Avropa Parlamenti seçkiləri: qaliblər və məğlublar kimlərdir?

11.06.2024 - 14:25

Avropa Parlamenti (AP) seçkilərinin sona çatmasından sonra Avropa İttifaqına (Aİ) üzv olan bir çox ölkədə ifrat sağçıların yüksəlişi seçkinin ən diqqət çəkən elementi olub.

Musavat.com xəbər verir ki, bazar günü gecə Avropada seçki marafonu başa çatdığından Aİ-nin 27 üzvü arasında qalib və uduzanların kim olduğu aydınlaşmağa başlayıb.

İtaliyanın baş naziri Giorgia Meloni Brüsseldə əsas rolunu təqribən 28% səs qazanaraq möhkəmləndirib, Fransada isə prezident Emmanuel Makron o qədər zəif çıxış edib ki, erkən seçkilər təyin etmək məcburiyyətində qalıb.

“Azadlıq Radiosu” yazır ki, aşırı sağçı partiyalar Avropa Parlamentində rekord sayda yer qazanarsa, Brüsseldəki başlıca siyasi meyl acı məzəmmətlə üzləşəcək, Avropanın gələcəyi ilə bağlı isə qeyri-müəyyənlik artacaq:

01000000-0aff-0242-8685-08dc8964846a_cx3_cy12_cw95_w1023_r1_s.jpg (88 KB)

“Avropa İttifaqının üzvü olan 27 ölkədə üç gün sürən səsvermədən sonra ekzit-poll aşırı sağçı partiyaların 720 yerdən 150-sini qazanacağını göstərib. Bu da, böyük ehtimalla, əsas siyasi kursa sadiq partiyaların qanunları qəbul etmək üçün çoxluq formalaşdırmasını çətinləşdirəcək.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bazar günü etdiyi çıxışda deyib ki, nəticələr onun mənsub olduğu Avropa Xalq Partiyasının (EPP) hələ də “sabitlik lövbəri” kimi fəaliyyət göstərə biləcəyini göstərir. Ancaq o öz siyasi müttəfiqlərini də ekstremist partiyalara qarşı duruş gətirməkdən ötrü köməyə çağırıb. EPP-nin Avropa Parlamentində ən çox yerə sahib olacağı proqnozlaşdırılır.

“Mərkəz öz yerini saxlayır. Ancaq o da bir gerçəkdir ki, soldakı və sağdakı ifratçı qüvvələr dəstək aldıqlarından nəticə mərkəzdəki partiyaların üzərinə böyük məsuliyyət qoyur”, – o, Brüsseldə auditoriya qarşısında belə deyib.

Avropa mərkəzçiləri aralarındakı fərqləri kənara qoyaraq, yüksəlməkdə olan ifrat sağa qarşı koalisiya qurmağa başlayırlar.

Aşırı sağın ən uğurlu nəticələri, əsasən, Avropa Parlamentində ən çox yerə sahib olan ölkələrdə qeydə alınıb. Bu ölkələr Fransa, İtaliya və Almaniyadır.

Ekzit-poll Marin Le Penin ifrat sağçı Milli Birlik (RN) partiyasının seçkidən yüksək nəticələrlə çıxacağını göstərərkən, Fransa prezidenti Emmanuel Makron parlamenti buraxaraq çox riskli erkən seçkilərə gedib. Seçkinin ilk raundu iyunun 30-da keçiriləcək.

Fransa Daxili İşlər Nazirliyinin bazar ertəsi verdiyi rəsmi məlumata görə, RN səslərin 36.8 faizini qazanıb. Makronun avropayönlü mərkəzçi İntibah Partiyası 14.6 faizlə ikinci, mərkəz-solçu Sosialist Partiyası isə 13.8 faizlə üçüncü olub.

Makronun şok seçki elanından öncə RN-in baş qərargahında qələbə nitqi ilə çıxış edən partiya lideri Jordan Bardella deyib ki, “indiki hökumətin misli görünməmiş yenilgisi dövrün sonu və postMakron çağının birinci günü deməkdir”.

Makron kimi, Almaniya kansleri Olaf Şolts da ekzit-pollda xoşagəlməz nəticələrlə üzləşib. Onun Sosial Demokrat Partiyası (SD) səslərin cəmi 14 faizini toplayaraq ən pis nəticəsini göstərib. Meynstrim Xristian-Demokrat Partiyası (CDU) 29.5 faizlə birinci yerə gəlib. Aşırı sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası isə 16.5 faizlə ikinci olub.

Sonuclar yaxın beş il üçün Avropanın siyasi yönünü formalaşdıracaq. Bu milli seçkilər prosesi çox zaman gələcək milli hökumətlər ilə bağlı de-fakto referendum təsiri bağışlayır. Nəticələr 2027-ci ildə keçiriləcək prezident seçkilərində Makron üçün, gələn il Almaniyada keçiriləcək federal seçkilərdə isə Şolts üçün problem doğura bilər.

Beş il öncə keçirilən son parlament seçkilərindən bəri Avropada çox şey dəyişib. 2020-ci ildə Britaniya bloku tərk edib, 2022-ci ildə də Rusiya Ukraynaya hücum edərək qitənin çox hissəsini savaşla üzləşdirib. Avropa ölkələri həm Kiyevə həyati önəmli hərbi və digər yardımı çatdırmağa, həm də öz müdafiələrini gücləndirməyə məcburdurlar”.

Nəşr fon der Leyenin aşağıdakı sözlərinə istinad edib:

01000000-0aff-0242-3d30-08dc8957.jpg (66 KB)

“Əlbəttə, bu seçki vakuumda keçməyəcək. Çevrəmizdəki dünya qarma-qarışdır Xaricdəki və daxildəki qüvvələr bizim cəmiyyətlərin sabitliyini pozmağa çalışır. Onlar Avropanı zəiflətmək istəyirlər”, – fon der Leyenin sözləridir.

Aşırı sağın yüksəlişi Brüsselin birlik yönündəki səylərini daha da çətinləşdirə bilər. Ancaq ifrat sağçı partiyalar da nisbətən bölünmüş haldadır. AfD siyasi baxımdan yersiz qalıb: onun Avropadakı əsas namizədi Maksimilian Kranın SS-in bütün üzvlərini cinayətkar saymadığını açıqlamasından sonra partiya ifrat sağçı Kimlik və Demokratiya (ID) Qrupundan çıxarılıb. Bir neçə başqa ifrat sağçı partiya isə Qoşulmama Qrupunun (NI) tərkibindədir. NI-nin 45 yerə sahib olacağı gözlənilir.

Avropa Parlamentinin prezidenti Roberta Metsola ekzit-pollun nəticələrinə cavab kimi deyib ki, nəticələr Brüsselin siyasi isteblişmentinin xalqın necə səs verdiyini anlamalı və vətəndaşların gündəlik həyatlarına təsir göstərən qərarlar qəbul etməli olduğunu göstərib: “Biz konstruktiv, avropayönlü mərkəzin mövqeyini qoruyub saxladığını görə bilirik”. Di gəl, o da qrupların çoxluq formalaşdırmaq üçün birləşmək məsuliyyətinin qaldığını vurğulayıb”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=201279

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031