Zelenski Putinin sülh təklifini “ağzında qoydu”
Ukrayna hərbçiləri Rusiya prezidenti Vladimir Putinin Ukraynaya təklif etdiyi alçaldıcı sülh təklifinə operativ “cavab verib”. SAVASH.ORG xəbər verir ki, Putinin məlum bəyanatından cəmi bir neçə saat sonra Ukrayna qoşunları Rusiya ərazisinə artileriya zərbələri endirməyə başlayıb. Rusiya mediası təsdiqləyib ki, Putinin çıxışından bir qədər sonra Rusiyanın Belqorod vilayətinin Şebekinoya qəsəbəsi hava hücumuna məruz qalıb. Ardıcıl zərbələr nəticəsində beş mərtəbəli binanın girişi dağıdılıb, mülki şəxslər öldürülüb.
Xatırladaq ki, Putin bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə keçirdiyi görüşdə bildirib ki, Kiyev NATO ambisiyalarından əl çəkərsə və Moskvanın iddia etdiyi dörd vilayətin hamısından imtina etməyə razılaşarsa, Rusiya Ukraynadakı müharibəni dayandıracaq: “Ukrayna qoşunları Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin inzibati sərhədləri daxilindən tamamilə çıxarılmalıdır. Ukrayna qoşunlarını çıxarmağa başladıqsan, Kiyev NATO üzvlüyündən imtina etdiyini rəsmən bəyan etdikdən sonra Moskva atəşkəs və danışıqların başlanması barədə göstəriş verəcək. Rusiya tarixin faciəli səhifəsini qapatmağa, Ukrayna və Avropa ilə münasibətləri tədricən bərpa etməyə çağırır. Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün əsas şərtlərdən biri də Rusiyaya qarşı sanksiyaların ləğvidir”.
Ukrayna prezidenti Volodimir Zelenski isə Putinin təkliflərini qəbuledilməz adlandırıb. Zelenski bildirib ki, atəşkəs tələbləri yerinə yetirilsə belə, o, Putinin hərbi hücumu dayandıracağına inanmır: “Bunlar keçmişdə verilən mesajlardan heç bir fərqi olmayan ultimatum mesajlarıdır. O, dayanmayacaq. O, istəyir ki, işğal olunmuş ərazilərimizin bir hissəsindən əl çəkək, amma işğal olunmamış ərazilərimizi də istəyir. Ölkəmizin bölgələrindən danışır, o, dayanmaz. Dondurulmuş münaqişə olmayacaq. Bu, Hitlerin “mənə Çexoslovakiyanın bir hissəsini verin və bu, burada bitəcək” deyərkən etdiyi şeydir. Amma yox, bunlar yalandır, tarixi yalanlardır. Çexoslovakiyadan sonra Polşa var idi, sonra bütün Avropanın işğalı”.
Short URL: https://www.cumhuriyyet.net/?p=201451