Aqiyə Naxçıvanlı : Zəfər günüdür! Zəfərin mübarək olsun, Azərbaycan!

07.11.2021 - 16:50

Aqiyə Naxçıvanlı : Zəfər günüdür! Zəfərin mübarək olsun, Azərbaycan!

8 noyabr Azərbaycanın Zəfər günüdür!
Beş kəlmədən ibarət sadə bir cümlə…
Lakin bu cümlənin hər kəlməsi, hər bir hərfi xalqımızın qan yaddaşına, dövlətimizin şanlı tarixinə minlərlə şəhidimizin qanı ilə yazıldı. Bu beş kəlmə Azərbaycan tarixində yeni bir eranın başlanğıcının açar sözləri oldu. Bu kəlmələr xalqımıza 30 ilə yaxın bir zaman kəsiyi ərzində düşmən tərəfindən oğurlanmış, təhqir olunmuş qürurunun geri qaytarıldığını müjdələdi. Azərbaycan torpaqları işğal altında olan dövlət statusunu qalib ölkə, qalib dövlət statusuna dəyişdi. Ölkəmiz təkcə öz torpaqlarını deyil, bütün Cənubi Qafqazı bəlkə də son iki yüz ildə bəşəriyyətin qarşılaşdığı, lakin düzgün qiymətləndirə bilmədiyi ən təhlükəli bəlalardan birindən – erməni faşizmindən xilas etdi.

Bu yolda biz çox qurbanlar verdik, çox məşəqqətlərdən keçdik. Azərbaycan öz haqqını dünyaya sübut edənə qədər ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş saysız-hesabsız terror və təxribatları, qırğın və qətliamları yaşamalı oldu. Dünya birliyi bu vəhşiliklərin qarşısını almaq, cinayətkarları cəzalandırmaq üçün heç bir addım atmadı. Əksinə, sərsəm erməni ideoloqlarının “böyük ermənistan” adlı uydurmaları sanki reallaşdırıla biləcək ideya kimi ortaya atıldı. Əzəli və əbədi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması məqsədilə qanlı oyunlara başlandı. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış siyasi destabillikdən və hərc-mərclikdən yararlanan Ermənistanın silahlı qüvvələri xarici havadarlarının dəstəyi ilə Azərbaycan ərazilərinin 20%-ni zəbt etdilər və 30 il işğal altında saxladılar. 30 il Azərbaycan nəticəsi olmayacaq məqsədsiz danışıqlara cəlb olundu, xalqımıza yalançı vədlər verildi.

Amma Azərbaycan nə bu vədlərə aldanmadı, nə də işğal faktı ilə barışmadı. Zamanı gəlib çatdıqda bütün dünya kimin kim olduğunu gördü, xalqımızın, dövlətimizin öz haqqını heç kimsədə qoymayacaq gücə-qüdrətə sahib olduğunun şahidi oldu.

8 noyabr Azərbaycanın Zəfər günüdür!

Bu beş kəlmə həm də ən yeni tariximizin 17 illik məqsədyönlü yaşanmış dövrünün möhtəşəm yekun nöqtəsi oldu. 2003-cü ildə ölkə rəhbərliyinə gələn Prezident İlham Əliyev bütün potensialını, bütün gücünü və bacarığını bir gün bizə bu kəlmələri deyə bilmək hüququnu vermək məqsədi uğrunda səfərbər etdi. Azərbaycan 2003-cü ildən hazırlıq dövrünə qədəm qoydu. Həmin dövrü yaşayarkən biz daha çox məhz dinamik iqtisadi inkişafın təzahürlərini görürdük. Həqiqətən də Azərbaycan bu illər ərzində böyük inkişaf yolu keçdi, böyük uğurlara imza atdı. Lakin biz hamımız gedən proseslərin yalnız üzdə olan hissəsini müşahidə edə bilirdik. Əslində isə bu 17 ildə ölkəmizin, dövlətimizin nailiyyətləri çox-çox daha böyük, daha möhtəşəm idi. İlk növbədə Azərbaycan özünün iqtisadi imkanlarından, mövcud resurslardan düzgün istifadə edərək güclü ordu yaratdı. Silahlı qüvvələrimiz ən müasir silah və texnika ilə təchiz olundu və dünyanın 50 ən güclü ordularından biri oldu. Bundan başqa Vətən müharibəsində tarixi Qələbəni əldə etmək üçün bütün bu illər ərzində həm ölkə daxilində həm də beynəlxalq müstəvidə böyük hazırlıq işləri həyata keçirildi. İlk növbədə əlbəttə ki, beynəlxalq müstəvidə uğur qazanmaq vacib idi. Məsələ bundadır ki, Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi Qarabağla bağlı, oradakı vəziyyətlə bağlı daim tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək Azərbaycan üçün başlıca vəzifə idi və Azərbaycan Prezidenti yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində buna nail oldu. Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində Azərbaycan sübut etdi ki, beynəlxalq hüquq bizim tərəfimizdədir və Qarabağ əzəli Azərbaycan torpağıdır. Dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür formalaşdı. İkitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurulmuş münasibətlər Azərbaycanın gücünü artırdı.

Nəhayət Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri də bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, milli həmrəyliyimiz, xalqın öz Prezidentinə olan sonsuz inamı və bu zəmində müharibənin ilk günlərindən müşahidə etdiyimiz böyük ruh yüksəkliyi oldu. Əlbəttə ki, 50 siyasi partiyanın Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşib, birgə dəstək bəyanatı imzalamaları möhtəşəm siyasi həmrəylik nümayişi idi. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu addım milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin əsil təcəssümü idi. Müharibədən əvvəlki dövrə təsadüf edən son bir neçə ay ərzində siyasi dialoqun bərqərar olunması, etibarlı münasibətlərin formalaşması və siyasi partiyaların fəaliyyətinə dövlət tərəfindən göstərilən dəstək məhz bu şəkildə öz nəticələrini göstərdi.

Beləliklə, bütün bu hazırlıq işləri uğurla başa çatdırıldı və 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan tərəfinin növbəti təxribatlarına cavab olaraq Azərbaycan Vətən müharibəsinə başladı. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun əsgər və zabitləri igidlik, qəhrəmanlıq salnaməsi yazdılar. Mühatibə dövründə hissələrimiz bicə dəfə olsun belə bir addım da geri çəkilmədilər. Azərbaycanın “Dəmir Yumruğ”u erməni faşizminin belini qırdı. Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsilə başa çatdı.

Məhz bu məqamda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətən müharibəsinin ilk günlərində xalqa müraciətindəki duyğusal sözlər yada düşür: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”. Bu müqəddəs dua və arzu 44 gün ərzində reallaşdı. Bir məqamı da xüsusilə vurğulamaq lazımdır ki, torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharıbədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, dünyaya səs salan möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının təşkili, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən qayğı, dağıdılmış dini, mədəni-tarixi abidələrimizin bərbası Birinci xanım Mehriban Əliyevanın tarixi Qələbəmizə verdiyi mislisiz töhfələrin bir hissəsidir.

Əlbəttə ki, bu gün bizim 44 günlük Vətən müharibəsi adlandırdığımız tarixi hadisənin mahiyyətini bütün təfsilatları ilə açmaq, bu 44 günün hər saatının, hər anının gərginliyini olduğu kimi təsvir etmək üçün hələ neçə-neçə mütəxəssislər – tarixçilər, siyasətçilər, diplomatlar, hərbi ekspertlər və başqaları uzun müddət ətraflı təhqiqatlar aparacaq, təhlillər edəcəklər. Lakin bir həqiqət danılmazdır ki, Şanlı Ordumuzun və əlbəttə ki, şəxsən Ali Baş Komandan cənab İlham Əliyevin bu 44 gün ərzində nümayiş etdirdikləri əzm və fədakarlıq, siyasi iradə və qəhrəmanlıq Azərbaycanı dünyaya XXI əsrdə öz ərazi bütövlüyünü təmin etmiş birinci dövlət olaraq tanıtdı. Azərbaycan erməni faşizmini məhv edərək Cənubi Qafqazda yeni reallıqlar yaratdı və bütün dünyanı bu reallıqları qəbul etmək məcburiyyətində qoydu.

Azərbaycanın Zəfər günüdür! Zəfərin mübarək olsun, Azərbaycan!

Aqiyə Naxçıvanlı,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168135

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31