Özəlləşdirilən strateji dövlət əmlaklarını kim alacaq?
“Dövlətin strateji müəssisələrinin bəziləri xarici və yerli şirkətlərə satılacaq”. Bunu İqtisadiyyat Nazirlyi deyir. Bu haqda hələ keçən ildən prezident fərmanı var. Beləliklə, neft-qaz, rabitə, eləcə də, qızıl hasilatı və emalı sahələrinə aid bəzi müəssisələr səhmləşdiriləcək, bu səhmlərin bir hissəsi satışa çıxarılacaq. Beynəlxalq Bankın səhmlərinin bir qismi də satılacaq. İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Xidmətinin rəisi Mətin Eynullayev bu haqda mediaya məlumat verib.
Dövlət əmlakınım bir hissəsinin özəlləşdirməsi xarici və yerli şirkətlərin investisiyalarını Azərbaycana gətirmək məqsədi daşıyır. Həmin prosesi sürətləndirmək və iqtisadiyyata yeni sərmayələr gətirmək üçün Rəqabət Məcəlləsi də qəbul olunur; uzun onilliklərdən sonra bu qanun, axır ki, hazırlanıb müzakirəyə çıxarılıb. Rəqabət Məcəlləsi reallıqda necə işləyəcək? Məcəllə iqtisadiyyatda inhisara son qoya biləcəkmi?
Bunu zaman göstərəcək. Çünki ən yaxşı qanun da, əgər o, doğru-düzgün tətbiq olunmursa, daha pis nəticələr doğura bilir. Özəlləşdirmənin əvvəlki mərhələləri hər kəsin yadındadır; özəlləşdirmə çeklərinin böyük kütləsi görünməmiş dərəcədə ucuzlaşıb, əhalinin əlində qaldı. Özəlləşdirilən dövlət müəssisələrinin bir çoxu məmur-oliqarxların əlinə keçdi, bir qismi bağlandı, bir qisminin əsas fondları dağıdıldı, dəyər-dəyməzinə satıldı.
Özəlləşdirmənin yeni mərhələsi necə nəticələnəcək deyə narahatlıq var. Doğrudan da, xarici sərmayələr ölkəyə gələcəkmi? Bu “xarici” şirkətlər bizim inhisarçıların başqa ölkələrdə qeydiyyatdan keçirdiyi “öz” şirkətlərimiz olmayacaq ki?!
Bu suallara indidən dəqiq, dolğun cavab vermək mümkün deyil. Proses başlasın, sonrasını birlikdə görəcəyik.(Bizimyol.info)
Short URL: https://www.cumhuriyyet.net/?p=198289