Bu, Vətən müharibəsinin başlanmasında qığılcım idi – Ramaldanov

10.07.2021 - 11:36

 

Bu, Vətən müharibəsinin başlanmasında qığılcım idi - Ramaldanov

 

Tovuz döyüşlərinin 1 ili yaxınlaşır. Ötən il 12-16 iyul tarixlərində baş verən bu hadisələr Azərbaycanın taleyində ciddi dönüş nöqtəsi oldu.

Qaraqayada şəhid olan general Polad Həşimov Vətən müharibəsinin simvoluna çevrildi. Onun şəhid olması Azərbaycan Ordusunun müharibədə ciddi rəşadət göstərməsinə gətirib çıxardı. 4 günlük Tovuz savaşı tariximizə qızıl hərflərlə yazıldı. Məhz bu hadisələrin təsiri ilə II Qarabağ müharibəsinə başladıq və Vətən müharibəmizdə parlaq qələbə qazandıq. Bu döyüşlər Azərbaycanın işğaldakı torpaqlarla bağlı siyasətinin dəyişməsinə gətirib çıxardı.

Bir il keçməsinə baxmayaraq, hələ də ermənilərin həmin təxribatları ətrafında çoxlu sayda müzakirələr gedir, suallar yaranır.

Bəs niyə Ermənistan ötən ilin iyulunda Tovuza hücum etmişdi? Azərbaycanın fikrini Qarabağ savaşı başlatmasından yayındırmaq üçünmü? Yoxsa ortada başqa səbəblərmi var idi? Tovuz döyüşlərinin qələbə qazanmağımızda təsiri nə qədər oldu?

Polkovnik Şair Ramaldanov Musavat.com-a açıqlamasında zəfər qazanana kimi döyüşüz və ya döyüşlü keçirilən bütün mərhələlərin bizi bu qələbəyə doğru apardığını bildirib.

“Bizim yolumuz ilk növbədə haqq yolu idi. Daim ərazi bütövlüyümüzü azad etmək istəyində idik. Bütün tədbirlər də məhz buna yönəlirdi. Sadəcə Azərbaycan humanistlik göstərərək Minsk Qrupu və digər beynəlxalq qurumların, böyük dövlətlərin vədlərinin həyata keçməsini, atəşkəsin şərtlərini gözləyirdi. Münaqişənin başqa formada həllini istəyirdik. Amma gördük ki, bu mümkün deyil. Necə həll etdik, sadalamağa gərək yoxdur. Tovuz hadisələrini məhz bu zəfərə bağlamalıyıq. Bilirsiniz ki, bu hadisələrdən sonra Tonoyan Azərbaycanın digər əraziləri hesabına ərazilərimizi genişləndirə bilərik dedi. Son zamanlar isə silahlanırdılar. Dünyanın müxtəlif yerlərindən erməniləri, hətta başqa xalqlardan ailəli, ailəsiz adamları işğal etdikləri ərazilərə yerləşdirirdilər. Azərbaycan gedən proseslər barədə yetərli qədər məlumatlı idi. Sadəcə hər şey açıqlanmırdı. Artıq ölkəmizə məlum idi ki, ermənilər işğalçılıq niyyətlərindən əl çəkməyəcək. Tovuz istiqaməti elə-belə seçilməmişdi. Amma Azərbaycan onlara nəyə qadir olduqlarını göstərdi. Səbir kasası gec-tez dolur. 2016-cı ilin aprel hadisələrini də burada xatırlatmaq yerinə düşərdi.

Təkcə Tovuz hadisələri ilə kifayətlənmək olmaz. Bilirsiniz ki, o zaman əməliyyatlarımız çox qısa çəkmiş və Moskvada müəyyən təzyiqlərlə bu əməliyyatlar dayandırılmışdı. Ondan sonra cənab prezidentin mükəmməl bir kəlamı var idi. Deyirdi ki, əgər Azərbaycan və Ermənistanı təkbətək qoysalar, ordumuz qısa zamanda işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Paşinyanın hakimiyyətə gəlişindən sonra proseslər daha sürətlə cərəyan etdi. Bilirsiniz ki, cənab prezident ”hücum diplomatiyası” elan etmişdi. Bu diplomatiyanın hədəfi bütün beynəlxalq aləmdən Azərbaycan əgər Ermənistanın növbəti təxribatına antiterror, hücum əməliyyatı ilə cavab verməli olsa, o zaman oluna biləcək təzyiqləri minimuma endirmək idi. Türkiyə və Pakistan kimi ölkələrin yanımızda olmaları tərəzidə müəyyən dəyişikliklərə səbəb oldu. Qoşulmama Hərəkatının biz tərəfin mövqeyindən çıxış etməsi, beynəlxalq aləmdən gələn bəzi məsələlərə veto qoyması məhz Azərbaycana imkan verdi ki, 44 gün ərzində öz sözünü desin”.

Polkovnik erməniləri idarə edən qüvvələrin düşmənin diqqətini Tovuz istiqamətinə yönəltdiyinə də işarə edib:

“Erməniləri bu addımı atmağa məcbur etmişdilər. Tovuz hadisələri bizim üçün bir növ səbrimizin sonu idi. Artıq dünya da ermənilərin bu hərəkətlərindən bezmişdi. Biz iyul hadisələrində yumruğumuzu göstərdik ki, ermənilər, siz bunun cavabını alacaqsınız. Zamanla beynəlxalq aləmin Azərbaycana dəyişən mövqeyi 44 gündə parlaq qələbəmizdə mühüm rol oynayan amillərdən oldu. Tovuz döyüşləri bizə bir siqnal oldu ki, torpaqlarımızı azadetmə zamanıdır. Cənab prezident yaxşı bir söz dedi ki, mən bilirəm nəyi nə zaman, haçan etmək lazımdır. Döyüşlərdən sonra hər birimiz çox yaxşı gördük ki, zaman necə düzgün təyin edilib. Biz hər zaman Ali Baş Komandanın verəcəyi əmri gözləyirdik, buna tam hazır idik. Ona görə də heç kəs deyə bilməz ki, iyul hadisələrindən sonra nəyəsə hazırlaşmağa başladıq. Həmişə hazır idik, sadəcə düzgün zaman seçmək lazım idi. Onu da cənab prezident seçdi”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu döyüşləri müharibənin birinci mərhələsi sayır:

“Nikol Paşinyan hakimiyyətə gələndən sonra Qarabağ istiqamətində vəziyyətin nə qədər gərgin olduğunu görünür anlamırdı. Şuşaya daimi səfərlər, müdafiə nazirinin yenidən Azərbaycan ərazilərini işğal edə bilərik kimi sayıqlamaları, qondarma rejimin mərkəzinin Şuşaya köçürülməsi istəyi, üstəgəl də Tovuzdakı təxribat hər an müharibəyə başlamağa şərait yaradırdı. Bununla Azərbaycanı durdura biləcəklərini, hansısa mesajlar verəcəklərini zənn edirdilər. Halbuki, Tovuz hadisələrindən öncə də bildirmişdik ki, danışıqlar nəticə vermir, qəti qərar verməliyik. Ötən ilki yazılarıma baxıram. Proqnozlaşdırmışdım ki, Tovuz döyüşlərindən sonra genişmiqyaslı müharibəyə başlamaq məcburiyyətində qalacağıq. Başqa alternativimizin olmadığını söyləmişdim. Elə də oldu. Tovuzda biz şəhid verdik, amma ermənilər də çoxlu itkilər verdilər. Aydın idi ki, bu müharibənin birinci mərhələsi sayıla bilərdi. Artıq tam əmin idim ki, müharibə bir neçə aydan sonra başlayacaq. Tovuz hadisələri müharibənin başlanmasında bir qığılcım rolunu oynadı. Orada rəşadət göstərdik, qəhrəmanlarımız oldu, Polad Həşimovun simasında. Bu çox vacib idi. Çünki qəhrəmanlarımızın sayı artırdı. Biz Mübariz İbrahimovdan örnək götürdük. Polad Həşimov bizim üçün mübarizə simvoluna çevrildi. Bundan sonra proses dayana bilməzdi, mexanizm yaranmışdı. Bunu dayandırmaq olmazdı. Xatırlayırsınızsa, Tovuz döyüşləri günlərində insanlar küçələrə çıxıb dövlətdən müharibəyə başlamağı tələb etdilər. Bu da hakimiyyətə bir mesaj idi ki, dayanmaq olmaz, irəli getməliyik. Elə də oldu, ermənilərə elə bir cavab verdik ki, torpaqlarımızın böyük qismini azad etdik. Amma hələ də işğal altında qalan torpaqlarımız var, düşmənin ağlı hələ də özünə gəlməyib. Yenə də atəşkəs müəyyən hissələrdə pozulur. Ağdam, Tovuzun özündə sonuncu dəfə bunun şahidi olduq. Demək, bunlara hələ dərs olmayıb. Onlara yenidən dərs vermək məcburiyyətindəyik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164995

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930