“Dədə, getmə” – Aqil Abbas Qurban haqda danışır…

10.12.2018 - 13:44

Qurban Qurbanovun Azərbaycan yığmasına baş məşqçi gətirilməsi səhv addım idi. Mən bunu hələ o vaxt yazmışdım və bildirmişdim ki, cəmisi bir ildən sonra indi qəhrəman olan Qurbanov antiqəhrəmana çevriləcək. Çünki Azərbaycan yığmasının heç bir potensialı yoxdur.

Bu sözləri Axar.az-a idman yazarı Natiq Muxtarlı “Qarabağ” futbol klubunu və Azərbaycan millisini çalışdıran Qurban Qurbanovun millidən istefaya göndərilməsini şərh edərkən bildirib.

N.Muxtarlının sözlərinə görə, Azərbaycanda yığma komandanı böyük hədəflərə daşıya biləcək futbolçular yoxdur:

“Belə futbolçular yetişdirilməyib. Sadəcə, “Qarabağ”ın uğurlarından sonra cəmiyyətdə eyforiya yaranmışdı. Hər kəs düşünürdü ki, Qurban Qurbanov gəlsə, yığma da inkişaf edəcək. Ancaq Qurbanov “Qarabağ”da uğuru əcnəbilərsiz əldə edə bilməzdi. Azərbaycan yığmasında isə o əcnəbilər yoxdur. Həmin vaxt AFFA rəhbərliyi tənqidlərdən sığortalanmaq üçün Qurban amilindən yararlandı. Cəmiyyətin köpü alınandan sonra isə onu istefaya göndərdilər”.

İdman yazarı hesab edir ki, Q.Qurbanovun gedişi də yığma komandada heç nəyi dəyişməyəcək:

“Sizə kartof qızartmağı tapşırırlar, amma kartof vermirlər. Bax, Azərbaycan yığmasının durumu buna bənzəyir. Avropa çempionatının final mərhələsinə vəsiqə əldə etməyi tələb edirlər. Amma futbolçu yoxdur. Yoxdursa, bu vəsiqəni necə əldə etmək olar? Qurban olmasın, Allahın bacısı oğlu olsun, Azərbaycan yığmasında heç nə dəyişməyəcək”.

Millət vəkili, “Qarabağ” klubunun qatı azarkeşi Aqil Abbas isə Q.Qurbanovun millidən getməsinə sevinənlərdəndir. Deputat bildirib ki, əslində Q.Qurbanova bir qədər də möhlət verilsəydi, nələrsə edə bilərdi:

“Millinin keçmiş baş məşqçilərindən olan Berti Foqsla da 6 illik müqavilə imzalamışdılar. Ancaq o da bir iş görə bilmədi, vaxtından əvvəl yola saldılar getdi. Gedəndən sonra da Avropa qəzetlərinə Azərbaycan haqqında ağzına gələni danışdı, şantaj etdi.

Qurban Qurbanovla da 6 illik müqavilə imzalanmışdı. Ona möhlət verilməli idi bir qədər. Baş məşqçi hələ komandanı yığmalı, öyrənməli, bildiklərini öyrətməli idi. Bu bir ilin işi deyil axı. Bu komandanı yığmaq üçün bizdə futbolçu yoxdur. Qurban Qurbanov nə etsin buna görə? Qurbana ən az bir il də möhlət verilməli idi, bundan sonra ondan nə isə tələb etmək olardı.

Ancaq mən çox sevindim Qurbanın millidən getməsinə. Çünki Qurban “Qarabağ”da yığdığını millidə itirirdi. Çünki o, “Qarabağ”da komanda yetişdirib. Qurbanın yetişdirdiyi “Qarabağ” elə Azərbaycanın millisi kimi Avropada sözünü deyir. Onsuz da Azərbaycan yığmasından heç kəs heç nə ummur, çünki hamı bilir nə nədir?”

A.Abbas bildirib ki, Q.Qurbanovun millidən getməsilə “Qarabağ”ın oyunları dirçəldi:

“Ötən gün 5 qol vurmuşdu, dünən də 6 qol vurdu. İki oyunda artıq 11 qol vurub. Ancaq yerdə qalan 12 oyunda cəmi 21 qol vurulmuşdu. Qurbana imkan versinlər, elə “Qarabağı” Avropada təmsil etsin.

“Qarabağ” mənim komandamdır. Elə Qurbanı milliyə dəvət edəndə dedim ki, dədə, getmə.

Qurban milliyə gedəndən deyirdilər ki, iki komandanı çalışdırmaq mümkün deyil. Qobanovski “Dinamo Kiev” və SSRİ komandalarına baş məşqçilik edib. Smenyan da “Spartak” və SSRİ-ni çalışdırıb, daha sonra Peskov da “Spartak” və SSRİ komandalarını birgə aparıb, uğur da qazanıblar. Yəni iki komandanı işlətmək, uğura aparmaq mümkündür. Ancaq o şərtlə ki, oynaya bilən futbolçu olsun. Futbolçu olmayandan sonra lap Qvardiolanı “Keşlə” klubuna baş məşqçi qoy, nə edə biləcək? Gərək futbolçu olsun ki, Qurban da oynada bilsin də. Niyə “Qarabağ”ı işlədə bildi? Çünki yaxşı futbolçular var orada”.

Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov millidən istefaya göndərilib. Milli komanda ilə 6 illik müqaviləsi olan və bunun heç bir ilini tamamlamayan tanınmış məşqçi AFFA İcraiyyə Komitəsinin üzvlüyündən də gedəcəyini açıqlayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125403

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930