Gələn il dövlətin kisəsindən pul hara xərclənəcək – layihə açıqlandı

22.12.2020 - 11:00

Hökumət ərazilərin bərpası, sosial rifah, iqtisadi dayanıqlıq deyir…

Azərbaycan hökuməti 2021-ci ilin dövlət büdcəsinin layihəsini müzakirə üçün Milli Məclisə təqdim edib. Maliyyə Nazirliyinin yaydığı sənəddən aydın olur ki, gələn ölkənin icmal büdcəsinin gəlirləri 23 milyard 828,1 milyon manat proqnozlaşdırıb ki, bu da 2020-ci illə müqayisədə 1465,1 milyon manat və ya 6,6 faiz çoxdur.

İcmal büdcənin xərcləri 31 milyard 163,4 milyon manat olacaq ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat və ya 2,8 faiz çoxdur. İcmal büdcənin kəsiri 7 milyard 335,3 milyon manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 milyon manat və ya 7,7 faiz azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7 faizinə bərabər olacaq ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz bəndi azdır.

2021-ci il dövlət büdcəsinin gəlirləri 25 milyard 427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 faizi həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 milyard 303,0 milyon manat və yaxud 5,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 milyard 208,9 milyon manat və yaxud 5,0 faiz çoxdur.

2021-ci ildə hökumət 28 milyard 543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) xərcləməyi planlaşdırır ki, bu da 2020-ci ilə nisbətən 1 milyard 50,8 milyon manat və ya 3,8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 milyard 117,1 milyon manat və ya 16,9 faiz çoxdur.

2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 11 milyard 111,9 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur.

2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 116,0 milyon manat məbləğində nəzərdə tutulur. Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma, 2021-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.

Gələn il Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 3,2 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci illə müqayisədə 168,4 milyon manat və ya 2,1 faiz çoxdur. Fondun gələnilki xərcləri 12 milyard 220,5 milyon manat təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 189,5 milyon manat və ya 1,5 faiz azdır. Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi 12 milyard 200,0 milyon manat nəzərdə tutulur.

Maliyyə Nazirliyinin büdcə sənədinə dair izahatında qeyd olunur ki, başa çatmaqda olan 2020-ci il ölkə tarixinə Qələbə ili kimi həkk olundu: “Bu gün öz ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan Respublikası yeni dövrə qədəm qoymuşdur. Bu yeni mərhələdə dövlət orqanları qarşısında işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi mühüm çağırışlar formalaşıb. Bu çağırışlardan irəli gələn şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatının yaradılması 2021-ci ilin dövlət büdcəsinin əsas xüsusiyyətlərindən birini təşkil edir.

Hökumət işğaldan azad edilmiş yaşayış məntəqələrinin bərpası və vətəndaşlarımızın doğma torpağa qayıdışı ilə bağlı proqram və layihələrin həyata keçirilməsi üçün məqsədli maliyyə təminatının yaradılması və müvafiq maliyyələşmə mexanizminin tətbiqi, həmin ərazilərdə iqtisadi fəallığın artırılması üçün stimullaşdırma tədbirlərinin (vergi və digər güzəştlər, dövlət-özəl sektor tərəfdaşlığı və s.) həyata keçirilməsi, həmçinin də şəhid ailələrinin və müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş güzəşt və imtiyazların verilməsini nəzərdə tutur”.

Beləliklə, gələn ilin dövlət büdcəsində diqqət mərkəzində olacaq əsas istiqamət müharibənin nəticələrinin aradan qaldırılması və işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurulmasıdır: “Ermənistanın Azərbaycan dövlətinə və xalqına qarşı təcavüzü, 30 ildən bəri davam edən işğal nəticəsində rayon və şəhərlərimiz, o cümlədən yüzlərlə yaşayış məntəqəsi, yaşayış evləri, dövlət əmlakı və xüsusi əmlak, çoxsaylı infrastruktur obyektləri məhv edilərək tam yararsız hala salınıb. Döyüş əməliyyatları başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsinə, minatəmizləmə tədbirlərinin təşkil olunmasına, habelə su, elektrik enerjisi, qaz təchizatı, rabitənin bərpası, həmçinin yol infrastrukturunun qurulması ilə əlaqədar işlərin icrasına başlanılmışdır. Növbəti illər ərzində isə bu tədbirlərin daha geniş miqyasda davam etdirilməsi, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi, sözügedən ərazilərdə iqtisadi fəaliyyətin bərpa olunması istiqamətində tədbirlərin maliyyələşdirilməsinə ehtiyac vardır. Bununla yanaşı, döyüş bölgəsindən kənarda yerləşən və düşmən silahlı qüvvələrinin davamlı atəşi altında dağıntılara məruz qalan yaşayış məntəqələrində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş zərərin dövlət vəsaiti hesabına qarşılanması nəzərdə tutulub. Eyni zamanda hərbi qulluqçuların və şəhid ailələrinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dəstəyin göstərilməsi, onların zəruri ehtiyaclarının təmin edilməsi, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsi dövlətin diqqət mərkəzində saxlanılacaq”.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün gələn il dövlət büdcəsindən 2,2 milyard manatın xərclənməsi nəzərdə tutulur.

Büdcə sənədində qeyd olunur ki, dünyanın aparıcı maliyyə təşkilatları və neft qiymətlərinin proqnozlaşdırılması üzrə ixtisaslaşmış agentliklər cari il üçün “Brent” markalı neftin 1 barelinin orta qiymətinin 40 ABŞ dolları civarında olacağını və ən azı növbəti bir ildə də neftin qiymətlərində kəskin artımın olmayacağını proqnozlaşdırırlar: “Bütövlükdə dünya iqtisadiyyatının inkişaf istiqamətləri, xüsusən də alternativ enerji resurslarından istifadənin genişlənməsi və karbohidrogen  resurslarıa tələbatın getdikcə azalması orta və uzun müddətli dövrdə neft və qaz qiymətlərində əhəmiyyətli artımların olmayacağına dair gözləntilər formalaşdırır. Bundan əlavə, COVID-19 pandemiyası əksər ölkələrdə səhiyyə və sosial xərclərin artması ilə büdcə kəsirinin təsiredici həcmlərdə artmasına səbəb olub. Beynəlxalq Valyuta Fondu (BVF) və digər beynəlxalq maliyyə institutlarının məlumatlarına əsasən cari ildən etibarən dünya ölkələrinin bir çoxu artan büdcə kəsirlərini dövlət borcu hesabına maliyyələşdirir ki, sözügedən tendensiyanın 2021-ci ildə də davam edəcəyi istisna edilmir. BVF dünya iqtisadiyyatı ilə bağlı proqnozlarını oktyabr ayında yeniləyərək 2020-ci ildə qlobal iqtisadiyyatın 4,4 faiz azalacağını proqnozlaşdırıb”.

COVID-19 böhranı və aşağı neft qiymətləri fonunda dünya iqtisadiyyatında gedən neqativ proseslər bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün də mənfi təsirlərə malik çağırışlarla səciyyələnən xarici mühit formalaşdırıb: “Pandemiyanın iqtisadiyyata mümkün mənfi təsirlərinin azaldılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün dövlət tərəfindən həyata keçirilən tədbirlərlə ölkə iqtisadiyyatının tənəzzül fazasına daxil olmasının qarşısının alınması mümkün olmasa da, onun daha kəskin enişinin qarşısı alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin proqnozuna əsasən 2020-ci ildə ÜDM-in real ifadədə 4,0 faiz azalaraq 71,8 milyard manat, qeyri-neft ÜDM-in isə 2,9 faiz azalaraq 50,5 milyard manat olacağı gözlənilir. İqtisadiyyat Nazirliyi tərəfindən 2021-ci ildə iqtisadi artım tempinin bərpa ediləcəyi və ÜDM-in real ifadədə 3,4 faiz artaraq 75,8 milyard manata çatacağı proqnozlaşdırılır. İqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiyası sayəsində 2021-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 70,5 faizə, neft sektorunun payının isə 29,5 faizə bərabər olacağı proqnozlaşdırılır”.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Bu il Azərbaycanda ötən ildə olduğu kimi, məzənnə dayanıqlığının təmin olunmasına və inflyasiyanın təkrəqəmli səviyyədə saxlanılmasına nail olunub: “Belə ki, 2020-ci ilin yanvar-noyabr ayları ərzində manatın ABŞ dollarına nisbətdə məzənnəsi 1,7 manat təşkil etmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən orta illik inflyasiyanın cari ilin sonunda 2,8 faiz, 2021-ci ildə isə 3,0 faiz səviyyəsində olacağı proqnozlaşdırılır

Mövcud iqtisadi şərait daxilində cari ilin 30 noyabr tarixinə olan məlumata əsasən Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə təxminən 2,46 faiz artaraq 6,4 milyard ABŞ dollarına, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri isə ilin əvvəli ilə müqayisədə 0,7 faiz azalaraq 43,0 milyard ABŞ dollarına bərabər olub. 2021-ci il üzrə cari əməliyyatlar balansında ÜDM-in 0,2 faizi səviyyəsində və ya təqribən 104,8 milyon ABŞ dolları həcmində profisit proqnozlaşdırılır. Növbəti illərdə cari əməliyyatlar balansının profisitinin getdikcə artması gözlənilir ki, bu da öz növbəsində valyuta bazarında sabitliyin möhkəmlənməsinə xidmət edəcək”.

Pandemiyanın davam etməsi nəzərə alınaraq növbəti ildə də onun qarşısının alınması üçün preventiv və profilaktik tədbirlərin gücləndirilməsi davam etdiriləcək. İqtisadiyyatın pandemiyadan əvvəlki inkişaf tempinə qayıtmasını sürətləndirmək məqsədilə COVID-19 pandemiyasının neqativ təsirlərinə məruz qalmış sahələrə dövlət dəstək mexanizmlərinin tətbiq edilməsi, o cümlədən 2021-ci il dekabrın 31-dək sahibkarlıq subyektləri tərəfindən alınmış kreditlərə dövlət zəmanətinin verilməsi və faiz dərəcəsinin subsidiyalaşdırılması tədbirlərinin maliyyə təminatı növbəti ilin dövlət büdcəsində nəzərdə tutulub.

Qeyd olunan əsas istiqamətlərlə yanaşı, qeyri-neft sektorunun inkişafı, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatının inkişafı üçün dayanıqlı su təchizatının formalaşdırılması, habelə suyun paylanması və qənaətli sərfiyyatını təmin edən məqsədli layihələrin maliyyələşdirilməsi həyata keçiriləcək. Həmçinin əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi, sosial mənzillərin, habelə həssas qruplar, o cümlədən əlil və şəhid ailələri üçün evlərin tikintisi istiqamətində dövlət əsaslı vəsait qoyuluşu davam etdiriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158700

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031