Qalib xalqımıza qürur, şəhidlərimizə ehtiram, düşmənə göz dağı

02.10.2021 - 12:17

Bir neçə gün əvvəl– sentyabrın 27- də Bakı şəhərində Vətən müharibəsi za­manı Azərbaycanın ərazi bütövlüyü uğ­runda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüz soydaşlarımı­za ehtiram əlaməti olaraq başda Prezident, Ali Baş Komandan İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla təşkil edilmiş yürüşün şahidi olan hər kəs qürur, iftixar hissi keçirdi. Həm dövlət başçısının, həm də birinci xanımın, eləcə də, yürüşün digər iştirakçılarının əllərində şəhidlərimizin hər birinin foto­larından ibarət plakatlar aparmaları Vətən uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımıza göstərilən ehtiramın ən ali zirvəsi idi.

Yürüşdə Prezident, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə yanaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı Qarnizonunda yerləşən hərbi hissələrin 3000 nəfərdən çox kur­sant və hərbi qulluqçusu da iştirak edirdi. Bu yürüş bir daha təsdiqlədi ki, Azərbaycana, onun xalqına layiqli övlad olmağa, daim Vətənin keşiyində cəsarətlə dayanmağa and içən gənc kursant və hərbçilər ərazi bütövlüyümüz uğrunda şəhid olan soydaşlarımızı dərin ehtiramla anır, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun tarixi zəfərini şərəflə qeyd edirlər. Bu yürüş qalib xalqımızı qürurlandırdı, şəhidlərimizə ehtiram, düşmənə isə göz dağı oldu.

Xatırladım ki, 44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Onlar heç vaxt unudulmayacaq və həyat durduqca yaşayacaqlar.

Vətən müharibəsində nümayiş olu­nan milli birlik, qazanılan tarixi qələbə Azərbaycan gənclərində, ümumiyyətlə, hər bir soydaşımızda torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha nümayiş etdirdi. Xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. “Dəmir yumruq” hərbi əməliyyatı zamanı ordu­muz düşmənin 30 ilə yaxın müddətdə qurduğu istehkamları, müdafiə xətlərini qəhrəmancasına yararaq hər gün irəlilədi və Ermənistan ordusu haqqın­da uydurulmuş mifi darmadağın etdi. Bütün bu uğurların əsası ulu öndər Heydər Əliyev tərəfindən düzgün müəyyənləşdirilmiş siyasi strategiya­nın və bu gün möhtərəm Prezidenti­miz İlham Əliyev tərəfindən layiqincə davam etdirilən siyasu kursun bariz nümunəsidir.

Ümummilli lider Heydər Əliyevin üzaqgörənlik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı , siya­si, iqtisadi və mədəni müstəqilliyinin möhkəmləndirilməsi, tərəqqi üçün sağlam bünövrə yaratması bu gün özünü bütün sahələrdə açıq şəkildə büruzə verir. Son 18 ildə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarıb. Ölkəmiz artıq Cənubi Qafqazın lider dövlətidir və onun razılığı olmadan hər hansı iri infratstruktur layihənin reallaşdırılması qeyri- mümkündür.

Ulu öndərin Prezident İlham Əliyev haqqında 18 il əvvəl dediyi “Mən ona özüm qədər inanıram” sözləri hazırkı reallıqlar konteksində öz əksini tapıb. Bu illər ərzində həyata keçirilən uğurlu siyasət, ulu öndərin siyasi və mənəvi irsinin təsiri altında formalaşmış Azərbaycan gəncliyinin Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, şanlı tarix yazması və vətənpərvərlik örnəyinə çevrilməsi dünya ictimaiyyəti tərəfindən də etiraf olunur. Dövlət başçımızın tarixdə ən güclü Azərbaycan dövlətini qurması, bu kontekstdə ölkəmizin 2003-cü ildən indiyədək əldə etdiyi böyük uğurların pik nöqtəsi ötən il noyabrın 10-da işğalçı Ermənistanı diz çökdürməsi və kapitulyasiya aktını imzalatdırması oldu. 44 günlük Vətən müharibəsində tarixi qələbəmizi şərtləndirən əsas amilər güclü lider, güclü iqtisadiyyat, müzəffər ordu, gündən-günə yüksələn beynlxalq nüfuz, milli həmrəylik və tarixi həqiqətlərin sübutu oldu. Prezi­dent, Ali Baş Komandanın rəhbirliyi ilə yenilməz ordumuz Azərbaycan tarixinə yeni şanlı səhifə yazdı.

Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə müstəsna fəaliyyəti xalqı qələbəyə addım- ad­dım yaxınlaşdırdı. İlk gündən dövlət başçısının milli vəhdət yaratmaq , xalqı səfərbər etmək qabiliyyəti, xalqı “dəmir yumruq” kimi birləşdirmək əzmi onu Azərbaycan xalqının müzəffər sərkərdəsi zirvəsinə ucaltdı. Xalq öz liderinə – Ali Baş Komandanına inandı, güvəndi və onun ətrafında sıx birləşərək milli həmrəylik nümayiş etdirdi.

Ötən il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı geniş­miqyaslı təxribatlara başladığı zaman Azərbaycanda fəaliyyət göstərən si­yasi partiyalardan 50-si birgə bəyanat yayaraq, ölkə başçısının ətrafında sıx birləşdiklərini və Prezidentin siyasi kursunu dəstəklədiklərini bəyan etdilər. Həmin bəyanatdan bir məqamı diqqətə çatdırmaq istərdim: “Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiya­lar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyü­nün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alın­ması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir!”.

44 gün davam edən Vətən müharibəsi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində qələbə ilə başa çatdı. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya, təslim olmağa məcbur edildi, ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları Üçtərəfli Bəyanatla düşmənin rəsmən təslim olması təsdiqləndi.

Bu tarixi qələbə, eyni zaman­da, haqq-ədalətin bərpa olunması zərurətindən yarandı. Tarixi fakt­lar da təsdiqləyir ki, Ermənistanın Azərbaycana qarşı düşmənçilik siyasəti 200 ildən çox idi ki, davam edirdi. Söz yox ki, düşmənlərimiz həmin siyasəti bu gün də davam etdirirlər. Ancaq məğlub dövlət kimi. Bütün dünya şahid oldu ki, işğalçı Ermənistan ordusu Silahlı Qüvvələrimiz qarşısında diz çökdü. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev müharibə davam edən müddətdə dünyanın 30- dan çox aparıcı kütləvi informasi­ya vasitələrinə müsahibələr verdi və Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi barədə fikirlər səsləndirdi. Bu, həm də informasiya cəbhəsində dövlət başçımızn qazandığı mühüm qələbə idi.

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – hələ çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı olan Qarabağa köçürüldükləri vaxtdan baş­layıb və bu günə qədər davam edir. Bu müddət ərzində onlar faşistlərdən də betər qəddarlıq nümayiş etdirmiş, azərbaycanlılara qarşı dəhşətli soy­qırımları törətmişlər. Tarixi faktlar da təsdiqləyir ki, erməni qəsbkarları Ru­siya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımı­zı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi amansızlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçı­vanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları doğma ata-baba yurdlarından zorla qovulmuş, onla­ra ağlagəlməz işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi yandırıla­raq yerlə-yeksan edilmişdir.

Azərbaycanlıların öz tarixi torpaq­larından qovulması sovet dövründə də davam etdirilmişdir. Xarici hava­darlarına və kommunist rəhbərliyinə arxalanan erməni faşistləri 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlını silah gücünə didərgin salmışlar. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, eləcə də, erməni ideoloqlarının “böyük Ermənistan” dövləti yaratmaq kimi sərsəm ideyasını reallaşdırmaq cəhdləri kəndlərin, şəhərlərin dağı­dılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Dünyada analoqu olmayan Xocalı faciəsi hər bir soydaşımız üçün sağalmaz yaraya çevrilib.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqı­rımı həyata keçirmiş və Azərbaycana məxsus bu rayonu yerlə-yeksan etmişlər. Bütün bunlar dünya birliyinin gözü qarşısında baş vermişdir. Dün­yada baş alıb gedən ikili standartlar və islamofobiya bu faciələrin getdikcə da­vam etməsinə şərait yaratdı. Ermənilər bundan istifadə edərək daha da həyasızlaşdı və terror aktlarını, işğalçı siyasətini davam etdirdi. Halbuki, dün­yanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurası 1993- cü ildə Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən qeyd- şərtsiz çıxması barədə dörd qətnamə qəbul etmişdi. Beynəlxalq təşkilatların siyasi riyakarlığı nəticəsində həmin qətnamələr 27 il kağız üzərində qaldı və icra olunmadı.

Dünyanın ən güclü dövlətlərinin, o cümlədən münaqişənin nizam­lanmasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun 30 ilə yaxın müddətdə nizamlaya bilmədikləri münaqişəni Azərbaycan öz gücü ilə 44 gün ərzində həll etdi. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yolu­na qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdir­di və düşməni diz çökdürdü, dünyanın ən güclü ordularından biri olduğunu döyüş meydanında sübut etdi.

Möhtərəm Prezidentimiz BMT Baş Assambleyasının 76-cı sessi­yasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrdəki çıxışında, həmçinin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçen­koya, Türkiyənin Anadolu Agentliyinə və Fransanın “France-24” televizi­ya kanalına müsahibələrində qəti mövqeyini bildirdi və dedi ki, artıq Cənubi Qafqazda və Qarabağda yeni reallıqlar yaranıb. Ermənistan və beynəlxalq təşkilatlar bu reallıq­ları qəbul etməlidirlər. Ermənistanın yeganə çıxış yolu sülh müqailəsi ilə razılaşmaqdır.

Akif SAQİYEV,

 Şirvan Bələdiyyəsi Beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsinin müdiri

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167258

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031