Navalnını ölümcül edən “Noviçok” – “…bu zəhərdən salamat qalmaq da dəhşətlidir”

05.09.2020 - 10:22

Onun bu zəhərdən canını qurtarması dumanlı görünür

Almaniya hökuməti Rusiya müxalifətçisi, Putinin sərt tənqidçisi Alekey Navalnının “Noviçok” maddəsilə zəhərləndiyini təsdiqləyib. Navalnı hazırda Berlində Charite hospitalının reanimasiya şöbəsindədir, onun vəziyyətinin kritik olduğu bildirilir.

Klinikanın həkimləri bəyan edib ki, Aleksandr Navalnı zəhərlənib, onun analizində toksik maddə tapılıb. Mütəxəssislər deyir ki, Navalnının qanında tapılan maddə hərbi zəhərlər sinfinə aiddir və bu maddə insan üçün uzunmüddətli təsirə malik ola bilər. Bu cür zəhərlər arasında, məsələn, “Noviçok”la Böyük Britaniya hökumətinin bəyanatına görə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal zəhərlənmişdi.

Navalnının ilk öncə yerləşdirildiyi Omsk xəstəxanasının həkimləri ona zəhərlənmə diaqnozu qoymaqdan, ölkənin İstintaq Komitəsi isə bu maddə ilə cinayət işi açmaqdan imtina etmişdi.

“Bir daha demək istəyirəm: Alekseydə ”toksik zəhərlənmə var” sözlərini mənə təcili tibbi yardımın həkimləri demişdi”, – Navalnının mətbuat katibi Kira Yarmış Twitter-də yazıb, əlavə olaraq qeyd edib ki, bu, onun ehtimalı deyil: “Yəni Alekseyi görən ilk tibb işçisi bu nəticəyə gəlib. Bundan sonrakı bütün günlər Omsk xəstəxanasının baş həkimi hamının başını aldadıb”. Alman həkimlər deyir ki, bir neçə müstəqil laboratoriyadan təsdiqini tapmış analizin nəticələri Navalnıda zəhərlənmə olduğunu göstərib. Onun dəqiq hansı maddə ilə zəhərləndiyi hələlik müəyyən edilməyib. Navalnı hazırda süni koma vəziyyətindədir və müalicə olunur. Hazırda onun həyatı üçün kəskin təhlükə yoxdur, lakin zəhərlənmənin təsirləri, xüsusilə də sinir sisteminə təsirləri istisna olunmur.

Rus muhalif Navalnıy'ın zehirlenmesinde Novinçok şüphesi!

Aleksandr Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya qayıdanda halı pisləşib və o, komaya düşüb. Siyasətçinin uçduğu təyyarə Omsk şəhərində təcili eniş edəndən sonra yerli xəstəxanaya çatdırılıb. İddia olunur ki, siyasətçinin Moskvaya yollanmaqdan əvvəl, aeroportda içdiyi çayda zəhərli maddə olub. Rusiyalı siyasətçi Berlinə xüsusi Bombardier Challenger 604 təyyarəsi ilə aparılıb. O, komada olan xəstələri daşımaq üçün mühüm avadanlıqla təchiz olunub.

Bundan bir neçə il əvvəl Britaniyaya sığınmış və Rusiyanın casusluqda ittiham etdiyi Aleksandr Litvinenko naməlum maddədən zəhərlənmişdi. Rusiyalı dissident və keçmiş kəşfiyyatçı radioaktiv maddə tökülmüş çaydan içdikdən sonra halı kəskin pisləşmiş və sonra xəstəxanada vəfat etmişdi.

2 il əvvəl, 2018-ci ilin martında Britaniyanın Salisbury şəhərinin mərkəzində Rusiya hərbi kəşfiyyatının (QRU) keçmiş zabiti Sergey Skripal və onun qızı Yuliya huşsuz vəziyyətdə aşkar olunublar. Sergey Skripal Rusiyada casusluqda ittiham olunduqdan sonra 2010-cu ildə ABŞ-da həbs olunan rusiyalılara (onlardan bəziləri Rusiya xarici kəşfiyyat xidmətinin əməkdaşları olublar) dəyişdirildikdən sonra Britaniyada məskunlaşıb. Britaniya hökuməti Rusiya xüsusi xidmət orqanlarını Skripalları “Noviçok” adlı sinir-iflicedici maddə ilə zəhərləmək cəhdində ittiham edib.

Aleksey Navalnı “Noviçok” maddəsi ilə hücuma məruz qalıb

“Noviçok” nədir və harada istehsal olunur?

“Noviçok” kimyəvi silahı işləyib hazırlayanlardan biri rusiyalı hərbi kimyaçı Vil Mirzəyanov hazırda ABŞ-da yaşayır. O, Skripalların zəhərlənmələrindən sonra yeni ölümlərin ola biləcəyi haqda xəbərdarlıq edib. Deyib ki, sinir sistemini iflic edən “Noviçok” maddəsi ilə bağlı Britaniya hökumətinin gördüyü ehtiyat tədbirləri yetərli deyil. Çünki bu maddənin hissəcikləri insan orqanizmi ilə təmas edibsə onu dərhal yox, bir müddət sonra da öldürə bilər. Bundan əvvəl Britaniya hökuməti Skripalın və qızının zəhərəndiyi yerin yaxınlığında olan şəxsləri paltarlarını yumağa, yuyulması mümkün olmayan əşyaları yandırmağa çağırıb. Mirzəyanov deyir ki, bu tədbirlər kifayət deyil. Çünki hadisə yerində kimyəvi mühafizə kostyumunda işləyən mütəxəssislərə təhlükə yoxdur, amma sadə insanların həyatına real təhdid var.  “Həmin adamları hökmən klinik şəraitdə müayinə etmək və bir müddət orada, müşahidə altında saxlamaq lazımdır. Təəssüf ki, bu maddə bir müddət sonra hərəkətə keçə bilir” – Mirzəyanov bildirir.

Bu dəhşətli kimyəvi silahın hazırlanmasında iştirak edən alimin dediyinə görə, “Noviçok”un hissəcikləri insan dərisinə çökə və sonradan sakitcə orqanizmə keçərək ölümə səbəb ola bilər. Onun sözlərinə görə, Skripalların zəhərləndiyi Solsberidə hansısa formada bu maddənin hissəcikləri ilə təmasda olanların hamısı təhlükə altındadır.

Noviçok'un geliştiricilerinden Uglev: Navalnıy Noviçok'la zehirlenseydi  komaya girmez, ölürdü

Xatırladaq ki, Skripalın və qızının zəhərləndiyi yerdə 22 nəfər özünü pis hiss edib və həkimə müraciət etməli olmuşdu. Mirzəyanovun bildirdiyinə görə, zəhərlə təmasda olan insanların paltarlarını yandırması təhlükəni böyüdə bilər, çünki bu zaman hissəciklər tüstü ilə atmosferə yayılacaq. O, əşyaların yandırılmasının xüsusi kameralarda həyata keçirilməli olduğunu deyib. Mirzəyanov əlavə edib ki, “Noviçok”a və əsəb sistemini iflic edən digər vasitələrə qarşı müalicə metodları yetərli deyil. Mizəyanovun dediklərini 1995-ci ildə Rusiyada “Rosbiznesbank”ın prezidenti İvani Kivildinin ölümü də təsdiq edir. O, rəsmi adı “Foliant-232″ olan həmin kimyəvi maddə ilə zəhərlənib. Maddəni kimsə bankirin iş otağında onun telefonunun dəstəyinə sürtüb. Kivildi özünü pis hiss edib, katibəsi bilmədən həmin telefonla təcili yardım çağırıb. Bankir tezliklə xəstəxanada ölüb, ardınca katibəsi keçinib. Kivildinin meyitini yaran pataloqoanatom isə ekspertizadan ay yarım sonra ölüb.

Rusiya casusu Sergey Skripal və qızı Yuliya “Noviçok” adlı kimyəvi maddə hücumundan salamat qalsalar da, onların sonrakı həyatı ömürlük xəstəliklə tamamilə darmadağın olacaq.

Hərbi ekspertlər deyir ki, Rusiya hərbi kimyaçılarından birinin təsadüfən bu supertoksik maddə ilə zəhərlənməsi tarixçəsi göstərir ki, bu zəhərdən salamat qalmaq da dəhşətlidir. Deyilənlərə görə, Andrey Jeleznyakov adlı alimə bu zəhərin antidotu dərhal vurulsa da, o sonralar toksik hepatitdən, epilepsiyadan, ağır depressiya və zəiflikdən iztirab çəkib. O, 5 il sonra vəfat edib.

Bəzi ekspertlər bu maddəni “mafiyasayağı xəbərdarlıq” adlandırırlar.  Hələ Skripallar “Noviçok”a “qonaq” edildikdən sonra Britaniya KİV-ləri yazırdı ki, bununla Moskva xəbərdarlıq edib ki, “ona qarşı çıxanlar boyunlarının arxasından güllə ilə vurulmasalar da, olmazın əzabla öləcəklər”. Britaniyalı beynəlxalq təhlükəsizlik eksperti doktor Patrisia Levis bildirib ki, hazırda “Noviçok” kimi maddələrin nəinki Rusiyada istehsal olunduğunu, hətta konkret olaraq hansı coğrafiyada hazırlandığını da müəyyən etməyə imkanı verən elmi metodlar mövcuddur. Professor Lewis deyir ki, Moskva bütün bunlardan xəbərdardır. Ekspert qeyd edir ki, keçmiş casus Aleksandr Litvinenko da poloniumla zəhərlənərkən onu öldürənlərin məqsədi məhz “iz qoymaq” idi.

Andrey Jeleznyakovun başına gəlmiş hadisə göstərir ki, Noviçok hətta onun təsirinə məruz qalmış şəxs sağ qala bilsə də, dəhşətli maddədir. Versiyalardan birinə görə, hərbi kimyaçı Jeleznyakov “hazır məhsulu” sınaqdan keçirərkən özü zəhərlənmişdi.

“Gözlərimin qarşısında cürbəcür rəngli dairələr görünürdü. Boğulurdum. Başımın içərisində sanki zəng çalırdılar. Məni dəhşətli daxili qorxu hissi bürümüşdü”, – Jeleznyakov deyirdi. Sonra iş yoldaşları onu rəisin yanına aparıblar.

“O dedi ki, bir fincan çay içim və hər şey normal olacaq. Çayı içib qalxdım. Məni yola salmaq üçün bir nəfəri qoşdular. Onunla evə tərəf gedirdik… Birdən gördüm ki, yolun kənarındakı kilsə alovlanıb iki yerə bölündü. Bundan sonra heç nə xatırlamıram” – deyə hərbi kimyaçı bildirib.

Sonra KQB-nin tibbi müəssisəsində Jeleznyakova “Noviçok” preparatının antidotunu vurublar. Vəziyyəti azca yaxşılaşsa da, o bundan sonra xəstə olub. Rəsmi təhqiqatın sənədlərində onun sosiskadan zəhərləndiyini yazıblar. Jeleznyakov daha sonra pensiyaya göndərilib və ona susmağı əmr ediblər. “Həyat eşqi ilə qaynayıb-daşan Jeleznyakov əvvəllər ağac üzərində yonma kimi hobbiyə malik idi. Lakin zəhərləndikdən sonra artıq heç bir iş görə bilmirdi. Onun qollarında xroniki zəiflik vardı, epilepsiyadan və sərt depressiyadan əzab çəkirdi”.

Hazırda ABŞ-da yaşayan digər casus Vil Mirzəyanov 1992-ci ildə “Noviçok”un sirrini faş etdiyinə görə Rusiyadan qaçmalı olub. Britaniya Müdafiə Nazirliyi antiterror şöbəsinin keçmiş rəisi general-mayor Chip Chapman da bu qənaətdədir ki, belə güclü maddədən istifadə edənlər Vladimir Putin hökumətinin başqa opponentlərini qorxutmaq istəyirlər.

“Kimyəvi agentlərdən istifadə psixoloji məsələdir. Ondan istifadə edənlər psixoloji mesaj verməyə çalışırlar” – general deyib. Chapmanın sözlərinə görə, həm də bu mesaj yalnız Britaniyadakılara ünvanlanmayıb. Bununla bütün dünyadakı potensial “vətən xainlərinə” xəbərdarlıq edilib. Sinir sistemini iflic edən “Noviçok” zəhəri haqda bilinənlər bunlardır. Aleksey Navalnının bu zəhərdən canını qurtarması isə dumanlı görünür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153635

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930