Azərbaycan hasilat sənayesində benefisiar sahibliyi açıqlamağa hazırlaşır

26.07.2020 - 18:28

Müasir dünyada iqtisadiyyatın bütün sahələrində şəffaflaşma getdikcə böyük aktuallıq kəsb etməkdədir. Xüsusilə dünyanın əksər bölgələrində terrorun yayılması, qanunsuz silahlı birləşmələrin fəaliyyətinin insanlara böyük zərər vurması, eyni zamanda bir çox ölkələrdə hakimiyyətdə olan qüvvələrin korrupsiyalaşması nəticəsində əhalinin iqtisadi vəziyyətinin pisləşməsi qlobal səviyyədə maliyyə axınlarında şəffaflığın təmin olunmasını zərurətə çevirir. Buna görədir ki, son illərdə dünyanın inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar iqtisadi fəaliyyətlərin, maliyyə axınlarının şəffaflığının təmin olunması yolu ilə korrupsiya imkanlarının aradan qaldırılması məsələlərini böyük önəm verirlər. Bunun üçün müxtəlif səviyyələrdə təşəbbüslər irəli sürülür və dünya səviyyəsində icrasına nail olunur.

Bu təşəbbüslərdən biri Mədən Sənayesində Şəffaflıq Beynəlxalq Təşəbbüsüdür (EITI). Təşəbbüs təbii sərvətlərlə zəngin olan ölkələrdə çalışan şirkətlərlə hökumətlərin fəaliyyətinə ictimaiyyətin nəzarətinin təmin olunması yolu ilə şəffaflığa nail olunması məqsədi daşıyır. Son illərdə Təşəbbüsün əhatə dairəsi, standartları getdikcə genişləndirilir. Hasilat sənayesin çalışan şirkətlərin, hökumətlərin əməkdaşlığına nəzarətin daha da gücləndirilməsi, yerli hökumətlərin təbii sərvətlərdən qanunsuz yollarla bəhrələnməsinin qarşısını almaq üçün EITI-ın hesabatlılıq standartları getdikcə daha da genişləndirilir.

Azərbaycan bu Təşəbbüsə qoşulan ilk ölkələrdən biri olaraq, 2017-ci ilədək prosesin fəal iştirakçısı olub. 2017-ci ildən etibarən Təşəbbüsü tərk etsə də, ölkə prezidentinin sərəncamı ilə onun Azərbaycanda icrası bir qədər fərqli formatda, amma beynəlxalq EITI-ın hesabatlılıq standartlarına uyğun davam etdirilməkdədir.
Yuxarıda da qeyd etdik ki, EITI-ın hesabatlılıq standartları getdikcə sərtləşdirilir. Bu baxımdan, 2020-ci ilin yanvarından icrası məcburi xarakter alan benefisiar sahibliyin açıqlanması standartı diqqəti cəlb edir. Bu standarta əsasən Təşəbbüsü icra edən ölkələrdə hasilat şirkətləri(həm özəl, həm də dövlət) onların fəaliyyətindən birbaşa və dolayı yollarla bəhrələnən, gəlir əldə edən bütün fiziki şəxslərin adlarını açıqlamalıdılar.

Azərbaycan EITI-i tərk edənədək Təşəbbüs çərçivəsində benefisiar sahibliyin açıqlanması işlərinə hazırlıqla bağlı prosesləri tam olaraq icra edirdi.

Azərbaycanda EITI-ın icrası prosesinə ictimai nəzarəti təmin edən Koalisiyanın üzvü, iqtisadçı-alim Azər Mehtiyevin dediyinə görə, hökumət, şirkətlər və vətəndaş cəmiyyətinin təmsil olunduğu Çoxtərəfli Qrup tərəfindən benefisiar sahibliyin açıqlanmasına hazırlıqla bağlı bir sıra işlər görülüb: “Çoxtərəfli qrup tərəfindən 2016-cı ilin dekabrında “Benefisiar sahibliyin açıqlanmasına dair Azərbaycanın Yol Xəritəsi” təsdiqlənib.

Sənəddə benefisiar sahibliyin açıqlanması istiqamətində həyata keçiriləcək tədbirlər əksini tapmışdı.

Bu tədbirlərdən birincisi benefisiar sahibliyin açıqlanması üçün tələb olunan hüquqi islahatların müəyyənləşməsini əhatə edirdi. Eyni zamanda bu proses üçün institusional çərçivə, «benefisiar sahiblik» anlayışının dəqiq tərifi, siyasi nüfuz sahiblərinin hesabat öhdəlikləri, açıqlanmalı məlumatların detallılıq səviyyəsi, benefisiar sahibliklə bağlı məlumatların toplanması və açıqlığı, müxtəlif tərəflərin təqdim etdikləri məlumatın dəqiqliyinin təmin olunması, həmçinin təqdim olunan məlumatların yenilənməsi və biliklərin artırılması kimi fəaliyyətlər nəzərdə tutulurdu”.

2017-ci ilin aprelində Prezident İlham Əliyev tərəfindən imzalanan “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən, ölkənin hasilat sənayesində hesabatlılıq prosesi davam etdirilir. Proses çərçivəsində benefisiar sahibliklə bağlı 2016-cı ildə Çoxtərəfli qrup tərəfindən hazırlanaraq qəbul edilmiş Yol Xəritəsini tətbiqinə hazırlıq işləri də həyata keçirilib. Belə ki, Dövlət Neft Fondu və Maliyyə Nazirliyinin sifarişi, Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə “BDO Azərbaycan” MMC (BDO) Böyük Britaniyanın “Engaged Consulting Limited” və “Michael Barron Consulting Ltd” şirkətlərinin məsləhətçiliyi ilə “Azərbaycanda Benefisiar Sahibliyin Açıqlanmasına dair Yol Xəritəsinin tətbiqinə (BSYX) dəstək layihəsi”nin icrasına başlanılıb. Hasilat sənayesində fokuslaşan layihə 2018-ci ilin mayı-2019-cu ilin dekabrını əhatə edib.

Layihə çərçivəsində 3 dəfə hesabat açıqlanıb.

Hasilat Sənayesində Şəffaflıq Komissiyasının İnternet saytında açıqlanan məlumatda qeyd olunur ki, benefisiar sahiblik nəticə etibarilə şirkətin sahibi və şirkətdən və ya kommersiya fəaliyyətindən maliyyə şəklində fayda əldə edən şəxslərə işarə edir:

“Benefisiar sahibliyin açıqlanmasının vahid qlobal standartı yoxdur. Mümkün olan müxtəlif təfərrüatlı təriflər var və bu layihə Azərbaycan üçün münasib tərifin işlənib hazırlanmasını ehtiva edir. Benefisiar sahibliyin açıqlanması ictimaiyyətə şirkətin sahibini və ya kommersiya fəaliyyətindən faydalanan şəxsi müəyyən etməyə imkan verir. Bu, Azərbaycana investisiya qoyan və ya burada hasilat sənayesi sahəsində müqavilə imzalayan şirkətlərdə inam və etibarın çoxalmasına xidmət etməklə biznes fəaliyyətini asanlaşdırır. Əlavə olaraq, bu, hökumətə nəticə etibarilə kimin nə qədər gəlir əldə etdiyini izləməyə, vergi, rüsum və digər ödənişlərin toplanmasından əmin olmağa imkan verir. Həmçinin bu, Azərbaycanın hasilat sənayesində şəffaflığa və yaxşı idarə olunmasına töhfə verəcək”.

Hökumət Komissiyası bildirir ki, layihə Azərbaycanın hasilat sənayesində benefisiar sahibliyin razılaşdırılmış tərifini, məlumatın toplanması, yoxlanılması və yayılması üçün tövsiyə olunan mexanizmləri (o cümlədən, qeydiyyata alınmalı olan şirkətlərin sayından və tələb olunacaq məlumatlarını yeniləmə periodundan asılı olaraq mümkün elektron həlli yolları) və benefisiar sahibliyin açıqlanmasının asanlaşdırılması üçün qanunvericilik layihəsini təqdim edəcək.

Hansı şirkətlərin benefisiar sahiblik məlumatı hesabatı verməli olacağına gəlincə, hazırda hesabat vermə öhdəlikləri olan şirkətlər barədə qərar verilmiş olmasa da, gözlənilir ki, aşağıdakı fəaliyyətlərdən bir və ya bir neçəsi ilə məşğul olan şirkətləri əhatə edəcək:

“Kəşfiyyat lisenziyası üçün müraciət və kəşfiyyat fəaliyyəti; Neft, qaz və ya mineral resursların işlənməsi və hasilatı, ixracı; Neft, qaz və mineral hasilatı sahəsində dövlətin paylarının alınması və bu və ya əlaqəli kommersiya fəaliyyətlərindən hər hansı birinin həyata keçirilməsi məqsədilə bir-biri ilə ortaq razılaşma”.

Qeyd olunur ki, şəffaflığı inkişaf etdirmək və ictimai açıqlamanı rəhbər prinsip kimi tətbiq etməklə benefisiar sahiblik məlumatına çıxışın həddi layihə ərzində müvafiq maraqlı tərəflər arasında razılaşdırılacaq və icra edilən və qəbul ediləcək qanunvericilikdə öz əksini tapacaq mexanizmlərin bir hissəsi olacaq. Layihə ekspertləri ümid edirlər ki, açıqlanan məlumatlar onlayn formada mövcud olacaq.

Lakin açıqlama, sırf kommersiya sirlərini və ya əmlak məlumatlarını əhatə etməyəcək:

“Benefisiar sahiblərin və ya onların ailələrinin təhlükəsizliyinə xələl gətirə biləcək məlumatın mühafizəsi üçün – onların yaşayış ünvanları kimi məlumatların qorunması üçün addımlar da atılacaq”.

Yuxarıda da qeyd etdik ki, Hasilat Sənayesində Şəffaflıq üzrə komissiyanın yaradılmasına dair Prezident sərəncamında hesabatlılığın Beynəlxalq EİTİ standartlarına uyğun həyata keçirilməsi tapşırılıb.

Beynəlxalq EİTİ standartlarına əsasən, 2020-ci ilin yanvarından benefisiar sahibliyin açıqlanması məcburi hesabatlılıq standartı hesab olunur. Azərbaycanda bu istiqamətdə görülən işlər hansı mərhələdədir? Benefisiar sahibliyin açıqlanması prinsipi tətbiq olunacaqmı? Bununla bağlı HSŞ üzrə Dövlət Komissiyasına rəhbərlik edən Dövlət Neft Fondundan sorğumuza verilən cavabda qeyd olunur ki, Komissiya Fərmandan irəli gələn tapşırıqların icrası istiqamətində fəaliyyətini təşkil ediv, öz hesabatlılığında beynəlxalq şəffaflıq standartı olan MHŞT Standartının tələblərini əsas götürüb:

“MHŞT Standartının tələblərindən biri də hasilat sənayesində fəaliyyət göstərən, sərmayə yatıran və ya satınalmalarda iştirak edən hüquqi şəxslərin, o cümlədən onların benefisiar sahiblərinin ictimaiyyət üçün açıq reyestrinin aparılmasıdır. Bununla əlaqədar ilkin olaraq MHŞT Standartının tələblərinə əsasən hələ Azərbaycan MHŞT üzvü olduğu dövrdə bütün maraqlı tərəflərin (hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin, vətəndaş cəmiyyətinin və aidiyyatı dövlət qurumlarının) iştirakı ilə “Azərbaycanın mədən sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair Yol Xəritəsi” (bundan sonra – Yol Xəritəsi) hazırlanmışdır. Yol xəritəsinin icrası üçün 2017-ci ildə cəlb edilmiş Asiya İnkişaf Bankının (AİB) maliyyə və texniki dəstəyi ilə həyata keçirilən bu layihə üçün AİB yerli və xarici məsləhətçiləri cəlb etmişdir və hazırda aidiyyatı dövlət qurumları ilə müvafiq məsləhətləşmələr həyata keçirilir”.

Onu da bildirək ki, 2017-ci il üzrə hasilat sənayesində şəffaflıq hesabatına vətəndaş cəmiyyəti nümayəndələrinin verdiyi rəydə növbəti hesabatlarda benefisiar sahibliyin açıqlanması tövsiyə olunub.

2018-ci il üzrə hesabatda Komissiya tövsiyənin qəbul olunduğu və icrasına hazırlıq görüldüyünü qeyd edib.

Qeyd edək ki, hazırda benefisiar sahiblik Avstraliya, İndoneziya, Qırğızıstan Respublikası, Monqolustan, Birləşmiş Krallıq, Ukrayna və Zambiyada açıqlanır. Bəzi ölkələr (məsələn Avstraliya və İndoneziya) hazırda daha məhdud girişli rejimə sahib olsa da Birləşmiş Krallıq, Qırğızıstan Respublikası, AB, Ukrayna və bəzi digər ölkələr açıq girişi təmin ediblər. EITI-dan əlavə Avropa Birliyi, Maliyyə Fəaliyyəti Vəzifə Qrupu (MFVQ) (G7) və digər digər beynəlxalq təşkilatların benefisiar sahibliyin açıqlanmasına dair tələbləri var.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=150947

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930