Qərb Rusiyanı qaz bazarında sıxarsa, diqqət Azərbaycanda cəmləşəcək

09.09.2020 - 10:42

Əksər bazarlarda mövqeləri sarsılan şimal qonşumuzun aqressiv davranışlarına hazır olmalıyıq

Müxalifətçi Aleksey Navalnının zəhərlənməsi Rusiyanın Ukraynadan kənar ərazi ilə Avropaya qaz çıxarmaq planını iflasa uğrada bilər. Söhbət Baltik dənizi ilə Almaniya ərazisinə qaz çatdıracaq “Şimal axını-2″ qaz kəmərindən gedir.

Fiziki tikinti işlərinin 94 faizi tamamlanmış olan kəmərin başını qara buludlar ötən ilin dekabrından alıb: ABŞ kəmərin inşasında iştirak edən şirkətləri sanksiya siyahısına salacağını bəyan edib. Bu bəyanatdan sonra dənizin dibi ilə boru düzən İtaliya şirkəti işi dayandırıb. Ondan bəri Rusiyanın tikintini bərpa etmək cəhdləri nəticəsiz qalıb. İyun ayında ABŞ-da 25 senator layihə ilə bağlı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi təşəbbüsü ilə çıxış ediblər, layihənin komitə müzakirələri başladılıb. Eyni zamanda ABŞ Konqresinin 2021-ci il üçün qəbul etdiyi müdafiə büdcəsində “Şimal axını-2″yə qarşı sanksiyaların genişləndirilməsi nəzərdə tutulub: boru xətti çəkən gəmilərin satışı, icarəyə götürülməsi ilə yanaşı, hətta bunun təşviq edilməsinə görə də embarqolar nəzərdə tutulub. Həmçinin qaz kəmərinin tikintisində istifadə olunan gəmilərin texniki modernləşdirilməsi üçün xidmətlərin və bu xidmət sahələrin sığortalanmasının təmin edilməsi də artıq qadağandır.

Qeyd edək ki, “Şimal axını-2″ də ”Şimal axını-1″ kimi 55 milyard kubmetr ötürücülük gücünə malikdir. Rusiyanın məqsədi bu iki qaz kəməri vasitəsilə Qərbi Avropaya ildə 110 milyard kubmetr qaz satmaqdır. Bundan əvvəl çəkilən “Şimal axını-1″ layihəsində səhmlərin 51 faiz Rusiyaya məxsus idisə, ”Şimal axını-2″ qaz kəmərində payın 100 faizi “Qazprom”a aiddir. Polşa antiinhisar qurumunun qəbul etdiyi qadağaya görə Avropa şirkətləri kəmərin səhmdarı ola bilməzlər. Onlar yalnız dolayı maliyyə dəstəkçisi kimi çıxış edirlər.

Qeyd edək ki, indiyədək Almaniya rəhbərliyi ABŞ-ın “Şimal axını-2″yə qarşı sanksiyalarına etiraz edirdi. Almaniya Bundestaqından da dəfələrlə ABŞ-ın birtərəfli qaydada Almaniyanın iqtisadi maraqlarına cavab verən kəmərə sanksiya tətbiq etməsinə etirazlar səsləndirilmişdi. Lakin Navalnının qanında ”Noviçok” qrupundan olan zəhərli maddənin izlərinin tapılması açıqlandıqdan az sonra Almaniya hökumətində mövqenin dəyişdiyi aydın olub. Belə ki, iki gün əvvəl Almaniya hökumətinin sözçüsü Şteffen Zaybert Navalnının zəhərlənməsi faktına görə kəmərin tikintisinin qadağan olunmasının istisna edilmədiyini bildirib. Lakin o, bunun üçün Avropa Birliyi daxilində vahid mövqenin formalaşdırılmasının gərəkdiyini qeyd edib.

“Bloomberg” agentliyinin yazdığına görə, Merkel faktiki olaraq “Şimal axını-2″ kəmərinin başa çatdırılması yolunun tamamilə qapanmasını istəyir. Almaniya hökuməti sözçüsünün açıqlamasından dərhal sonra Rusiya rublu dollar qarşısında 1 faizədək dəyər itirib. Kəmərin sahibi olan ”Qazprom” şirkətinin səhmləri isə 2 faizədək dəyər itirib.

Rusiyanın ambisiyalı qaz layihələrindən biri olan kəmərin tikintisini tamamlamaq baş tutmasa, bunun Avropa bazarına qaz çıxarmaq üzrə olan Azərbaycanın layihələrinə hər hansı təsiri olacaqmı?

Enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, birbaşa təsir gözlənilən deyil: “Azərbaycan qazı Avropanın cənubuna – İtaliya ərazisinə, ”Şimal axını-2″ isə şimalına – Almaniyaya gedəcək. Yəni onların çıxacağı bazarlar çox fərqlidir və bir-biri ilə birbaşa əlaqəsi yoxdur”.

Fərqli bazarlara çıxsalar da, Azərbaycan Avropanın boru qazı ilə təchizatında Rusiyanın rəqibidir. Nəzərə almaq lazımdır ki, Rusiya Avropa qaz bazarındakı mövqelərini getdikcə itirir. Buna bir tərəfdən maye qaz – LNG-nin Avropanın qaz təchizatında payının sürətlə artması səbəb olursa, digər tərəfdən, qoca qitəyə uzanmaqda olan digər borular səbəb olur: Azərbaycanla yanaşı, İsrail də Avropaya qaz kəməri çəkmək üçün fəaliyyətə başlayıb, artıq Şərqi Aralıq dənizi qaz boru xəttinin (EastMed pipeline) tikintisi üçün konkret addımlar atılmaqdadır. Bu kəmər İsrailin “Leviafan”, Cənubi Kiprin “Afrodita” yataqlarından ildə 10 milyard kubmetr qazı Avropaya çatdıracaq.

Polşa XİN rəhbəri: "Şimal axını -2" Ukraynanı məhv edir"

Digər tərəfdən, Almaniya “Şimal axını- 2″nin icrasını dayandıracaqsa, bu, Rusiya ilə münasibətlərdə ciddi soyuqlaşmaya səbəb olacaq. Almaniya Rusiyanın Çindən sonra ikinci ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi 53,2 milyard dollar olub. Bunun 23 milyard dolları Rusiyanın almanlara satdığı qazın puludur. Almaniyadan isə əsasən maşınqayırma sənayesi məhsulları, avtomobil və əczaçılıq məhsulları alır – 2019-cu ildə bu məhsullara 12,8 milyard dollar sərf edib.

Ötən il Almaniyanın qaza olan tələbatının 60 faizini Rusiya ödəyib – 53,5 milyard kubmetr. Son iki ildə müşahidə olunan isti iqlim şəraiti, LNG-nin bazar payının artması, koronavirus pandemiyası və digər səbəblərdən “Qazprom” böyük itkilərlə üzləşib. Bu ilin ikinci rübündə şirkətin Avropaya satdığı qazın həcmi 16 faiz azalmaqla 46,6 milyard kubmetrə düşüb. MDB ölkələrinə ixrac 19 faiz azalmaqla 5,6 milyard kubmetr təşkil edib. Daxili bazar istisna olmaqla, qaz satılan bütün bazarlarda qiymətlər kəskin ucuzlaşıb: Avropada ikiqat azalma ilə hər min kubmetr üçün 110,1 dollar, MDB-də 8 faiz azalma ilə 136,8 dollar təşkil edib. Nəticədə şirkətin gəliri 35 faiz azalaraq 1 trilyon 163 milyard rubl olub.

“Qazprom” bu ilin əvvəlindən etibarən Avropaya qazı maya dəyərindən aşağı satır. Nəticədə şirkətin ümumi borcu 4 trilyon 442 milyard rubla çatıb.

Qazprom\" qaz hasilatını 15% azaldıb

Avropa və MDB ilə yanaşı, “Qazprom” ən böyük alıcılarından biri olan Türkiyə ilə də ciddi problemlər yaşamaqdadır. Türkiyə xüsusilə 2015-ci ildəki təyyarə hadisəsi ilə bağlı baş verənlərdən sonra Rusiyadan qaz idxalındakı asılılığını azaltmaq üçün çox ciddi addımlar atıb. Xatırladaq ki, Rusiyadan Türkiyəyə qaz nəql edən ikinci kəmər “Türk axını” yanvar ayında işə salınıb. Bu kəmər və əvvəldən işləyən “Mavi axın”la birlikdə Rusiyanın Türkiyəyə illik qaz nəqli gücü 35 milyard kubmetrə çatır. Lakin baş verənlər göstərir ki, Türkiyənin heç də etibarlı tərəfdaş olmayan Rusiyadan qaz asılılığını azaltmaq üçün məqsədyönlü və kifayət qədər uğurlu siyasəti nəticəsini verməkdədir. Belə ki, “Qazprom”un Türkiyəyə qaz satışı 2019-cu ildən azalmağa başlayıb. Şirkətin açıqladığı məlumata görə, keçən il Türkiyəyə 2018-ci ilə nisbətən 35 faiz az – 15,51 milyard kubmetr qaz satılıb. Bu il isə azalma daha yüksək həcmləri əhatə etməkdədir. Lakin ortada Türkiyəyə mane ola biləcək müqavilələr var. Həmin müqavilələrdə nəzərdə tutulan həcmləri almasa belə, Ankara onların 85 faizinin dəyərini ödəməlidir.

Hazırda Rusiya ilə Türkiyə arasında “Mavi axın” xətti üzrə nəql olunan təbii qazın alqı-satqısına dair yeni müqavilə ilə bağlı danışıqlar gedir. Müqavilənin müddəti 1 yanvar 2021-ci ildə bitir. Buna görə də danışıqlar bir neçə aydır başlayıb, lakin hələlik razılıq əldə olunmayıb. Rusiyadan Türkiyəyə qaz nəql edən ikinci kəmər – “Türk axını” üzrə müqavilənin müddəti isə 2025-ci ildə bitəcək. “Mavi axın”la bağlı razılaşma həm də digər kəmər üzrə müqavilənin şərtləri baxımından ciddi əhəmiyyət kəsb edir.

“Türk axını” ilə bağlı əsas müzakirələr alınacaq qazın qiyməti ətrafında gedir. Belə ki, hazırda Türkiyə bu xətlə aldığı qazın hər min kubmetrinə 250 dollar ödəyir. Rusiya yeni müqavilənin 10-15 illik bağlanmasını və qiymətin 180 dollar müəyyənləşməsini təklif edib. Lakin Türkiyə bununla razılaşmır, çünki boru xətti ilə tədarük edilən qazın qiyməti bütün dünyada çox aşağıdır. Türkiyə də müqaviləni indiki rəqəmlər əsasında bağlamaq niyyətindədir. Ankara həmçinin yeni kontraktda “Al, ya da pulunu ödə” prinsipinin nəql olunan qazın həcminin 85 faizinə deyil, 65 faizinə şamil olunmasına nail olmağa çalışır.

Qazaxıstan “Sibirin gücü-2” qaz kəmərinin ölkə ərazisindən keçməsini  Rusiyaya təklif edib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyadan Çinə qaz çatdıracaq “Sibirin gücü-2″ kəməri ilə bağlı da problemlər yaranıb. Araşdırmalara göstərib ki, ”Qazprom”un Sibirdə bu kəməri dolduracaq həcmdə qaz hasil etmək gücü faktiki olaraq yoxdur: layihə hazırlanarkən “Çayandin” yatağının ehtiyatları reallıqda olduğundan qat-qat yüksək qiymətləndirilib.

Rusiyanın dünya, əsasən də Avropa qaz bazarında mövqeyinin zəifləməsi faktı ilə barışmayacağı aydın məsələdir. Onun Avropanın şimalına çıxara bilmədiyi qazı digər regionlara – Balkanlara və Türkiyəyə satmağa çalışacağı şübhəsizdir. Bu zaman Azərbaycanın Türkiyənin qaz təchizatında onu sıxışdırması, İtaliyaya çıxacaq kəmərin  gücünün ikiqat artırılması potensialının olması Moskvanın diqqətini cəlb etməyə bilməz.

Onu da bildirək ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz-2″ qaz-kondensat yatağından çıxarılan təbii qazın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Avropaya nəql edilməsinə başlanılıb. Xarici mətbuatın yazdığına görə, təbii qaz Türkiyə-Yunanıstan sərhədində TANAP-a qoşulan Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) vurulmaqdadır. Boru kəməri sınaqları keçirilir və xətdə ehtiyat yaratmaq üçün də qaz verilib. 2021-ci ilin ilk rübündə TAP-ın tam şəkildə istifadəyə verilməsi planlaşdırılır.

TAP-la ötürüləcək Azərbaycan qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece – Bulgaria: IGB) inşası da uğurla gedir. İnşa işlərini həyata keçirən ICGB şirkəti Avropa İnvestisiya Bankının (EIB) ayırdığı 110 milyon avro kreditin 30 milyon avroluq ilk tranşını əldə edib.

Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2″ yatağından bu miqdarda qaz almaq üçün ”Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 faizini ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir. İGB-nin sərmayə dəyəri 220 milyon avrodur. Boru kəmərinin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur. Bu isə Bolqarıstan vasitəsilə digər Balkan ölkələrinin də Azərbaycan qazını əldə etmək imkanlarının yaranması deməkdir.

Qeyd etdiklərimiz deməyə əsas verir ki, Avropanın qaz bazarından sıxışdırılan Rusiyanın bazarın digər oyunçularına qarşı aqressiv davranması gözləniləndir. Bu baxımdan, Azərbaycana qarşı da müəyyən addımların atılması istisna olunmur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153890

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930