onlar, həm də bizim üçün çox əlverişli sistemdir. Səfər zamanı Rusiya Mərkəzi Bankının prezidenti və Mərkəzi Bankımızın prezidenti arasında da görüş oldu”, – deyə Ərdoğan bildirib.
Short URL: https://www.cumhuriyyet.net/?p=180245