Zelenskinin Bakıya zənginin pərdəarxası

25.09.2020 - 10:49

Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı durmadan artır. Dağlıq Qarabağ və digər milli məsələlərimizdə haqq işimizi müdafiə edənlər getdikcə çoxalmaqdadır. Son olaraq, sentyabrın 22-də Ukrayna prezidenti Vladimir Zelenskinin azərbaycanlı həmkarı prezident İlham Əliyevə etdiyi telefon zəngi bunu bir daha göstərdi.

Söhbət əsnasında Ukrayna rəhbəri zəngindən bir həftə öncə təsdiqlədiyi “Ukraynanın milli təhlükəsizlik strategiyası haqqında” sənədə toxunaraq, ölkəmizə dəstəyini bir daha ifadə edib. O bildirib ki, ölkəsinin yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan strateji tərəfdaş kimi göstərilib.

Dövlət başçımız öz növbəsində qeyd edib ki, Azərbaycan üçün də Ukrayna strateji tərəfdaşdır.

Zelenskinin sentyabrın 21-də cəbhənin Tovuz istiqamətində ermənilərin təxribatı nəticəsində hərbiçimiz Elşən Məmmədovun şəhidlik zirvəsinə ucalmasından bir gün sonra Azərbaycan prezidentinə etdiyi zəngi təsadüfi saymayanlar çoxdur. Bu zəng iyul ayında yenə də düşmənin təxribatı nəticəsində baş verən Tovuz döyüşləri zamanı rəsmi Kiyevin Azərbaycana verdiyi dəstəyin davamı kimi qiymətləndirilir. Ukraynanın bir dövlət kimi böyüklüyünə də xüsusi diqqət ayrılır və hətta bu ölkə əhalisinə görə qardaş Türkiyə ilə müqayisə olunur. Belə dövlətlərin ölkəmizə dəstəyinin önəmi xüsusilə vurğulanır.

 

Elçin Mirzəbəyli: “İstənilən yenilik prosesə dinamika gətirir”

Elçin Mirzəbəyli: “Burada zamanlamadan daha önəmli olan məqamlar var ki…”

Politoloq Elçin Mirzəbəyli Zelenskinin zəngini jest kimi dəyərləndirir: “Ukrayna prezidentinin zənginin zamanlama etibarilə təsadüfi olub-olmadığı barədə dəqiq fikir söyləmək çox çətindir. Amma son vaxtlar verilən mesajların zamanlama və jestlərin dili ilə çatdırıldığını nəzərə alsaq, Vladimir Zelenskinin zəngini məqamında edilən jest kimi də dəyərləndirmək mümkündür. Digər tərəfdən, qənaətimə görə, burada zamanlamadan daha önəmli olan məqamlar var ki, bu da Ukraynanın Azərbaycana açıq və birmənalı dəstəyinin ifadə olunmasıdır. Ukrayna xalqı bizə çox yaxın xalqdır və xalqlarımızın bir-birinə böyük sevgisi, sayğısı var. Bu qarşılıqlı münasibətlərin sabit platforma üzərindən inkişafı baxımından çox əhəmiyyətlidir. Azərbaycan və Ukrayna bir-birilərini bütün beynəlxalq platformalarda, həm də çox səmimi olaraq dəstəkləyirlər. Ukraynanın yeni Milli Təhlükəsizlik Strategiyasında qeyd olunur ki, ”öz milli maraqlarını qorumaq və Ukraynanın regional təhlükəsizliyini gücləndirmək üçün Azərbaycan Respublikası, Gürcüstan, Litva Respublikası, Polşa Respublikası, Türkiyə Respublikası ilə strateji tərəfdaşlıq inkişaf etdirilməlidir”. Diqqət yetirsəniz, adları sadalanan dövlətlərin də Azərbaycanla münasibətləri çox yaxşıdır. Türkiyə qardaş dövlətdir, strateji müttəfiqimizdir. Gürcüstan da həmçinin dost ölkədir və strateji tərəfdaşımızdır. Litva və Polşa ilə də çox isti münasibətlərimiz var. Düşünürəm ki, adları çəkilən dövlətlər gələcəkdə GUAM formatında, yaxud daha geniş əməkdaşlıq imkanları verən başqa bir platformada bir araya gələ bilərlər. Bunun üçün yetərincə əsaslar var”.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris  olunmalıdır”

Elxan Şahinoğlu: “Zelenski Azərbaycana ən çox dəyər verən dövlət başçılarından biridir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Zelenskinin Azərbaycana böyük dəyər verdiyini söylədi: “Ukraynanın strateji konsepsiyasına Azərbaycanın strateji tərəfdaş kimi salınması çox önəmlidir. Bununla rəsmi Kiyev göstərir ki, ölkəmizlə strateji əlaqələri inkişaf etdirməyə hazırdır. Sadəcə, Ukrayna istiqamətini biz diqqətə almalıyıq, yəni bunu ön plana çıxarmalıyıq. Necə ki, bizim rəsmilər ilk səfərlərini Türkiyəyə edirlər, sonra da Rusiyanı seçirlər. Şimal qonşumuz aydın məsələdir, böyük dövlətdir, işğalçı Ermənistana dəstək verir. Amma Ukrayna istiqaməti unudulmamalıdır. Əgər xarici işlər nazirimiz səfər kimi ikinci olaraq Rusiyanı seçirdisə, parlamentin sədri Ukraynanı seçə bilərdi. Şimal qonşumuza hər zaman səfər etmək olar. Üçüncü səfəri Rusiyaya etmək olardı. Ukrayna istiqaməti çox önəmlidir. Üçtərəfli format gündəmdədir, Ukrayna, Azərbaycan və Türkiyə formatının inkişafı. Bunu inkişaf etdirmək imkanları var. Türkiyənin müdafiə naziri Hulusi Akar bu məqsədlə yaxınlarda Kiyevə səfər etmişdi. Birgə hərbi texnikanın inkişafı vacibdir. Biz də bu istiqamətdə ciddi fəaliyyət göstərə, Ukrayna ilə əməkdaşlığı genişləndirə bilərik. Ukrayna sovet dövrünün hərbi sənaye kompleksləri ilə məşhurdur. Yəni hansı istiqamətdən baxsaq, Ukrayna ilə strateji əlaqələri davam etdirmək Azərbaycan üçün vacibdir. Bu ölkə Azərbaycan üçün Avropaya açılan pəncərə rolunu oynaya bilər. Zelenski ölkəsində müəyyən tənqidlərə məruz qalsa da, deyim ki, Ukrayna prezidentləri arasında Azərbaycana ən çox dəyər verən dövlət başçılarından biridir. Təsadüfi deyil ki, Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana səfər edib. Bununla göstərib ki, Azərbaycan Cənubi Qafqazda Ukrayna üçün daha vacib tərəfdaşdır. Biz də bu istiqamətdə addımlarımızı atıb, Ukrayna ilə əlaqələri inkişaf etdirməliyik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154853

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930