“Rusiya mina xəritələrini Ermənistandan alıb Azərbaycana versin” – təklif

14.01.2021 - 10:21

Hərbi ekspertlə politoloqdan şimal qonşumuza çağırış: “Minalar qaldıqca, infrastruktur layihələrinin həyata keçirilməsi də ləngiyir”

Atəşkəs razılaşmasından sonra da işğaldan azad edilmiş ərazilərdə partlayış səsləri kəsilmir. İşğalın ağır mirası – minalar can alır. Qarabağda olan hərbçilərimizlə yanaşı, 30 il öz ev-eşiyinin, doğma torpağının həsrətində olan vətəndaşlar da ora tələsir, minaların qurbanı olurlar. Son belə hadisə Qubadlıda qeydə alınıb.

Azərbaycan Ordusunun zabiti, tabor komandiri rayon ərazisində minaya düşüb.  Bu barədə deputat Qənirə Paşayeva facebook hesabında məlumat yayıb. O bildirib ki, Qubadlı istiqamətində Azərbaycan Ordusunun tabor komandiri mayor Sərxan Muxtarov mina partlayışı nəticəsində həlak olub. Milli Məclisin komitə sədri Qənirə Paşayeva bununla bağlı zabitin ailəsinə başsağlığı da verib: “Nur içində yatsın. Vətən üçün yaşayanlar və həyatını fəda edənlər heç zaman unudulmur!” – deyə deputat qeyd edib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik – ANAMA 2021-ci il 9-12 yanvar tarixlərində cəbhəboyu ərazilərdə keçirilmiş təcili təxirəsalınmaz əməliyyatlar barədə məlumat yayıb.

“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, agentliyə Ağcabədi, Ağdam, Daşkəsən, Füzuli, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Yevlax rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102″ Xidməti-Zəng mərkəzi sistemindən – 14 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2  müraciət daxil olub. 16 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 44 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 126 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd bombacıq, 6 ədəd piyada əleyhinə mina, 47 ədəd tank əleyhinə mina, 19 ədəd tank əleyhinə mina partladıcısı, 10 min 752 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd PKA silahı və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Agentliyin partlayış qrupu tərəfindən 112 ədəd partlamamış hərbi sursat (PHS) və 602 ədəd mina zərərsizləşdirilib.

Yəqin ki, Rusiya Ermənistandan Qarabağdakı mina sahələrinin formulyarlarını  alıb...”

Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 84 min 165 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Atəşkəs haqda razılıqdan sonra Qarabağa Türkiyə Quru Qoşunlarının Xüsusi Təyinatlı Mina Təmizləmə (ÖMAT) bölmələrinin 136 hərbi qulluqçusu gəlib. Azərbaycan Ordusuna dəstək məqsədilə bölgəyə göndərilən Türkiyə hərbi mütəxəssisləri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə minatəmizləmə təlimi keçməkdə davam edir. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını da davam etdirirlər.

“Qəhrəman Azərbaycan Ordusunun 44 gündə böyük zəfər qazandığı Qarabağda mina təmizləmə işləri davam edir. Ermənistan ordusunun qurduğu minalar ərazilərini işğaldan azad edən Azərbaycan Ordusu tərəfindən təmizlənir,” – Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilib.

Azərbaycan mina problemini necə çözməlidir? Rusiya üzərindən Ermənistandan minalanmış ərazilərin xəritəsini almaq mümkün deyilmi?

Hərbi ekspert Şair Ramaldanovla politoloq Elçin Mirzəbəylinin bu məsələdə fikirləri üst-üstə düşür. Deyirlər ki, Rusiyanın dəstəyi olsa, tez bir zamanda mina xəritələri Ermənistandan alınar və minazərərsizləşdirmə işləri qat-qat sürətlə həyata keçirilər.

Şair Ramaldanov: Azərbaycan Ordusu döyüş əməliyyatlarında yüksək dəqiqlikli  müasir hərbi texnologiyadan geniş istifadə edir - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

Şair Ramaldanov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Ermənistan mina sahələrinin xəritələrini Azərbaycana verməlidir. Hərbi ekspert vurğulayıb ki, mina sahələri döşəyən Ermənistan silahlı qüvvələridir. Onların özləri üçün də bu vacib addım ola bilər: “Minalar qaldıqca, infrastruktur layihələrinin həyata keçirilməsi də ləngiyir. Ermənistan mina sahələrinin xəritəsini təqdim etməklə prosesi sürətləndirə bilərlər. Əgər erməni tərəf mina xəritələrini versə, o əraziləri qısa müddətdə təmizləyə bilərik. Rusiya tərəfi vasitəsilə Ermənistandan mina sahələrinin xəritələri əldə edilsə, Azərbaycanın işğaldan azad edilən əraziləri tez bir zamanda minalardan təmizlənə bilər”.

ANAMA rəhbərliyi indiki işçi sayına görə mina sahələrinin təmizlənməsini nəzərdə tutaraq açıqlama verib ki, 10-15 il zaman lazımdır. Hərbi ekspert hesab edir ki, ANAMA-nın ştat sayını artıraraq, yeni texniki vasitələr alınmaqla da prosesin tezləşdirilməsi mümkündür: “Bu gün Azərbaycan torpaqlarını işğaldan azad edib. Ona görə də əlavə işçilərə və texnikaya ehtiyac var”.

Hərbi ekspert maraqlı təkliflə çıxış edib.  Deyib ki, Ermənistan tərəfi Azərbaycan torpaqlarında dəhşətli vandalizm hərəkətləri həyata keçirib, yaşayış məskənləri, tarixi abidələri, şəhərləri dağıdıb: “Heç şübhəsiz ki, buna görə Ermənistan tərəfi çoxmilyardlıq təzminat ödəməli olacaq. Həmin vəsaitlərdən güzəştə getməklə qarşı tərəfdən mina sahələrinin xəritələrini almaq olar”.

Hərbi ekspert əsir düşən hərbçilərlə mina xəritələrinin  dəyişdirilməsinin də mümkün variantlardan biri kimi nəzərdən keçirilə biləcəyini də vurğulayıb.

Mirzəbəyli: “İraq ordusu sadəcə Kərküklə kifayətlənməyəcək”

Politoloq Elçin Mirzəbəyli düşünür ki, Ermənistan xoşluqla mina xəritələrini Azərbaycana verməyəcək: “Zəmanətçi dövlətin, yaxud dövlətlərin iştirakı ilə bu xəritələri əldə etmək mümkündür. Rusiya hərbçilərinin belə bir imkanı var. İrəvan Moskvanın sözündən çıxmağa cürət eləməz”.

Politoloq vurğulayıb ki, piyadalar əleyhinə minaların istehsalı, tətbiqi, ötürülməsi və ehtiyat kimi saxlanılması Ottava konvensiyası ilə qadağan olunur. Bundan başqa, piyadalar əleyhinə minalarla bağlı Brüssel bəyannaməsi, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleysının 51/45 S saylı qətnaməsində də belə konvensiyaya qoşulan və qoşulmayan dövlətlərə piyadalar əleyhinə minalardan istifadə etməmək çağırışları yer alır: “Bununla bağlı piyadalar əleyhinə minaların tətbiqi həm beynəlxalq humanitar hüququn, həm də ”Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında” cinah sazişinin prinsiplərinə ziddir. Ottava konvensiyasına əsasən, bu və ya digər dövlət yurisdiksiyası və ya nəzarəti altında olan ərazilərdə piyadalar əleyhinə minaları zərərsizləşdirməyə borcludur. Yəni Azərbaycan torpaqları Ordumuzun qələbəsinədək Ermənistan silahlı birləşmələrinin nəzarətində olduğu üçün onlar da bu ərazilərdəki piyadalar əleyhinə minaları zərərsizləşdirməlidilər. Amma göründüyü kimi, bunu etməyiblər. Burada bir məqamı da qeyd etmək lazımdır ki, işğaldan azad edilən ərazilərimizdə piyadalar əleyhinə minalarla yanaşı, nəqliyyat əleyhinə minalar da var. Belə minalar da nəqliyyat vasitələri ilə hərəkət edən mülki vətəndaşlarımızın ölümünə səbəb olur. Amma təəssüf ki, bəşəriyyət nə hüquqi müstəvidə, nə də təcrübədə problemin həllinə nail olmayıb”.

Azərbaycanın işğaldan azad edilən ərazilərində saysız-hesabsız minanın olması ehtimalı var. Hər ötən gün daha çox gözdən itən, torpağın üst qatında cücərən ot-alafın altında qalan minalar ölüm daşıyıcısı olaraq tapdanacaqları günü gözləyir. Ermənistan silahlı qüvvələri geri çəkildikcə arsenallarında olan piyada, tank, nəqliyyat vasitəsi əleyhinə minaları hara gəldi basdırıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159764

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930