“İQTİDAR CƏSARƏTLİ QƏRARLAR QƏBUL ETMƏLİDİR” – “Feodallaşmış, böyük iddialara düşmüş məmurlar…”

03.09.2019 - 11:08

Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edirik:

– Qüdrət bəy, məzuniyyət dövrü başa çatdı, ölkənin siyasi həyatında baş verəcəklər barədə gözləntiləriniz nədən ibarətdir?

– Hər bir vətəndaş kimi mənim də gözləntilərim çoxdur. Çünki cəmiyyətimiz dəyişiklik istəyir. Bunu görməmək mümkün deyil. Yaranmış vəziyyəti bölgədə marağı olan güclər də görür. İslahatların gecikməsi iqtidarı xalqın böyük ictimai dəstəyindən məhrum edə bilər ki, bu da ölkəmizi təxribatlar qarşısında zəif edərdi. Hər hansı təxribatın arzuolunmaz ekstremist qüvvələrin hakimiyyətinə yol aça biləcəyindən əndişələnən xarici güclər, hətta daxildə ölkəni gücləndirəcək islahatların aparılmasında maraqlı olmasa da, Azərbaycanın daxili siyasətinə daha ciddi müdaxilə etmək barədə düşünər, iqtidar bu gün malik olduğu beynəlxalq dəstəyi itirərdi. Yalnız güc strukturlarının peşəkarlığına və sədaqətinə güvənmək aşırı arxayınçılıq olardı. İqtidar, nə qədər ki, güclüdür, prosesin ağrılı olmasına baxmayaraq, cəsarətli qərarlar qəbul etməlidir.

– Sizcə, hansı dəyişikliklər ilk növbədə həyata keçirilməlidir?

– İlk növbədə kadr islahatları davam etdirilməlidir. Onilliklər ərzində eyni yüksək vəzifəni tutan kadrların ən azından yeri dəyişdirilməlidir. Bu insanların bir qismi feodallaşmış, böyük iddialara düşməklə yanaşı, hətta adi insanlıq keyfiyyətlərini belə itirmişlər. İnsanları, onları istismar edib ev-eşiyindən didərgin salmış məmurlardan xilas etməklə, geniş xalq kütlələrinin rəğbətini qazanmaq olar.İqtisadi sferada zamanında sələflərindən dürüstlüyü ilə fərqlənməmiş şəxslərə daha böyük və strateji vəzifələrin verilməsi, onları təmiz işləməyə, qanunların aliliyinə hörmət etməyə sövq etməyəcəkdır. Yüksək vəzifələrə müsbət dəyişiklikləri təmin etməklə, hökumətə ictimai dəstəyi təmin edən, yaxud edə biləcək şəxslər təyin olunmalıdır. Bəzi strateji vəzifələrə zamanında müxtəlif səbəblərdən qabiliyyətsizliyinə görə təyin olunmuş şəxslərlə vidalaşmaq lazımdır. Hakimiyyət ölkənin ictimai-siyasi həyatında yaxşı mənada fərqlənmiş və iqtidarla əməkdaşlığa hazır olan kadrlarla gücləndirilməlidir.

Dövlət iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalı, tam bazar iqtisadiyyatına keçilməli, maliyyə-kredit islahatları həyata keçirilməli, xidmət sahələri, iri müəssisələr yubanmadan özəlləşdirilməyə çıxarılmalı, korrupsiyaya qarşı daha effektli mübarizə təşkil olunmalı, ciddi struktur və instusional islahatlar aparılmalı, qanunun aliliyinin təmin olunması istiqamətində ciddi qərarlar qəbul olunmalıdır. Ölkədə iqtisadiyyatın inkişafına təkan verəcək Naxçıvan və Ələt azad iqtisadi zonalarının fəaliyyətə başlaması üçün, nəhayət ki, konkret addımlar atılmalıdır.

Bunlarla yanaşı, xarici ermənipərəst dairələrin və korrupsioner məmurların fitilə hərəkət edən müxalifət və onların müttəfiqləri olub, xaricə miqrasiya edib, ictimai əxlaqı korlayan pozğun ünsürlər ifşa olunmalı, onların dövlətçiliyimiz üçün yaratdığı təhlükə barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılmalıdır. Konstruktiv müxalif qüvvələr isə bələdiyyə seçkilərindən daha güclü çıxmaları üçün fəaliyyətlərini gücləndirməli və koordinasiya etməlidirlər…

Moderator.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=132286

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930