Media İnkişaf Agentliyi ölkəni Eritreyaya oxşadır: yeni qanun qul mətbuatı yaradacaq…

09.07.2021 - 11:45

Hər il Azərbaycanın adı yalnız bir seqmentdə Afrikanın ərəb ölkəsi olan Eritreya ilə qoşa addımlayır. Başqa heç bir sahədə bizi onlarla şərik edən fakt yoxdur. Bilirsinizmi Eritreya adlı dövlət haradadır, nə üçün Azərbaycanla onu hər dəfə eyni siyahıya salırlar?
Biz deyək, sizə agah olsun ki, Afrikada yerləşən bu ərəb dövləti hər il müxtəlif beynəlxalq təşkilatların, o cümlədən son olaraq “Sərhədsiz reportyor”ların siyahısında “mətbuatın düşmənləri” olaraq ilk cərgədə yer alır.
Lakin bizi bu Afrika dövlətinin taleyi qətiyyən maraqlandırmır, ürəkağrıdan faciə ondadır ki, siyahıda Azərbaycan da var. Görün mətbuatın azad olmamasına görə bizi hər il hansı ölkələrlə bir sıraya qoyurlar.
Anaxeber.info bildirir ki, gündən-günə mətbuatın olan-qalan azadlığının da əlindən alınması üçün yollar axtarılır.
Media İnkişaf Agentliyi bu siyasətdə aparıcı rol oynayır. Nəticədə xarici təşkilatlar bizi Eritreya, Türkmənistanla bir siyahıda göstərirlər.
MİA mediada açılıma getmək, tənqidin boğulmasına deyil, daha da sərtləşməsinə şərait yaratmaq əvəzinə təşkilatların bəyanatlarını quru sözlə qərəzli adlandırıb yenə öz bildiyini edir.
Halbuki, Azərbaycanda çap mediası sıradan çıxıb, üstündə ağlayanı yoxdur, qəzetlər hökumətin əlinə baxır, köşklərdə alıcısı belə yoxdur, total senzura tətbiq olunub, hansısa qəzet məqaləsində siyasi hakimiyyətin sərt tənqidinə rast gələ bilməzsiniz. Ən yaxşı halda səhiyyə və təhsildən malalanmış, nala-mıxa şikayətlənməyi görmək olar.
Əvəzində isə qəzetlərə ayrılan pullar bir çox baş redaktorları varlandırıb, oliqarx məmura çevirib. Onlar bahalı maşınlarda gəzir, lüks şəraitləri, evləri var. Qəzetlərdə çalışan müxbirlərin isə azadlıqları əllərindən alınmağı azmış kimi, qəpik-quruş qonorara yazırlar.
Ölkədə bahalaşma gedir, iki dəfə devalvasiya olub, benzinin, qazın, işığın, bazarların qiyməti qalxıb, hələ də 20 il əvvəl olduğu kimi bir səhifə qəzet məqaləsinin qonorarı cəmi 10 manatdır.
Yəni heç bir kilo ətin pulu (11, 20  1 kq ət – müəllif) eləmir. Beləliklə, kiçik riyazi fakt göstərməklə deyə bilərik ki, çap mətbuatının “fatihəsi” çoxdan oxunub. Nə azadlıqları var, nə normal gəlirləri…
İndisə növbə onlayn mediaya çatıb. Bir qədər müstəqilləşmiş elektron mətbuat da artıq kağız mediasının aqibətini yaşamağa başlamaqdadır.
Onları ələbaxımlı etmək üçün Media İnkişaf Agentliyi maliyyə ayırdı, gözüqıpıq, başıqapazlı elədi. Ancaq bu da son deyil. MİA vahid jurnalist vəsiqəsi sisteminə hazırlaşır. Yəni bu vəsiqəyə sahiblənməyənlər belə anlama gəlir ki, jurnalist sayılmayacaqlar.
Niyə jurnalist hansısa qurumdan asılı olmalıdır? Əgər vahid vəsiqə veriləcəksə, onda vahid forma da versələr pis olmaz. Qoy jurnalistlə məktəblilər, ya da dəmiryolçular kimi uniformada olsunlar.
Anaxeber.info bildirir ki, bütün bunlar isə “Media qanunu” adı altında həyata keçiriləcək. Artıq sosial şəbəkələrə, sosial mediaya “qanuni” yollarla tələ qurur, yeni “Media qanunu” adı altında onu boğmağın “hüquqi” əsaslarını hazırlanır.
Artıq “Media haqqında” qanun layihəsi hazırlanıb. Qanunun layihəsinin adına diqqət yetirin: “Media haqqında”. Niyə Kütləvi İnformasiya Vasitələri haqqında yox, məhz “Media haqqında”?
Çünki Kütləvi İnformasiya Vasitələrinin qanunluq halı qalmayıb, taqətdən düşüb. Görüntü üçün qalanlar da bir şeyə yaramır. Olmayan bir şey haqqında qanuna nə ehtiyac var?
Bundan əlavə, hökumət yeni qanun layihəsində vahid mərkəzdən vəsiqə verdiyi jurnalistlərə güzəştli kreditlər və digər sosial güzəştlər vəd edir. Sanki bankdır, müştəriyə təkliflər irəli sürür.
MİA mətbuata tamamilə özü qulu kimi baxır. Onun yanaşmasında azad jurnalistika, fikir və ifadə azadlığı cəfəngiyatdır, yəni jurnalist nökərimdir, nə deyirəmsə, elə də olmalıdır.
Bu məhdudlaşdırıcı addımlarla, azadlıqları boğan, buxovlayan qanun layihələriylə, saytları, qəzetləri ələbaxımlığa, gözükölgəliyə öyrəşdirməklə hansı mətbu islahatlardan danışmaq olar?
Əvvəla dövlətdən güzəştli kredit alıb asılılığa düşən jurnalist hökumətin fəaliyyətinə ictimai nəzarət funksiyasını necə yerinə yetirəcək? Vahid vəsiqə daşıyan jurnalist zəncirlənmiş qul kimi necə müstəqil araşdırma apara, tənqid yaza bilər?
Yeni hazırlanan “Media haqqında” qanunun məqsəd və məramı da sosial medianı qanunvericiliklə tənzimləmək, statuslarında tənqid yazanları hüquqi müstəvidə cəzalandırmaq niyyəti güdür. Artıq sosial mediada – facebook, YouTube və digər platformalarda söylədiyi fikirlərə görə sıxma-boğma ediləcək.
Yəni yeni layihədə internet mediasına nəzarət və sosial şəbəkə aktivistlərini məsuliyyətə cəlb etməyin yolları nəzərdə tutulur.
O zaman sosial şəbəkəni məhdudlaşdırmasına görə ayrıca tənqidlər eşidiləcək, adımız beynəlxalq təşkilatların siyahısında başda gələcək.
Anaxeber.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164950

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2021
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031