Rus ordusu Avdeyevka şəhərini ələ keçirmək üzrədir: Putin ordu qarşısında tapşırıq qoyub
Rusiya qoşunlarının aylardır davamlı hücum etdiyi Donetsk vilayətinin Avdeyevka şəhərində kritik vəziyyət yaranıb. Şəhərin işğalçı ordunun nəzarətinə keçməsi təhlükəsi yaranıb. “AzPolitika.info” xəbər verir ki, bu barədə cümə axşamı Vaşinqtonda keçirilən brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. Bundan əvvəl “The Washington Post” Ukrayna hərbçilərinə istinadən yazıb ki, Ukrayna Silahlı Qüvvələri qoşunları şəhərdən qismən çıxarmağa başlayıb. Nəşrin həmsöhbətləri bildiriblər ki, Avdeyevkanın nə vaxt itiriləcəyi zaman məsələsidir.
Rusiyayönlü “Telegram” kanalları Ukrayna hərbçilərinin şəhərdə bir sıra mövqelərə nəzarəti itirdiyini bildirir. Rus əsgərlərinin Avdeyevkanın əsas girişini və Zenit istehkam sahəsi kimi tanınan hava hücumundan müdafiə bölməsini ələ keçirdiyi bildirilir.
Ukraynanın bəzi media orqanları da Rusiya qoşunlarının Avdeyevkanın şimalında və cənubunda irəlilədiyini bildirir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son 24 saat ərzində Rusiyanın Avdeyevka bölgəsinə 34 hücumu barədə məlumat verib. Hesabatda deyilir ki, rus qoşunları “Avdeyevkanı mühasirəyə almaq cəhdlərindən əl çəkmir, Ukrayna hərbçiləri isə xətti saxlayır və onlara əhəmiyyətli itkilər yaşadır. Ukraynanın Tavriya komandanlığının nümayəndəsi Dmitri Lixovi şəhərdəki vəziyyəti “dinamik” adlandıraraq qeyd edib ki, bəzi ərazilərdə Ukrayna qoşunları “daha sərfəli mövqelərə” geri çəkilir, digərlərində isə əksinə, mövqeləri geri alırlar.
Xatırladaq ki, Rusiya ordusu 2023-cü il oktyabrın əvvəlində Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Donetsk vilayətinin Avdeyevka şəhərinə irimiqyaslı hücuma keçib. Müxtəlif mənbələrə görə, Vladimir Putinin ordu qarşısında qoyduğu əsas məsələ bu şəhərin ələ keçirilməsidir.
Short URL: https://www.cumhuriyyet.net/?p=198548