İşğaldan azad edilən ərazilərdə bərpa işləri necə aparılacaq – ekspertlərdən təkliflər

01.10.2020 - 10:51

Politoloq İlqar Vəlizadə: “İlk növbədə qaçqın və məcburi köçkünlərimizi qaytarmaq üçün infrastruktur yaradılmalıdır”

Təcavüzkar Ermənistan ordusunun Azərbaycana qarşı hərbi təxribatları nəticəsində bir neçə gündür ki, cəbhə bölgəsində şiddətli döyüşlər gedir. Döyüşlər nəticəsində 7 kəndimiz və bir neçə strateji yüksəkliyimiz erməni işğalından azad olunub. Müharibə davam edir, hərbçilərimiz digər rayonlarımızı da geri almaq niyyətindədir. İşğal altında olan ərazilərin geri qaytarılması isə bir çox sualları da aktuallaşdırıb.

Torpaqlar azad edilsə, orada bərpa işləri necə aparılacaq? 

Beynəlxalq təcrübəyə əsaslansaq, müharibədən sonra ölkələr bu vəziyyətdən necə çıxıblar? “Yeni Müsavat”ın əməkdaşı bu və digər suallarla bağlı ekspertlərdən mövqe öyrənib.

Politoloq İlqar Vəlizadə bildirib ki, bu gün şiddətli döyüşlər getsə də, sabahı fikirləşmək lazımdır: “İşğaldan azad edilən ərazilərin bərpası ilə bağlı plan var. Əslində bu plan Azərbaycan tərəfindən çoxdan hazırlanıb. İlk olaraq qaçqın və məcburi köçkünlərin köçürülməsi ilə bağlı tədbirlər görülməlidir. Ümid edirəm, üzümüzə gələn həftələrdə işğal olunmuş torpaqlarımız geri qaytarılacaq. Hazırda yaşayış məntəqələrimiz – Füzuli, Cəbrayıl, Ağdam və digər rayonlarda infrastruktur dağıdılıb. Hətta şiddətli döyüşlər də göstərir ki, bu infrastrukturu bərpa etmək lazımdır. İlk növbədə qaçqın və məcburi köçkünlərimizi qaytarmaq üçün infrastruktur yaradılmalıdır. Cocuq Mərcanlı təcrübəsi göstərir ki, ilk olaraq evlər salınmalı, sosial infrastruktur yaradılmalıdır.  Əlbəttə, düşünürəm ki, bu prosesdə ilk əvvəl Azərbaycanla yanaşı, bizə dost olan ölkələr, xüsusilə də Türkiyə yardım göstərə bilər.

İlqar Vəlizadə: “Türkiyə milli maraqlarını təmin etmiş olacaq”

Çünki Türkiyənin bu sahədə – Suriyanın kürdlərdən azad olunmuş ərazilərinin bərpasında təcrübəsi var. Beynəlxalq təsisatlar da burada yardım göstərə bilər. Azərbaycan uzun illərdir müxtəlif beynəlxalq təsisatlarla işlər qurub, xüsusilə Avropa Yenidən Qurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur Bankı kimi təşkilatlarla sıx əməkdaşlıq ola bilər. Onlarla birgə xüsusi layihələr hazırlana bilər, uzunmüddətli kreditlər götürmək olar. Digər tərəfdən, Azərbaycan İslam Həmrəylik Təşkilatının da fəal üzvüdür. İslam Həmrəylik Təşkilatı daxilində xüsusi qurumlar var, hansı ki, bu işlərlə bilavasitə məşğul olurlar. Bu qurumlarla da sıx əməkdaşlıq etmək olar. Yeri gəlmişkən, İslam Həmrəylik Təşkilatının Azərbaycanın xeyrinə bir neçə mühüm qətnamələri var. Bu qətnamələrin olması bizə imkan yaradır ki, həmin təşkilatın potensialından burada yararlanaq. Bizə yardımçı olan təşkilatlar və ölkələr də var. Təki torpaqlarımız azad olunsun, biz bu bərpa işlərinə tezliklə başlayaq”.

İqtisadçı-ekspert Elman Sadıqov valyuta ehtiyatlarının artım səbəblərini  şərh edib - BBN.az

İqtisadçı Elman Sadıqov: “Kəlbəcərdə müalicəvi turizm, Ağdamda aqrar sektor, Cəbrayıl, Füzuli, Zəngilanda bağçılıq və heyvandarlıq təsərrüfatları yaratmaq olar”

İqtisadçı Elman Sadıqov isə qeyd edib ki, işğal olunmuş ərazilərdə ilk növbədə infrastruktur layihələri həyata keçiriləcək: “Birinci növbədə, əlbəttə, yolların çəkilməsi, ora köçən əhali üçün məktəblərin, bağçaların, xəstəxanaların və digər obyektlərin açılması lazım olacaq. Daha sonra orada mağazalar, restoranlar salınacaq. Amma bundan sonrakı mərhələdə hər bir rayon və ya region üzrə strateji inkişaf planı hazırlanacaq. Həmin plana əsasən, rayon hansı istiqamətdə daha çox inkişaf edəcəksə, o məsələyə baxılacaq. Məsələn, ola bilər ki, rayon turizm üçün daha uyğundur, bu zaman orada kurort yerləri yaratmaq olar. Məsələn, Xorvatiyanın təcrübəsinə baxsaq, bu ölkə 1992-ci ildə müharibədən sonrakı dövrdə öz strateji planını hazırladı, burada daha çox müalicəvi suların tanıdılması, turizmin inkişafı məsələlərinə baxıldı. Əgər Kəlbəcəri işğaldan azad etsək, orada da müalicəvi, termal sular var, bu təcrübədən yararlanmaq olar. Ağdamda kənd təsərrüfatını inkişaf etdirmək olar. Məsələn, Cəbrayıl, Füzuli, Zəngilan istiqaməti daha çox dağlıq zonadır, orada bağçılıq, heyvandarlıq təsərrüfatı istiqamətində layihələr həyata keçirmək mümkündür. Ümumiyyətlə, həmin zona Azərbaycanın ”qaymaq” zonalarından biridir. Necə ki, Şəki-Zaqatala, Quba-Qusar zonası həm kənd təsərrüfatı üçün, həm də turizm üçün yararlıdır. Əlavə olaraq, Kəlbəcərdə termal suların, bulaqların, qızıl yatağının mövcud olması onu göstərir ki, bu rayon üçün tamamilə başqa plan mövcud olacaq. Ağdam və Füzuli üçün isə nisbətən başqa. Önəmli olan məsələlər bunlardı, əlbəttə, həmin zonaları inkişaf etdirərkən xarici investorları da cəlb edəcəyik. Türkiyə investorları böyük məmnuniyyətlə orada yatırımlar edərlər. Xüsusilə xidmət sahələri – hotelçilik, restoran biznesi və digər bu kimi sahələr, eləcə də kənd təsərrüfatı üzrə bir sıra layihələr həyata keçirilə bilər. Onu da nəzərə almalıyıq ki, Ağdam, Füzuli, Cəbrayılda həm tütünçülük, həm taxılçılıq, həm də heyvandarlıq istiqaməti üzrə inkişaf layihələri həyata keçirmək mümkündür. Ümumiyyətlə, düşünürəm ki, biz ora ayrıca bir zona kimi baxmamalıyıq. Yəni həmin zonanın iqtisadi inkişafının özü Azərbaycanın da iqtisadi inkişafına təkan verəcək. Məsələn, orada olan iqtisadi infrastruktur layihələrinin həyata keçirilməsi zamanı iş yerləri açılacaq, tikintilər həyata keçiriləcək. Tikinti materiallarının satışı genişlənəcək. Yəni ora sərf olunan pulların multiplikasiya effekti Azərbaycanın digər rayonlarına və Bakıya, o cümlədən büdcə daxilolmalarına da müsbət töhfəsini verəcək”.

İqtisadçı bu sahədə dünya təcrübəsinə də toxunub: “Hər bir ölkənin, regionun özünəməxsus spesifik xüsusiyyətləri var. Hər ərazinin də özünəməxsus iqlim xüsusiyyətləri, relyefi, iqtisadi inkişaf meylləri var. Kəlbəcərdə həm termal su yataqları, həm də müalicəvi turizmin inkişafı üçün çox böyük layihələr həyata keçirilə bilər. Məsələn, biz Kəlbəcəri ikinci Naftalana, hətta ondan daha məşhur bir kurort zonasına çevirə bilərik. Necə ki, Xorvatiyada, Çexiyada belə zonalar var. Məsələn, mən daha çox cənubi Asiya ölkələrini araşdrmışam. Yaponiya, Koreya, Çin uzun müddət müharibə və çətinliklərdən keçən dövlətlər olublar. Dünya ölkələrinin təcrübəsinə nəzər salsaq görərik ki, müharibədən sonra bərpa daha sürətlə gedir, nəinki müharibə olmayan şəhərlərdə”. Ekspert bildirdi ki, təki torpaqlarımız alınsın, bu sahədə ölkəmizin strateji layihələri hazırlanacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155181

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930