Vəkil Bakının Avropa Məhkəməsinə göndərdiyi məhkəmə iddiasından danışdı

20.01.2021 - 10:32

Əsabəli Mustafayev: “Mümkündür ki, Avropa Məhkəməsi Azərbaycan dövlətinin müraciətinə prioritet qaydada, yaxın 2-3 ilin ərzində baxacaq”

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşlarımızın hüquq və azadlıqlarının pozulmasına dair dövlətlərarası ərizə hazırlanaraq 2021-ci il yanvarın 15-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilib.

Ərizənin hazırlanmasına beynəlxalq hüquq aləmində tanınmış ekspertlər və Azərbaycanın aparıcı hüquqşünasları cəlb olunublar. Ərizədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonunun Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğalı nəticəsində Azərbaycan vətəndaşlarının yaşamaq hüququnun, şəxsi və ailə həyatına hörmət və dini etiqad azadlıqlarının, işgəncəyə və pis rəftara məruz qalmamaq, mülkiyyət və sərbəst hərəkət hüquqlarının pozulması məsələləri qaldırılır, həmçinin Azərbaycanın 3890 vətəndaşının itkin düşməsi və Ermənistanın bu şəxslərin aqibətinin araşdırılması üçün hər hansı tədbir görməməsi barədə dəlillər irəli sürülür. Bununla yanaşı, 2020-ci ilin iyul ayında Ermənistanın silahlı qüvvələrinin Tovuz istiqamətində hərbi təxribatı nəticəsində Azərbaycan vətəndaşlarının İnsan Hüquqları üzrə Avropa Konvensiyası ilə qorunan hüquqlarının pozulmasına dair faktlar da ərizədə öz əksini tapıb.

Azərbaycanın şanlı Qələbəsi ilə nəticələnmiş 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin ölkəmizin dinc sakinlərinə qarşı qeyri-insani, beynəlxalq humanitar hüquqa, xüsusən Cenevrə Konvensiyalarına zidd olan əməlləri, hərbi əməliyyatlar zonasından uzaq məsafədə yerləşən şəhər və kəndlərin, mülki infrastrukturun kasetli və fosforlu mərmilər, uzaqmənzilli ballistik raketlər ilə atəşə tutması, bunun nəticəsində 93 şəxsin, o cümlədən 12 uşağın və 28 qadının həlak olması, 423 şəxsin, o cümlədən 51 uşağın və 104 qadının yaralanması, Gəncə şəhərində çoxmənzilli 10 bina daxil olmaqla 264 evin tamamilə dağıdılması, 9294 fərdi evə və digər əmlaklara ziyan vurulması barədə sübutlar təqdim edilərək İnsan Hüquqları üzrə Avropa Konvensiyanın pozulması əsaslandırılır.

Ərizədə həmçinin Ermənistanın işğal etdiyi ərazilərdə külli miqdarda mina basdırması, şəhər və kəndlərimizi yerlə yeksan etməsi, habelə işğaldan azad edilmiş ərazilərimizə 2020-ci il 10 noyabr tarixli kapitulyasıya aktından sonra qanunsuz silahlı birləşmələr göndərməsi səbəbindən Azərbaycan Respublikası vətəndaşlarının öz evlərinə qayıtmaq hüququndan məhrum edildiyi vurğulanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilmiş sənəddə vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası üçün Ermənistandan zəruri tədbirlərin görülməsi tələb olunur.

Əsabəli Mustafayev: Hökumət kompensasiya işini siyasiləşdirdi

Əsabəli Mustafayev

Avropa İnsan Hüquqları Məhkəməsində yüzdən çox şikayəti müdafiə edərək qalib olmuş tanınmış vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a deyib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində zərərçəkmiş vətəndaşlarımızın hüquq və azadlıqlarının pozulması göz önündədir: “Əvvəllər biz fərdi qaydada vətəndaşların adından Avropa Məhkəməsinə müraciət edirdik. İndi isə dövlət müraciət edib. Əlbəttə ki, vəkillərə baxanda dövlətin resursları böyükdür. İşə beynəlxalq ekpertlərin cəlb olunması belə işlərdə olduqca vacibdir. Zərərçəkmişləri təmsil edən ekspertlərin belə işlərdə böyük çəkisi var. Onlara inam daha böyükdür. Avropa Məhkəməsində işləyən beynəlxalq ekspertlərin cəlb olunması çox yaxşı haldır. Belə ekspertlərin xidmətləri çox bahalıdır. Sübutlar isə göz qabağındadır. Beynəlxalq hüquq müdafiə təşkilatlarının da hesabatları var. ”Amnesty İnternational” və “Human Rights Watch”un hesabatları var. Hər iki təşkilatın nümayəndələri araşdırmaq aparmaqla hesabat hazırlayıblar. Bu təşkilatların rəyinə, hesabatına diqqətlə yanışılır. Əminəm ki, məhkəmə onların rəylərini mütləq nəzərə alacaq”.

Əsabəli Mustafayev deyir ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan vətəndaşları öz doğma yurd yerlərindən qovulanda, qaçqın və köçkün düşəndə sənəd və sübutlar toplaya bilməmişdilər. İndi isə durum fərqlidir: “Bu gün əldə sənəd və sübutlar var. İlk gündən ermənilərin törətdikləri müharibə cinayətləri sənədləşdirilib. Bu işlə Azərbaycan Baş Prokurorluğu məşğul olub. Ekspertizalar təyin olunaraq keçirilib. Bu baxımdan sübutetmə çox rahat olacaq və müvafiq kompensasiyanın təyin edilməsi qaçılmazdır”.

Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl  yoxdur” Ayna.az

Əsabəli Mustafayev belə işlər üzrə məhkəmə araşdırmalarının uzun illər davam etdiyini də vurğuladı: “Bu gün Avropa Məhkəməsinin Azərbaycan dövlətinin təqdim etdiyi şikayətə hansı müddət ərzində baxacağını söyləmək çətindir. Beynəlxalq ekspertlər nail olsalar ki, bu məsələlərə prioritet qaydada baxılsın, 2-3 il ərzində qərar əldə etmək mümkün olardı. Belə bir qərar digər dövlətlər üçün də dərs olardı. İşğalçılıq siyasəti həyata keçirməzdilər. Dəymiş zərərin əvəzinin tam şəkildə alınması və sübut olunmasında heç bir probelm olmayacaq”.

Əsabəli Mustafayev deyir ki, dövlətin bu işi üzərinə götürməsi evləri dağılmış vətəndaşların vəziyyətinə də təsir edəcək: “Əgər bu işi dövlət üzərinə götürməsəydi, Avropa Məhkəməsi qərar verib kompensasiya təyin edənə qədər erməni təcavüzü nəticəsində evləri dağılmış, yaralanmış, xəsarət almış vətəndaşlar gözləməli olacaqdılar. Dövlət evlərin bərpa olunmasını və digər xərclərin qarşılanmasını öz üzərinə götürüb və gələcəkdə kompensasiyaları dövlət tələb edəcək. Əminəm ki, dövlətin çəkdiyi xərclər geri qaytarılacaq”.

Əsabəli Mustafayev dövlətlərin oxşar şikayətlərinin Avropa Məhkəməsinə daxil olduğunu deyib: “Ukrayna Krım və Donbasda baş verənlərlə bağlı, Gürcüstan belə müraciətlər edib. Amma Azərbaycanın müraciəti bir qədər fərqlidir. Mümkündür ki, Avropa Məhkəməsi Azərbaycan dövlətinin müraciətinə prioritet qaydada, yaxın 2-3 ilin ərzində baxacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160075

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031