“Müsəlman Qardaşlar” – Yaxın Şərqi silkələyən güc

07.01.2019 - 12:24

Körfəz ölkələri Qətər və “Al Jazeera”ni niyə xain elan etdi?; Ərəb monarxlarının seçki qorxusu; Amerika: “2030-cü ilə qədər rahat ola bilərsiz”

“Al Jazeera” Yaxın Şərqdə real siyasi güc olan “Müsəlman qardaşlar”ı (Əl-İxvan əl-Müslimun) haqqında maraqlı yazı hazırlayıb. Bölgədə mövcud olan problemlərin səbəbini anlamaq baxımından məqalədə tutarlı arqumentlər var. Musavat.com həmin yazının diqqətçəkən məqamlarını sizinlə bölüşür.

Oradan başlayaq ki, “Müsəlman qardaşlar” özülü 1928-ci ildə Misirdə Həsən Bənna tərəfindən qoyulmuş beynəlxalq dini-siyasi təşkilatdır. Bütövlükdə İslam dünyasında, xüsusi ilə ərəblər yaşayan bölgələrdə populyar olan sünni hərəkatı kimi tanınır. Əsasən xeyriyyə işləri üzərindən siyasət yeridir. 2015-ci ildən Bəhreyn, Misir, Rusiya, Suriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmiliyi (BƏƏ) və ABŞ tərəfindən terrorçu təşkilat hesab olunur. Türkiyə və Qətər bu təşkilata dəstək verir.

“Müsəlman qardaşlar” deyir ki, “Quran” və “Sünnə”yə əsaslanaraq müsəlman ailəsinin, şəxsin, cəmiyyətin və dövlətin bütün problemlərini ən münasib qaydada həll etmək mümkündür.

O da maraqlıdır ki, “Müsəlman qardaşlar” bir vaxt Səudiyyə Ərəbistanı tərəfindən açıq şəkildə müdafiə olunub. 2012-ci ildə “Ərəb Baharı” dalğasında leqal fəaliyyətə başlayan “Müsəlman qardaşlar” tezliklə Hüsni Mübarəkin devrilməsində həlledici rol oynadı və prezidentliyə namizəd kimi irəli sürdüyü Məhəmməd Mursinin taxta çıxmasını təmin etdi.

“Allah Hüsni Mübarəkə kömək olsun”, deyən BƏƏ-nin varis şahzadəsi Məhəmməd bin Zeyid Əl Nəhayən hələ 2007-ci ildə Amerikaya xəbərdarlıq etmişdi ki, Misirdə seçki keçirilsə “Müsəlman qardaşlar” iqtidara gələcək. Əgər Dubayda seçki keçirilsə, orada da “Müsəlman qardaşlar” qalib olacaq. “Wikileaks” yaydığı məxfi yazışmalarda belə deyilirdi. Elə bu səbəbdən də ABŞ Körfəz ölkələrində normal seçkilərin keçirilməsini 2030-cü ilə qədər geri çəkdi.

O da qeyd olunmalıdır ki, bu təşkilat dəfələrlə özünün sülhsevər demokratik təşkilat olduğunu bəyan edib: “Biz zorakılığı və zorakı hərəkətləri pisləyirik”. Təşkilatın ingilisdilli saytında yazılıb ki, “Müsəlman qardaşlar” islahat, demokratiya, azad toplaşmaq haqqı, azad mətbuat… kimi dəyərləri qəbul edir.

Ancaq bu kimi bəyanatlara Qərb inanmayıb. Çünki “Müsəlman qardaşlar” əsas hədəfləri barədə danışarkən vurğulayır ki, biz islam ölkələrini, xüsusi ilə ərəb dövlətlərini xarici imperialist qüvvələrdən azad etməliyik: “İslam problemlərin həlli deməkdir. İnanclı insanlar qardaşdır”.

2017-ci ilin iyununda Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətəri izolyasiya etmək üçün bir araya gəldi. Onlar Qətəri terrora dəstək verməkdə və İranla “çox yaxınlıq” etməkdə suçladı. Bəllidir ki, adıçəkilən ölkələr “terror” dedikdə “Müsəlman qardaşlar”ı təşkilatını nəzərdə tuturdu.

Hərçənd bir vaxtlar Səudiyyə Ərəbistanı “Müsəlman qardaşlar”a ən çox dəstək verən ölkə olub. Buna baxmayaraq, bu ölkə Qətərin küncə sıxışdırılmasında baş rolu ifa edirdi…

Qətərdə ABŞ-ın hərbi bazası var. Məhz Amerika qırıcıları həmin bazadan qalxaraq Suriyaya bomba səpələyirlər. Ona görə də Amerika Səudiyyə Ərəbistanının bu şıltaqlığına arxa durmadı. Qətərdə hərbi bazası olan Türkiyə də bu dövlətə ciddi dəstək verdi. BƏƏ-nin varis şahzadəsi Məhəmməd bin Zeyid Əl Nəhayən 2014-cü ildən fakti olaraq iqtidardadır. “WikiLeaks”in onunla bağlı 2010 və 2011-ci illərdə yaydığı məxfi məlumatlarda maraqlı məqamlar var. ABŞ-ın Əbu-Dabidəki səfiri 2004-2010-cu illərdə Vaşinqtona göndərdiyi məxfi yazışmalarda deyirdi ki, “Müsəlman qardaşlar”ı təşkilatının hərəkətverici qüvvəsi BƏƏ-dir.

Bu barədə gedən məlumatlara aydınlıq gətirən “Al Jazeera” yazır ki, Məhəmməd bin Zeyid iqtidara gələndən sonra balaca BƏƏ dünyada ən çox silah alan 5-cü ölkə oldu. Stokholmdakı Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, BƏƏ Yaxın Şərqdə Səudiyyə Ərəbistanından sonra ABŞ-dan ən çox silah alan ölkədir. Təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatlarının hazırda istefada olan müdafiə naziri Ceyms Mettis BƏƏ haqında danışarkən bu ölkəni “Balaca Sparta” adlandırmışdı.

BƏƏ-nin 1 milyon civarında vətəndaşı var. Ancaq bu ölkə Yaxın Şərqin ən hərbiləşmiş ölkələri sırasında öndə gedir. BƏƏ-nin hərbi kontingenti Əfqanıstan və Yəməndə vuruşur. Liviyanın bombalanmasında iştirak edib. Somalilend və Eritreyada hərbi bazaları var, Yəmənin bir adasını işğal edib.

Hazırda BƏƏ ABŞ-ın Yaxın Şərqdə açar sayılan hərbi müttəfiqidir. “WikiLeaks”ın 2009-cu il məxfi sənədlərinə görə, BƏƏ-nin varis şahzadəsi Məhəmməd bin Zeyid Amerika rəsmilərinə belə deyib: ”Əgər İran bizi raket atəşinə tutsa, biz onları axıra kimi təqib edəcəyik və onları öldürəcəyik”. BƏƏ-nin Yaxın Şərqdə özünə “Əbədi düşmən” elan etdiyi “Müsəlman qardaşlar”ı təşkilatıdır.

“Müsəlman qardaşlar”ı niyə düşmən elan olundu? Çünki onlar iqtidarın seçki ilə müəyyənləşməsini istədilər. Bu, Yaxın Şərqdəki monarxiyaları qorxuya saldı.

O vaxt yayılmış məxfi məlumatlarda Məhəmməd bin Zeyid deyirdi: “İranın “Müsəlman qardaşlar”ına təsiri aydın görünür. Onlar ərəbləri ənənəvi rəhbərlərə arxa çevirməyə təhrik edirlər, hansı ki, həmin rəhbərlər ərəb xalqı üçün çox böyük önəm daşıyır”.

“Al Jazeera” yazır ki, 2001-ci ilin 11 sentyabrında “Əl-Qaidə”nin ABŞ-a təşkil etdiyi terror hücumunda iştirak edənlərin 15 nəfəri Səudiyyə, 2 nəfəri isə BBƏ vətəndaşı idi. Həmin terror hücumunun istintaqı zamanı bəlli oldu ki, hücumun təşkili üçün gərəkən maliyyə BƏƏ bankları vasitəsi ilə həyata keçirilib.

2004-cü ildə yayılmış məxfi məlumatda Məhəmməd bin Zeyid Amerikalı rəsmilərlə söhbətində oğluna görə çox üzüldüyünü söyləyir: “Mənim oğlum çox ağıllıdır. Həmyaşıdlarına nümunə olan birisidir. Ancaq o gün görürəm ki, anti-Qərb fikirləri səsləndirir.

Araşdırdım, məlum oldu ki, “Al Jazeera”ya çox baxmağın nəticəsində oğlumda belə yanlış fikirlər formalaşıb. Yəni, “Al Jazeera” bizim ailəmizin həmrəyliyinə də mənfi təsir göstərir. Düşünün ki, “Al Jazeera” Əbu-Dabi əmiri Şeyx Xəlifə Bin Zayidın nəvəsinin düşüncəsinə belə pis təsir edə bilirsə, bisavad və aşağı sinfə aid olan insanlar bu TV-nin təsirindən nə gündədir”…

“Al Jazeera” yazır ki, 2017-ci ilin iyununda BƏƏ, Səudiyyə Ərəbistanı, Misir və Bəhreyn “Al Jazeera”inin bağlanması tələbi ilə çıxış etdi. Qətər bu kimi tələbləri rədd etdi.

Küveyt yaranmış vəziyyətdən çıxmaq üçün adıçəkilən ölkələrlə Qətər arasında vasitəçilk etməyə çalışır. Vasitəçi xəbərdarlıq edir ki, yaranmış vəziyyət Körfəz ölkələri arasında münasibətləri pisləşdirir. ABŞ və Avropa Birliyi də bu işə dəfələrlə müdaxilə edib. Bütün təkidlərə baxmayaraq, bu ölkələr arasında münasibətlər normallaşmayıb, macərasından çıxmış münasibətlər əvvəlki axarına dönməyib.

Amerikanın Yaxın Şərqdən çəkilməsi Qətərlə onu izolyasiya etməyə çalışan dövlətlər arasındakı münasibətlərə necə təsir edəcək? Konkret nə isə demək çətindir. Ancaq bəlli olan odur ki, ABŞ Qətərdən heç yana getməyə hazırlaşmır. Çünki orada hərbi bazası var…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126184

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930