Mübariz haqda hekayəsi qalmaqal doğuran yazıçı danışdı

01.02.2019 - 09:36

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun “psixoloq” tərəfindən təhqir olunmasından sonra yaranan qəzəb dalğası səngiməmiş, Mübarizin ruhunun bir başqa cür təhqir edilməsi iddiaları meydana çıxıb. Belə ki, 5-ci sinif üçün nəzərdə tutulan “Ədəbiyyat” kitabında yazıçı İbrahim Vahabovun Mübariz İbrahimova həsr olunmuş “Qisas” adlı hekayəsinin sonunda onun intihar etdiyi yazılıb.

İ.Vahabovun müəllifi olduğu hekayədə onun bu “faktı” haradan əldə etdiyi maraq doğurub. Axı Mübarizin aldığı güllə yarasından dünyasını dəyişdiyi hamıya bəllidir. Bununla bağlı fotoşəkillər də yayılmışdı.  Təhsil Nazirliyinin rəhbər strukturları bu məsələni görməyə bilər. Amma bu dərsliyin hazırlanmasına cavabdeh şəxslər var, onlar hara baxıblar?

Hekayənin sonluğunda yazılır: “O, əlini uzadıb tapançanı götürdü və lüləsini gicgahına söykədi. Asta-asta pıçıldadı: ”Nə olaydı, anamın yuxusuna girməyəydim! Əşhədü ənla, İlahə İləllah…”

İbrahim Vahabov səhhətində olan ciddi problemlərə görə çətinliklə bizimlə danışdı. O, “Yeni Müsavat”a söylədi ki, bundan qabaq da mediadan ona zəng olunub: “Dedilər ki, hekayə xoşumuza gəldi. Lap film çəkmək də olar. Amma özünü güllə ilə vurmasını yazmısız. Bu, yazıçı təxəyyülüdür. Mübarizin yanında adam olmuşdu ki, onu erməninin öldürdüyünü ya intihar etdiyini təsdiqləsin? Nəsiminin dərisinin soyulmasını görən olmayıb. İkincisi, Mübariz üçün ölüm heç nə idi, qisas almağa getmişdi. Günahsız insanların qisasın almışdı ki, ürəyi sakit olsun. Mən onun ölüm xəbərini eşitdiyim gün ürək ağrısı keçirdim, 10 gün sonra həkimə müraciət elədim, dedi gizli infarkt keçirmisən. İndi gəzə bilmirəm, təzyiqim yuxarıdır, sol tərəfim quruyub, danışa bilmirəm. O qədər arzularım varıydı, hamısı məhv oldu getdi… İndi Mübariz haqda döyüşərək öldü yazsaydım düz olacaqdı? Bunu deyənlərin ədəbiyyatdan xəbəri yoxdur, savadsızdırlar. Çünki sənədli tarixi roman yazmamışam, bir bədii təxəyyül məhsulu olan hekayədir. Bu, yazıçı düşüncəsidir. Mübarizin ölümü mənim üçün böyük dərddir. İki şəhid bacım oğlu var.  Yəni məni başa düşürsünüz? Sadəcə, çox danışa bilmirəm…”

azıçı Seyran Səxavət qəzetimizə İ.Vahabovu tanımadığını söylədi: “Onun əsərlərini oxumamışam, adını sizdən eşidirəm. İntiharla döyüşdə həlak olmaq fərqlidir. Düzdür, intihar da güc, cəsarət tələb edir. Amma özünə əl qaldırmaqdansa düşməninə əl qaldır. Biz yaxşı bilirik ki, Mübariz intihar eləməyib. Adama elə gəlir ki, Mübariz heç ölməyib, nəinki intihar edib. Yəni Mübariz ölməzdir”.

S.Səxavətin sözlərinə görə, bugünkü dərsliklərə nəzarət etmək faydasızdır: “Bir dəfə qohumların evində 8-ci sinif tarix dərsliyini vərəqləyirdim. Oxuyuram ki, ərəblərin istilası zamanı Şamaxı guya öhdəlik götürüb, ildə üç qız ərəblərə göndərməyə boyun olub. Axı bunu yazmaq ayıbdır, xəyanətdir. Bu dərsliklər gələcək nəsilləri yetişdirir. Tarixdə olmayan hadisəni, faktı haradan götürüb yazırlar? Çünki hərə öz tanışını qabağa verib, o da bilmədiyini dərsliyə yazır”.

Təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, intiharla döyüşüb ölmək fərqli anlayışlardır: “Mübariz döyüşdüyü zaman qətlə yetirilib. Bu, hər yerdə yazılır. Rusların ”Literaturnaya qazeta”sında 3-4 il əvvəl bir rus jurnalisti Qarabağa gedərək təəssüratını yazmışdı. Rus jurnalist qeyd etmişdi ki, Azərbaycan tərəfdən Mübariz adlı bir əsgər təkbaşına döyüşərək xeyli sayda erməni əsgərlərini öldürməklə döyüş meydanında həlak olub. İntihar odur ki, axırıncı patronu qalıbsa özünə vurur, yaxud ələ keçəcəyini düşünüb bu addımı atır”.

E.Əliyev dərsliklərdə tez-tez ortaya çıxan yanlışlıqların səbəbini belə izah etdi: “Humanitar fənlərində, təbiət fənlərində təsadüfi adamlara kitab yazmaq həvalə olundu. Orta məktəbdə ədəbiyyat dərsini bilməyən ədəbiyyatdan, orada-burada tarixdən nəsə eşidən tarixdən dərslik yazmağa başladı. Bunlara diqqət etmək lazımdır. Mən sizə deyim, bir neçə uşaqdan 20 Yanvar günü sorğu keçirilmişdi. Onlar işğal olunmuş rayonlarımızı gah Zərdab, gah Ağsu, gah Beyləqan deyirdilər. Çünki dərsliklərlə yanaşı, orta məktəb müəllimləri həmin fənləri emosiyasız tədris edirlər. Milli qəhrəman, yaxud müharibə zamanı döyüşlərdə həlak olmuş həmvətənlərimiz barədə ədəbiyyat, tarix dərsliklərində yazılan materiallar həqiqəti əks etdirməklə yanaşı, həm də maraqlı yazılmalıdır”.

E.Əliyev bildirdi ki, sabiq təhsil naziri Misir Mərdanovun vaxtında yaradılmış  Dərslikləri Qiymətləndirmə Şurası dərsliklərin yazılmasında və çapında xeyli qüsurlara yol verdi: “Dərsliklərin çapında ən böyük məsuliyyəti nəşriyyatlar daşıyır. Nəşriyyatlarda isə peşəkar redaktor, mətnlərlə savadlı işləyən, dil, üslub və tərtibatla bağlı məsələləri professional səviyyədə bilən heyət yoxdur. Əksəriyyəti təsadüfi insanlardır. Ona görə də hələ uzun illər dərsliklərdəki problemlər geniş müzakirə mövzusu olacaq”.

Yaxın Şərq siyasəti üzrə yazar Kənan Rövşənoğlunun sözlərinə görə, İslamda intihar haramdır: “Allah verdiyi canı özü ala bilər. Səmavi dinlərdə intihar haram və qadağandır. Kamikadze özünü partladır, cihad edən isə döyüşərək həlak olur. İşin ziyanlı tərəfi odur ki, orta məktəb dərsliyində intihar etmək qəhrəmanlıq kimi təbliğ olunur”.

Təhsil Nazirliyindən report-a deyilib ki, İ.Vahabovun qələmə aldığı əsər məzmun baxımından vətənpərvərlik və qəhrəmanlıq nümunələri ilə zəngindir. “Eləcə də qəhrəmanın şəhidlik yolunu tutarkən keçirdiyi hiss və duyğular yüksək səviyyədə təsvir edilib.

Bütün bunların ümumtəhsil müəssisələrində tərbiyə işinin təşkilində böyük rola malik olduğu nəzərə alınıb. Bununla belə, əsərin məzmunu, oradakı hadisələrin gedişatı ilə bağlı sualların yazıçının özünə ünvanlanması daha məqsədəuyğundur” – deyə, nazirliyin cavabında bildirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126647

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930