PANDEMİYADA SON MƏRHƏLƏ… – Azərbaycan hansı ölkələrin təcrübəsinə müraciət etməlidir?

06.08.2020 - 10:44

Koronavirus pandemiyası genişlənməkdə davam edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumata görə, virusa yoluxanların sayı 20 milyona, vəfat edənlər isə 700 min nəfərə çatır. Son həftələrdə Latın Amerikası, ABŞ və Yaxın Şərqdə yoluxanların sayı gündən-günə artır.

İnkişaf etmiş ölkələrin elmi mərkəzləri virusa qarşı vaksin əldə etmək üçün böyük qüvvə sərf etsələr də, hələlik əldə olunan nəticələr sınaq mərhələsindədir. Dünya ictimaiyyəti bu çalışmalardan ümidverici nəticələlər gözləyir.

Pandemiyanın qlobal iqtisadiyyata vurdğu zərbələr əksər ölkələrdə insanların sosial həyatını çətinləşdirib, işsizlik, yoxsulluq artıb. Varlı ölkələr əhalinin itkilərini kompensasiya etməyə nail olsalar da, kiçik dövlətlər xarici yardımlardan faydalanmağa, yaxud virusa qarşı mübarizədə az itki ilə çıxmağı bacarmış ölkələrin təcrübəsindən yaralanmağa çalışırlar

Çünki bir neçə ölkədə epidemiyanın qarşısını ala biliblər. Artıq Çində, Cənubi Koreyada, Vyetnamda və bəzi Asiya ölkələrində “COVİD-19” xəstəliyinin yayılması dayandırılıb.

Vyetnam təcrübəsi

Bu sahədəən uğurlu təcrübələrin biri Vyetnam Sosialist Respublikasına məxusdur. ÜST Vyetnamı digər ölkələrə nümunə göstərib. Kommunist üsul-idarəçiliyinin hökm sürdüyü Vyetnamda koronavirus epidemiyasının qarşısı hakimiyyətin gördüyü sərt karantin tədbirləri və sosial səfərbərlik sayəsində alınıb.

ÜST-in Vyetnamdakı nümayəndəsi Kidun Park hesab edir ki, ölkənin böhrana xeyli erkən reaksiya verməsi uğurun başlıca amilidir.

“Vyetnam bu infeksiyaya erkən və qətiyyətli reaksiya verdi. Ölkə risklərin qiymətləndirilməsi ilə bağlı ilk araşdırmanı hələ yanvarın əvvəllərində, Çindən ilk yoluxma xəbərləri gələndən dərhal sonra apardı”, – o bildirib.

Elə həmin vaxt ölkədə baş nazirin müavininin rəhbərliyi ilə koronavirusun yayılmasına qarşı mübarizə üzrə Milli Komitə yaradılıb. Komitə dərhal fəaliyyət planını təqdim edib.

Vyetnam məktəbləri hələ yanvaran bağlanıb, martın 16-da isə ölkədə total karantin tətbiq edilib. Martın 25-dən bütün beynəlxalq aviareyslər dayandırılıb. 

Daxili reyslərin böyük əksəriyyəti, o cümlədən avtobus və qatar reysləri ləğv olunub. Aprelin 1-dən isə ölkəyə giriş-çıxış tamamilə dayandırılıb. Maska taxmaqdan imtina edərək başqasını yoluxduran şəxslərə qarşı 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Vyetnamın uğurunun səbəblərindən biri də onun vətəndaşlarının sosial səfərbərliyidir. Belə ki, baş nazir Nquen Suan Fuk ölkənin koronavirusa qarşı mübarizəsini Tetsk hücumu – 1968-ci ildə ABŞ-la müharibə zamanı kommunist qüvvələrin ilk genişmiqyaslı hücumu ilə müqayisə edib. Yaşlılar təsdiq edirlər ki, müharibədən bu yana ölkədə belə səfərbərlik və intizamın şahidi olmamışdılar.

Gürcüstan uğura necə nail olub?

Avropanın bir sıra ölkələri, eləcə də qonşu Gürcüstan və qardaş Türkiyədə xəstəliyin yayılma sürəti əhəmiyyətli dərəcədə azaldılıb.

Koronavirusun Cənubi Qafqaz ölkələrində yayılmasının və 4 avqust 2020-ci il tarixinə olan təsirlərinin statistik təhlili göstərir ki, hazırda bu sahədə ən yaxşı vəziyyət Gürcüstandadır.

2020-ci il avqustun 1-nə olan məlumata görə, Gürcüstan əhalisinin sayı təxminən 4 milyona yaxındır. Gürcüstandan sonra Azərbaycanın vəziyyəti yaxşı görsənir. Regionda ən pis vəziyyət Ermənistandadır.

Ermənistan hökuməti də ölkələrində koronavirusa yoluxanların sayının çox olmasını əhalinin karantin rejiminə əməl etməməsi ilə izah edir.

Azərbaycan xarici təcrübədən yaralanmaq üçün ilk addımları atıb. Türkiyə, Kuba, Çin, İtaliya, İspaniya, Vyetnam kimi ölkələrdən həkimlər dəvət olunaraq onların təcrübəsindən istifadə olunur.

Maraqlıdır, Azərbaycan koronavirusa qarşı mübarizədə nümunəvi ölkələrdən hansının təcrübəsindən necə yararlanmalıdır?

Müşfiq Hüseynov: “Pulsuz, işsiz, əsəbi vətəndaş heç bir immunitetə malik ola bilməz”

Həkim Müşfiq Hüseynov bildirir ki, nə qədər ağrılı olsa da, dünya pandemiyanın ikinci dalğasına hazırlaşır. Onun sözlərinə görə, dünyada yoluxma və ölümlərin sayı ilin sonuna kimi həndəsi silsilə ilə artacaq: “Bundan qaçış yoxdur. Bəs biz bu 5 ayda nə etdik? Karantin vacib idimi və hazırda bizim digər ölkələrlə fərqimiz nədir? “COVİD-19″-a qarşı mübarizə tək tibbi məsələ deyil. Məncə, bu ən az tibb qədər, həm də ictimai quruluş və mental problemdir”.

M.Müseynov qeyd edir ki, son aylarda dünyada pandemiyaya qarşı mübarizənin bir neçə yolu müşahidə olunur. O, ilk sıraya Çin təcrübəsini qoyur: “Bu, pandemiyanın başlandığı və böyük ehtimalla ən çox zərər görən ölkədir. Qapalı rejim olduğundan dəqiq məlumat gəlmədi. Amma işin ordu və güc strukturları səviyyəsində həll olunduğunu heç özləri də gizlətmədi. Küçəyə çıxanlar həbs edildi, evlərin girişinə əsgərlər nəzarət etdi, marketə gediş ancaq onlayn mümkün oldu və s. Çin ancaq güc vasitəsilə bunun öhdəsindən gələ bildi.

İkincisi, ABŞ təcrübəsi. ABŞ demokratik ölkə olduğundan, dövlət heç kimə nə etməli olduğunu deyə bilməzdi. Ancaq məsləhət verə bilərdi ki, elə bu yolla da getdilər. Nəticədə ABŞ artıq 2 aydır dünyada ən çox yoluxma və ölüm sayı ilə liderdir”.

Həkim karantin rejiminin ümumiyyətlə olmadığı İsveçdə yoluxan və ölənlərin sayının, karantin olan ölkələrdən çox olmamasına diqqət çəkir: “Çünki əhalinin mədəni və mental səviyyəsi yuxarıdır. Yaşlılar lazım olmadıqca küçəyə çıxmadı, çox adam maskada gəzdi, sosial məsafə karantinsiz belə bütün avropalılara xasdır”.

Mütəxəssis Tailand və Vyentnam kimu uzaq şərq ölkələrinin təcrübəsinə də toxunur. Qeyd edir ki, əhalinin 80-100 milyon olmasına baxmayaraq, 20 günlük tam qapanma və 10 günlük ciddi karantinlə problem həll olundu. Bu vaxt küçəyə çıxma yasağı da qoyulmuşdu.

M. Hüseynov yaxın qonşulardan Gürcüstan praktikasının uğurlu olmasına diqqət çəkir: “Bu ölkədə yoluxma sayı qonşulara nisbətən çox az oldu. Son 20 ildə demokratikləşən qoşularımız görünür, mental olaraq da avropalaşmağa başlayıblar. Digər qonşularımız və keçmiş sosialist lageri ölkələrdə isə aşağı- yuxarı eyni vəziyyətdir”.

Biz nə etməli idik? Nə edə bilərdik? Hansı ölkənin praktikasını tətbiqi daha uğurlu ola bilərdi? 

Mütəxəssis deyir ki, Azərbaycan konkret bir ölkənin təcrübəsinə istinad edə bilməzdi: “Biz Belarus kimi “heç nə olmamış” kimi davrana bilməzdik. Çünki Belarusda tibb sahəsi tam olaraq dövlət nəzarətindədir və müalicə pulsuzdur. Bizdə nə belə, nə də Avropadakı kimi sığorta sistemi var. Biz insanları Çindəki kimi hərbi güc hesabına çölə çıxmamağa da məcbur edə bilməzdik. Çünki biz çinli deyilik, qanuna əməl etməklə aramız yoxdur. Biz Tailand və Vyetnamdakı kimi ciddi rejimli tam qapanmaya da gedə bilməzdik. 2 günlük qapanmalarda gördük ki, heç kəs evdə oturmaq istəmir. Bu siyahını uzatmaq da olar, amma heç nə dəyişməyəcək.

Biz Azərbaycanda yaşayırıq. Burada mentalitet də, dövlət rejimi də fərqlidir. Başqa praktikalar burda işləyərdimi, bəlli deyil. Ona görə, ən yaxşı variant, ortalama mövqe sayılmalıdır. İlk 1 ayda izolyasiya, sonra isə həyatın öz axarına düşməsi, insanların özünü qoruması, sosial məsafə və gigiyenaya əməl etmək. Vəssalam! Karantini 5 ay uzatmaq praktikası dünyada yoxdur, ola da bilməz. Çünki buna iqtisadiyyat dözməz. Ona görə də Operativ Qərargahın qərarlarını məntiqi olan heç kim anlamır. Nə qədər gec deyil, bu yanlışı aradan qaldırmaq lazımdır. Ölkənin bütün sferalarında həyat normal axarına düşməli, insanlar özlərini qorumalıdır”.

İnsanlara müraciət edən həkim heç bir virusdan qaçış olmadığını deyir.

“Heç bir dərman sizin sığortanız deyil. Pulsuz, işsiz, əsəbi vətəndaş heç bir immunitetə malik ola bilməz. Qərar verənlər bütün ölkəni çox ciddi payız-qış təhdidi altında saxlayır. Bir daha düşünsünlər, çünki bunun altından heç kim qalxa bilməz”, – Müşfiq Hüseynov vurğulayıb.

Elçin

AzPolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151778

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930