Dubayda girov saxlanan azərbaycanlı qadınla bağlı rəsmi qurumlar açıqlama verdilər EKSKLÜZİV

17.09.2020 - 15:28

“Hər hansı bir vətəndaş ailə daxilində şiddətlə qarşılaşırsa, hüquq-mühafizə orqanlarına, vətəndaşlığı olan ölkənin diplomatik nümayəndəliyinə müraciət etməlidir. Xanım müraciət etməyibsə, bəlkə, əsasları var. Müraciət edibsə də, biz maraqlanırıq.”

Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Musavat.com-a azərbaycanlı keçmiş gimnast, beynəlxalq dərəcəli idman ustası olmuş Zeynəb Cavadlının Dubayda həyat yoldaşı ilə yaşadığı problemlə bağlı yaydığı videomüraciət haqqında danışarkən bildirib.

O deyib ki, keçmiş gimnastın durumu ilə maraqlansalar da, ictimaiyyətə bu barədə açıqlama vermək istəmirlər:

Leyla Abdullayeva

“Sosial şəbəkələr elədir ki, insanlar hər gördüyündən fərqli nəticələr çıxara bilir. Bu məsələyə Xarici İşlər Nazirliyi səviyyəsində açıqlama vermək üçün səbəb olmalıdır. Təsəvvür edin ki, ortada bir şey yoxdur, amma biz məsələni dövlətlərarası səviyyəyə qaldırıq. Bu, doğru addım olmaz. Bizim konsulluqlarımız var, davamlı əlaqə saxlayırıq. Elə şeylər var ki, demək olmur. Amma onu bilin ki, bu məsələ nəzarətimizdədir”.

Bəs Dubayda şeyx əri tərəfindən girov saxlandığı deyilən gimnast qızla Azərbaycan qadın hüquqları müdafiəçiləri və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri maraqlanırmı? Ona yardım etmək üçün Dubaya niyə getmirlər?

Musavat.com mövzu ilə bağlı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb.

Komitəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib ki, Zeynəb Cavadlı rəsmi olaraq onlara müraciət etməsə də, onun haqqında mediadan xəbər tutublar:

Aynur Veysəlova

“Bildirmək istərdik ki, qeyd etdiyiniz məsələ ilə bağlı xanım tərəfindən bizə rəsmi şəkildə müraciət daxil olmayıb. Lakin bu barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayımlanan məlumatlarla bağlı Komitə olaraq maraqlandıq və səfirliklə əlaqə saxlayaraq məlumat əldə etməyə çalışdıq. Səfirlikdən bildirildi ki, xanıma müvafiq dəstək göstərilir və yerli qanunlara uyğun olaraq məsələnin həlli istiqamətində iş gedir”.

Z. Cavadlının problemini nəzarətdə saxladıqlarını deyən Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin “Din və maarifçilik” Mərkəzinin rəhbəri Əntiqə Qurbanova bildirib ki, neçə gündür Zeynəbdən xəbər yoxdur:

Əntiqə Qurbanova

“Onun üçün narahatıq. Biz də Dubayda olan tanışlarımızla davamlı əlaqə saxlayırıq. Zeynəbi tanıyanlardan biri mənə dedi ki, Maktumun ailəsi çox güclüdür. Rəsmi qurumlar da onlara heç nə etmir. Maktum əvvəlki iki həyat yoldaşını boşayıb. İlk evliliyindən 6, ikincidən 2 övladı var. İlk evliliyindən olan uşaqlara da Zeynəb baxırmış. Hər iki keçmiş həyat yoldaşına yaxşı şərait qurub, lakin uşaqları onlara göstərmir. Zeynəb isə uşaqlarını vermək istəmir. Videomüraciət yaydıqdan sonra yoxa çıxıb. Onun üçün çox narahatıq. Daimi olaraq rəsmi qurumlarlarla əlaqə saxlayırıq. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı konsulluğu ilə əlaqə saxladım. Onlar bu məsələyə qarışa bilmir. İndi Ərəb Əmirliklərindəki konsulluğumuzla əlaqə qurmağa çalışırıq. Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq. Dedilər ki, iş nəzarətlərində olsa da, bu barədə ictimaiyyətə açıqlama vermək istəmirlər. Xarici İşlər Nazirliyi bizə şərait yaratsa, Dubaya gedərik. Zeynəbin vəziyyəti ilə yaxından tanış olarıq”.

Azərbaycan Respublikasının Dubaydakı Baş konsulunun I katibi Elnur Məmmədov Musavat.com-a bildirib ki, konsulluq daimi olaraq Zeynəb Cavadlı ilə əlaqə saxlayır:

“Zeynəb xanımın yoxa çıxması, valideynlərinin həbs olunması haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. Hər şey öz axarında gedir. Zeynəb xanımla əlaqə saxlaya bilmədiyini deyənlər yəqin onunla tanış deyillər və hansısa sosial şəbəkə üzərindən əlaqə qurmağa çalışırlar. Zeynəb xanım həyat yoldaşı ilə məsələni məhkəmə yolu ilə 2019-cu ilin noyabr ayında yoluna qoyub, onlar rəsmi olaraq boşanıblar. Uşaqlar da Zeynəb xanıma verilib. Hədələnmə, uşaqların oğurlanması mümkün deyil. Bura hüquqi dövlətdir. Kimsə kimsənin övladını oğurlaya bilməz. Zeynəb xanımın sözügedən videonu hansı səbəbdən yaydığını bilmirik. Özü bu barədə açıqlama versə, daha yaxşı olar”.

Qeyd edək ki, ərəb şeyxinə ərə gedən keçmiş gimnast videomüraciətdə bildirib ki, həyat yoldaşı Şeyx Səid Əl Maktumdan ayrılıb və ərinin qohumları tərəfindən hədələnir. Qadın iddia edib ki, bu şəxslər onun övladlarını oğurlamağa çalışırlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154439

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031