Daha bir tarixi anlaşma – neft yatağı Türkmənistanla birgə istismar ediləcək

22.01.2021 - 10:52

Bu, Azərbaycanla Türkmənistan arasındakı münasibətlərin tamamilə yeni, həm də daha möhkəm dostluq və əməkdaşlığa əsaslanan müstəviyə keçməsi deməkdir

Yanvarın 21-də Türkmənistanın paytaxtı Aşqabadda  Azərbaycanla Türkmənistan arasında “Dostluq” neft yatağının birgə işlənməsinə dair Anlaşma Memorandumu imzalanıb. Bu, Azərbaycanla Türkmənistan arasındakı münasibətlərin tamamilə yeni, həm də daha möhkəm dostluq və əməkdaşlığa əsaslanan müstəviyə keçməsi deməkdir.

Qeyd edək ki, “Dostluq” adlandırılan yataq Xəzər dənizində Azərbaycanla Türkmənistanın sərhədində yerləşir. Əvvəllər Azərbaycan onu “Kəpəz”, Türkmənistan isə “Sərdar” adlandırıb. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlandırılıb.

SSRİ dağıldıqdan sonra yataqla bağlı iki ölkə arasında ciddi fikir ayrılığı yaranıb, bu, dövlətlərarası münasibətlərin kəskin soyuqlaşmasına səbəb olub. Belə ki, 1997-ci ildə Azərbaycan Rusiyanın “LUKoyl” və “Rosneft” şirkətləri ilə yatağın işlənməsinə dair müqavilə imzalayıb. Türkmənistan tərəfinin etirazından sonra Rusiya şirkətləri müqaviləni ləğv ediblər. Ardınca Türkmənistan İranla birgə yatağın işlənməsinə cəhd edib, Azərbaycanın etirazı nəticəsində buna nail ola bilməyib.

1997-ci ildə yataqla bağlı mübahisələr başlayandan sonra 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycanla Türkmənistan arasında  danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Lakin qrupun fəaliyyəti tərəflər arasında razılaşmanın əldə olunmasına gətirib çıxarmayb. Məsələ ilə bağlı dəfələrlə müzakirələr, danışıqlar aparılsa da, Türkmənistanın kompromisə meylli olmaması nəticəsində hər hansı ortaq nöqtəyə gəlmək mümkün olmayıb. Belə ki, Azərbaycan dəfələrlə yatağın birgə işlənməsini təklif etsə də, Aşqabad bunu qəbul etməyib. 2012-ci ildə isə Türkmənistan yatağın istismarı barədə Kanadanın “Buried Hill Energy” şirkəti ilə danışıqlara başlayıb.  Azərbaycan bununla bağlı həm Türkmənistana, həm də Kanadaya mövqeyini çatdırdıqdan sonra danışıqlar dayandırılıb.

Ölkələr arasında mübahisəyə Xəzər dənizinin dibinin və səthinin bölgüsü üzrə mövqe ayrılığı gətirib çıxarıb. Hər iki ölkə dənizin orta xətt prinsipi ilə bölünməsinə tərəfdar olsa da, Azərbaycan orta xəttin müəyyənləşdirilməsi zamanı beynəlxalq prinsiplərə uyğun olaraq, hesablamanın quru sahəsindən başlayaraq aparılmasını təklif edir. Bu zaman hesablama dənizin içərisinə doğru uzanan Abşeron yarımadasından başlayaraq aparılmalıdır. Türkmənistan isə hesablamanın dənizin başlanğıc və son nöqtəsi əsasında aparılmasını təklif edir. Hansı ki, bu zaman Türkmənistan sərhədi Abşeron yarımadasının bir neçə kilometrliyindən keçməlidir. Nəticədə, nəinki mübahisəli yataq, digər neft-qaz yataqları, o cümlədən “Azəri-Çıraq-Günəşli” yataqları da Türkmənistana məxsus olmalıdır. Elə bu prinsipdən çıxış edən Türkmənistan uzun müddət “Ömər” və “Osman” adlandırdığı bu yataqların işlənməsinə də qarşı çıxıb.

Qeyd edək ki, Türkmənistanın təklifi beynəlxalq konvensiya  və prinsiplərə uyğun deyil. Təsadüfi deyil ki, digər Xəzəryanı ölkələr beynəlxalq prinsiplərə əsaslanmaqla dəniz sərhədlərini uzun illər əvvəl dəqiqləşdiriblər.  Nəticədə 29 noyabr 2001-ci il tarixində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 23 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 14 may 2003-cü il tarixində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”in imzalanmasına nail olunub.

Beləliklə, Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə razılaşma əldə olundu ki, bu da öz növbəsində bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə beştərəfli formatda aparılan prosesə güclü təkan verdi.  Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb.

30 İLLİK "KƏPƏZ" MÜNAQİŞƏSİ DƏ HƏLLİNİ TAPDI - » Globall.az ictimai-siyasi  onlayn qəzet

Onu da qeyd edık ki, yataqla bağlı müzakirələr bu illər ərzində mütəmadi olaraq davam etdirilib. Son illərdə isə ölkələr arasında münasibətlər sürətlə yaxşılaşıb. Azərbaycan Prezidenti İlham Əliyev 28-29 noyabr 2008-ci il, 21-22 noyabr 2018-ci il, 10 oktyabr 2019-cu ildə Aşqabada, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov isə 19-20 may 2008-ci il, 18 noyabr 2010-cu il, 12 iyun 2015-ci il, 8-9 avqust 2017-ci il, 25 oktyabr 2019-cu il, 11 mart 2020-ci ildə Bakıya səfərləri olub. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb. Bu yaxınlaşmanın mühüm səbəblərindən biri Azərbaycanın regionda mövqeyinin ildən-ilə güclənməsidir.  Belə ki, “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirak edən Azərbaycan regional tranzit qovşağına çevrilməyə can atır. Ölkəmiz Çindən Avropaya və əksinə yükdaşımaların mühüm bir hissəsinin “Şərq-Qərb” nəqliyyat dəhlizi vasitəsilə öz ərazisindən keçməsinə nail olmaq niyyətindədir. Bu məqsədlə həm Türkmənistan, həm də Əfqanıstanla aktiv danışıqlar aparılır. Son 3 ildə bu 3 ölkədən keçəcək marşrutun işlək hala gəlməsi üçün tərəflər arasında çoxsaylı görüşlər keçirilib. 2017-ci ilin noyabr ayında Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında sözügedən ölkələri birləşdirən Lapis-Lazuli marşrutunun yaradılmasına dair saziş imzalanıb. Saziş tranzit logistikasının və gömrük prosedurlarının sadələşdirilməsinə yönəldilib. Sazişdə nəzərdə tutulur ki, dəmir yolu xətləri və avtomobil yolları Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Aşqabadla, sonra Xəzər dənizindəki Türkmənbaşı limanı ilə birləşdirəcək. Daha sonra dəhliz Xəzərdən Bakıya qədər və Tiflisdən Poti və Batumidə haçalanmaqla, Ankaraya, oradan isə İstanbula qədər davam edəcək.  Bakı-Tiflis-Qars dəmiryol xəttinin işə salınmasından sonra bu marşrutun cəlbediciliyi daha da artıb. Artıq marşrut üzrə yüklərin daşınmasına başlanıb.

Azərbaycanla Türkmənistan daha da yaxınlaşdılar - Təhlil - Hürriyyət

Yanvarın 21-də tərəflər arasında anlaşmanın əldə olunması Azərbaycanla Türkmənistanın əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, Türkmənistanın dərinsulu dəniz ərazilərində yataqların işlənməsinə imkan verən infrastrukturu, yataqdan çıxarılacaq nefti, qazı sahilə daşıyacaq kəməri yoxdur. Bunları yaratmaq, sahildən çox uzaqda yerləşən yataqdan çıxarılacaq neft-qazı Türkmənistan sahilinə çatdırmaq üçün boru kəmərlərini çəkmək Türkmənistana külli miqdarda vəsaitə başa gələ bilərdi. Azərbaycan isə hər iki istiqamətdə həm böyük təcrübəyə, həm də ən müasir infrastruktura malikdir.  “Dostluq” yatağından hasil olunacaq neft-qazı rahatlıqla AÇG-dən sahilə gələn boru şəbəkəsi ilə nəql etmək mümkündür.

Karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına çıxarılması sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər imkan verəcək ki, yataqdan hasil olunan neft-qazı dünya bazarlarına çatdırsın. Bu isə Türkmənistanın ciddi bir xərc çəkmədən irihəcmli gəlirlər əldə etməsinə şərait yaradacaq. Eyni zamanda bu anlaşma Türkmənistanın zəngin qaz ehtiyatlarının Azərbaycan üzərindən dünya bazarına çıxarılması istiqamətində uzun illərdir aparılan müzakirələrin uğurla nəticələnməsi üçün münbit zəmin yaradır. Avropa və ABŞ-ın ciddi maraq göstərdiyi, hətta aktiv dəstəklədiyi bu prosesin inkişaf etməsi üçün mühüm amillərdən biri məhz Azərbaycanla Türkmənistan arasında mövcud olan soyuq münasibətlər idi. İndi bu münasibətlərdəki soyuqluq ən yüksək səviyyədə tamamilə əks proseslə əvəz olunub. Milli və dini tellərlə bağlı olan Azərbaycan və Türkmənistan arasında əlaqələrin dərinləşməsi uzun illərdir reallaşması mümkün görünməyən Transxəzər qaz kəməri layihəsinə də yaşıl işıq yandırılması deməkdir.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Eyni zamanda imzalanan sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsnə yeni imkanlar yaradır.

2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə toplantısı ərəfəsində bu Memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi sayıla bilər.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun “Yeni Müsavat”a dediyinə görə, Xəzər dənizinin Azərbaycan və Türkmənistana aid olan sektorlarının sərhədində yerləşən bu yataq azərbaycanlı mütəxəssislər tərəfindən hələ Sovet dövründə kəşf olunmuşdu: “İlkin dəyərləndirməyə əsasən, ”Dostluq” yatağını neft-qaz potensialına görə “Qarabağ” yatağı ilə təxminən bir sırada görmək olar. Müstəqillik dövründə yatağın birgə işlənməsi ilə bağlı danışıqlara başlanmış və hazırda bu istiqamətdə mühüm razılıq əldə olunmuşdur. Beləliklə, biz hazırda Azərbaycan-Türkmənistan arasında neft-qaz sənayesində əməkdaşlığın bəlkə də yeni dövrünün astanasındayıq və yatağın yeni adı da bu baxımdan olduqca rəmzidir. Ölkələrimizin etnik və dini yaxınlığı da bu əməkdaşlığın perspektivli olmasına zəmin yaradır. İmzalanan memorandum Dostluq yatağının işlənməsi istiqamətində atılan ilk addımdır. Düşünürəm ki, qarşıdakı aylarda yataqda müasir üsulla kəşfiyyat işlərinin aparılması, yatağın işlənməsi üçün lazımlı əlavə infrastrukturun texniki parametrləri, mühəndislik layihələndirmə işləri, eləcə də kommersiya məsələləri müzakirə olunmalı və öz həllini tapmalıdır. Layihənin başlanğıc nöqtəsində olsaq da, bunu da qeyd etməliyik ki, Azərbaycan neftçiləri Dostluq yatağını kəşf etməklə artıq layihəyə mühüm bir töhfə vermişlər”.

SOCAR rəsmisi bildirir ki, Azərbaycanda digər yataqların işlənməsi üçün dənizdə yaradılmış kommunikasiya xətləri, eləcə də Xəzərin qapalı hövzəsini dünya bazarlarının üzünə açan beynəlxlaq neft və qaz kəmərlərinin mövcudluğu “Dostluq” yatağından hasil olunacaq məhsulun sahilə və dünya bazarlarına çatdırılması üçün münbit şərait yaradır: “Başqa ifadə ilə desək, məhsulu bazara çıxarmaq üçün lazım olan infrastrukturun bir qismi artıq Azərbaycanda mövcuddur, yəni bu istiqamətdə müəyyən sərmayə qoyuluşlarına faktiki qənaət oluna bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160131

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031