İlyas İsmayılovun oğlu üçün killer polkovnik – üç güllənin üç sirri…

21.09.2018 - 11:06

Sentyabrın 19-da axşam Ədalət Partiyasının sədri, sabiq ədliyyə naziri İlyas İsmayılovun oğlu Etimad İsmayılov Türkiyədə qətlə yetirilib. E.İsmayilov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır. E. İsmayılov həm də atasının rəhbəri olduğu Ədalət Partiyasında sədrin xarici əlaqələr üzrə müavini vəzifəsini tutub.

Hadisənin təfərrüatı haqda ilkin məlumatda bildirilir ki, onu şəriki, Azərbaycan DİN-in sabiq polkovniki Gözəl Dəmirov öldürüb. İlkin məlumatda deyilirdi ki, E.İsmayılovla G.Dəmirovun birgə inşaatçılıq işi olub.

Hadisə baş verən gün onlar axşam saatlarında E.İsmayılovun ofisində görüşüb. Birlikdə çay içən şəriklər arasında az sonra mübahisə yaşanıb. Bundan sonra Dəmirov silahını çıxararaq İsmayılovu qətlə yetirib. E.İsmayılova iki güllə başına vurduqdan sonra 3-cü gülləni də ürəyindən atıb.

E.İsmayılovu vurduqdan sonra onun işçilərini silahla təhdid edərək, ofisdən qaçıb. E.İsmayılov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 3 saat sonra isə Gözəl Dəmirov və sürücüsü Beşiktaşda polis tərəfindən saxlanılıb. Cinayətdə istifadə olunan silah polis tərəfindən götürülüb.

Qətlin iki motivi və üç güllə…

Qətlin motivi haqda üç versiya səsləndirilir. Birinci iddiaya görə, G.Dəmirovun E.İsmayilova borcu olub. Ədalət Partiyasındakı məlumatlı mənbələrdən strateq.az-a bildiriblər ki, G.Dəmirov uzun müddət imiş E.İsmayılovun Floryadakı ofisinə gedib-gəlirmiş. Deyilənə görə, o, E.İsmayılova Belarusda ən yüksək səviyyədə ciddi əlaqələrinin olduğunu deyərək, ondan birgə iş görmək adı altında külli miqdarda borc pul alıbmış və bu pulu qaytarmadığından, son zamanlar aralarında gərginlik yaranıbmış.

İkinci iddia o yöndədir ki, G.Dəmirovun işləri son vaxtlar yaxşı getmirmiş və maddi sıxıntı çəkirmiş. Ona görə də azərbaycanlı iş adamlarına dəstək üçün xahiş edibmiş. Guya E.İsmayılov da bu xahişi geri çevirdiyi üçün mübahisə yaranıb.

Üçüncü versiyaya görə isə guya mərhumun G.Dəmirova borcu varmış…

İkinci versiyanı təkzib edən bir maraqlı fakt bu günlərdə Azərbaycan mediasında yayılıb. Belə ki, G.Dəmirov normal gəliri olan iş adamlarından sayılıb. Hətta az öncə o, Türkiyənin nəhəng iş adamı Yaşar Sönməzin qızının toyunda iştirak edib. Bildirilir ki, onun “Fənərbaxça” klubunun sabiq prezidenti Əziz Yıldırımla da biznes əlaqələri olub. Belə iş adamlarına çıxışı və əlaqələri olan G.Dəmirovun E.İsmayılovdan pul istəməsi və rədd cavabı aldığı üçün silaha əl atması az inandırıcı görünür. Bu halda borc versiyası əsas fakta çevrilir. Amma kimin-kimə borclu olduğunu yəqin ki, istintaq müəyyən edəcək.

Daha bir düşündürücü məsələ qətlin amansızlıqla törədilməsidir. Sabiq polis polkovniki E.İsmayılova yaşamaq şansı tanımayıb, ona iki güllə vurduqdan sonra ürəyinə də atəş açıb ki, bu da adətən killerlərin “kontrolnıy vıstrel”i adlanır.

İlyas İsmayılov: “Etimada borcu olub…”

Qətldən bir neçə saat sonra modern.az saytı İlyas İsmayılovla əlaqə saxlayıb. “Ata üçün oğul itkisi çox ağırdır. Etimadın itkisi hamımızın ürəyini ağrıdır. Xəbərin ağırlığından çox sarsılmışam. Axırıncı dəfə 3-4 gün bundan qabaq telefon danışığımız olub. Xüsusi şübhələndiyimiz kimsə də olmayıb. Başqa nəsə danışa bilmirəm. Sadəcə, Etimadın öldürülməsi mənə pis təsir edib. Heç nə düşünə bilmirəm”.

İlyas İsmayılov qısa olaraq qatilin oğluna borcu olduğunu bildirib: “Etimadın kiminləsə problemi olmayıb. O, iş adamı olub və həmin qatilin də ona borcu olub”.

Mərhumun xanımı S.Nuriyeva isə qafqazinfo-ya “mən indi heç bir şey bilmirəm. Elə bil dünya yıxılıb altında qalmışam” deyərək, qətlin motivi ilə bağlı əlavə nəsə danışa bilməyib. E.İsmayılovla Sevil Nuriyevanın bir oğlu var. Partiya sədrinin oğlu S. Nuriyeva ilə 2011-ci ildə ailə həyatı qurub. 2014-cü ildə İlyas adlı oğlanları dünyaya gəlib.

Qatil vaxtilə Əfqanıstandan Azərbaycana 250 döyüşçü gətiribmiş…

Sabiq polis rəisi Mahmud Hacıyev deyib ki, G.Dəmirov sabirabadlıdır, əvvəl Bakı İstintaq İdarəsində, daha sonra Daxili İşlər Nazirliyində idarə rəisi işləyib. “O vaxt Müdafiə Nazirliyi yox idi. Müharibədə vuruşanların, köməklik edənlərin əksəriyyəti elə polislər idi. Gözəl Dəmirov da ən yaxşılardan biri idi” deyə, M.Hacıyev bildirib. Onun dediyinə görə, 1994-1995-ci illərdə G. Dəmirov həbs təhlükəsi ilə üzləşib: “Onun həbsinə hazırlıq gedirdi. Polkovnik-leytenant rütbəsindəydi. Ona görə də orqandan xaric olunaraq, hər şeyini yığıb Türkiyəyə getdi. Ailəli idi. Bildiyim qədəri ilə 2 övladı var. Türkiyədə bizneslə məşğul olmağa başladı. Ora gedəndən sonra əlaqələrimiz olmasa da, gedib-gələnlərdən xəbərləşirdik. Orada da normal həyat tərzi sürürdü, bacarıqlı, hörmətli, hər mənada yaxşı insan idi.

Yəni kiməsə “pul atan”, kiməsə “torba tikən” biri deyildi. Yerlim deyil, qohumum deyil, mən qazaxlı, o, sabirabadlı. Amma adam gərək haqqına danışsın”.

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov qatil haqda maraqlı fakt açıqlayıb. Sabiq nazirin dediyinə görə, G.Dəmirov və onun Bakı Soyuducular Zavodunun direktoru olan qardaşı Əfqanıstanda mücahidlərin Qarabağda döyüşlərdə iştirakında fəal rol alıblar.

“Gözəl Dəmirovu göndərdim Əfqanıstana – Qəndəhara. Danışıqlardan sonra oradan 250 nəfər muzdlu döyüşçü gətirildi” deyə, İ.Həmidov vurğulayıb.

Etimad İsmayılov kim idi?

Etimad İsmayılov Azərbaycanın birinci ədliyyə naziri, sabiq baş prokuror İlyas İsmayılovun iki oğlundan böyüyüdür. E. İsmayılov 1969-cu il iyunun 22-də anadan olub.

O, Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib. E.İsmayılov uzun illər Rusiyada, sonradan isə Türkiyədə bizneslə məşğul olub.

Onun biznesini Rusiyadan birbaşa və birdəfəlik Türkiyəyə daşımasına səbəb də günahsız yerə Rusiyada sifarişlə həbs edilməsi olub.

O, Rusiyada yaşadığı müddət Çelyabinsk şəhər Mərkəz Məhkəməsində barəsində 24 avqust 2006-cı ildə cinayət işi başlanmışdı. (axar.az). 2 ildən artıq gedən məhkəmə prosesinin kökündə E.İsmayılovun rəhbəri olduğu Avrasiya MMC-nin Çelyabinsk vilayətinin kənd təsərrüfatı müəssisələrinə dizel yanacağı ilə təmin etməklə bağlı imzalanmış müqavilə durub. Bununla bağlı “Ərzaq Korporasiyasyı” adlı dövlət müəssisəsinin rəhbəri Şvadçenko ilə dəyəri 207 milyon rubl (1 milyon dollar) olan müqavilə imzalanıb. Pul bütünlüklə əvvəlcədən ödənilib. Şvadçenko bu pulu qondarma firmanın hesabına köçürüb və bununla da qalmaqal başlanıb. E. İsmayılov qətiyyətlə iddia edirdi ki, Şvadçenko onu aldadaraq pulu Çelyabinsk qubernatorunun himayəsi ilə mənimsəyib. Lakin məhkəmə bütün detalları araşdırmadan hökm verib.

Bu qaranlıq məsələlərdən biri də 207 milyon rublun hara yoxa çıxması olub. Bunu məhkəmə də etiraf edib. Məhkəmə hökm çıxararkən Federal Təhlükəsizlik Xidmətinə rəsmi iradlarını da əlavə edib. Belə ki, FTX-nin yerli bölməsi cinayəti aşkar etsə də, nədənsə mənimsənilən dövlət pulunun hara köçürüldüyünü müəyyən edə bilməyib. Məhz E.İsmayılov da aldadıldığını deyərək, burada Çelyabinsk şəhər rəhbərliyini ittiham edirdi.

29 oktyabr 2010-cu ildə E.İsmayılov cinayət işi üzrə Çelyabinsk şəhər Mərkəz Məhkəməsində keçirilən sonuncu proses zamanı 8 il müddətinə azadlıqdan məhrum edildi. E.İsmayılov 2011-ci il avqustun 15-də 5 milyon rubl girov müqabilində Çelyabinsk Mərkəzi Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı.

O, həbsdən çıxdıqdan sonra Çelyabinskini tərk etməyəcəyi, məhkəmə və hüquq-mühafizə orqanlarını ələ alan mafiyaya qarşı mübarizə aparacağı barədə bəyanat vermişdi. Lakin ailəsinin istəyi ilə Azərbaycana qayıtdı. Bir müddət Azərbaycanda yaşadıqdan sonra Türkiyənin İstanbul şəhərinə köçmüş, biznesini də birdəfəlik Rusiyadan İstanbula köçürmüşdü.

Dəfn

Ədalət Partiyasından verilən açıqlamada bildirilib ki, İlyas İsmayılov və ailəsi hazırda Azərbaycandadır.

Etimad İsmayılovun cənazəsi sentyabrın 20-də axşam Bakıya gətirilib. Mərhumun bu gün Nardaranda torpağa tapşırılacağı deyilir.
“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=122893

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2018
BE ÇA Ç CA C Ş B
« Noy    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31