İranı haradan vuracaqlar – mümkün versiyalar

17.05.2019 - 11:39

Vaşinqtonun İran ətrafındakı hərbi gücü və imkanları nə qədərdir?..

Hər nə qədər İran dini lideri və ABŞ prezidentinin “müharibə olmayacaq” bəyanatları son günlər yaranmış ajiotajı aradan qaldırsa da, müharibə riski qalır. Çünki Vaşinqtonun ötən həftə körfəzə, İran sahillərinə göndərdiyi hərbi qüvvələr hələ də oradadır, üstəlik, regionda siyasi vəziyyət günü-gündən pisləşir.

Ancaq bu qüvvə toplama müharibə üçün səbəb sayıla bilməz. Məsələn, iddialara görə, Trampın İran mövzusunu həvalə etdiyi milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, Fars körfəzinə qüvvə göndərilməsi İrana “qəti və kəskin bir mesaj vermək” üçündür. Eyni zamanda o deyib ki, bu addımlar “bir sıra narahatlıq doğuran və gərginliyi artıran işarə və xəbərdarlıqdan” sonra atılıb.

Bütün hallarda regionda gərginliyin artması açıq-aydın hiss olunur. Əvvəlcə bazar günü BƏƏ sahillərində Səudiyyə Ərəbistanına məxsus 2 tanker, eləcə də BƏƏ və Norveçə məxsus bir gəmi olmaqla 4 neft daşıyan tanker hücuma məruz qaldı. Hücuma görə məsuliyyəti üzərinə götürən olmasa da, ABŞ mənbələri İranı, İran tərəfi isə provokasiyanı İsrailin törətdiyini iddia edir. Həftənin əvvəlində isə Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilindəki neft boru kəməri və nasos stansiyaları 7 bombalı dronun hücumuna məruz qaldı. Bu hücuma görə Səudiyyə rəsmiləri Yəməndəki husiləri ittiham etdi.

Ötən gün isə ABŞ hökuməti İraqdakı diplomatik personalın böyük əksəriyyətini ölkədən çıxaracağını bəyan etdi. Buna səbəb kimi İraqda ABŞ diplomatlarına hücum hazırlığı ilə bağlı xəbərlər olduğu iddia edilir.

Bütün bu ard-arda baş verən hadisələr müharibə öncəsi olayları xatırladır. Və təbii ki, hər dəfə İrana hərbi müdaxilə mövzusu gündəmə gələndə aktual bir sual ortaya çıxır: ABŞ İranı hansı ölkə üzərində vuracaq?

Məsələ ondadır ki, indi faktiki olaraq İranın dörd bir tərəfində ABŞ hərbi bazaları yerləşir. Türkiyə, İraq, Küveyt, Bəhreyn, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Omanda rəsmi şəkildə mövcud olan ABŞ hərbi bazaları var. Bundan başqa, Hind okeanında ABŞ qüvvələri mövcuddur. İranın digər qonşuları da bu ölkəyə hücum zamanı potensial zərbə nöqtələri ola bilər.

Yeri gəlmişkən, ilk dəfə ABŞ-ın İrana hücum xəbərləri çıxanda məhz bu ölkələrin adı çəkilirdi. Məsələn, “Nezavisimaya Qazeta” 2003-cü ilin mayında hazırladığı məqalədə ABŞ-ın İranı İraq, Azərbaycan və Gürcüstan üzərindən vuracağı yazılırdı. Bu cür iddialar sonrakı dövrdə də yayıldı. Hətta Qərb mediasında Azərbaycan aerodromlarının İrana hücumda istifadə ediləcəyi iddiaları yer almışdı. Lakin Azərbaycan hökuməti ən yüksək səviyyədə bu iddiaları təkzib etdi.

USA İRan ile ilgili görsel sonucu

Ötən ilin payızında C.Boltonun Cənubi Qafqaz regionuna səfərində də əsas məqsəd bölgə dövlətlərinə Vaşinqtonun İranla bağlı mövqeyini bildirmək idi. Hər halda, ekspertlər belə düşünürdü…

Aydın məsələdir ki, İranla böyük sərhəd xəttinə malik və eyni zamanda bu ölkə ilə etnik və dini bağlılığı olan Azərbaycan İranda müharibə istəmir. Çünki müharibənin gətirdiyi zərərlərlə yanaşı, Azərbaycana kütləvi qaçqın axını və o tayda çoxlu sayda soydaşlarımızın ölümü bu tərəfə də təsirsiz ötüşməyəcək. Digər tərəfdən, Azərbaycan öz ərazilərindən İrana qarşı istifadə üçün verib savaşın və zərbələrin riskini ala bilməz. Bu baxımdan Bakının bu plana “yox” dediyi aydındır. Gürcüstanın isə İranla birbaşa sərhədi yoxdur və Azərbaycan və Ermənistanın hava dəhlizi vermədiyi təqdirdə Gürcüstan ərazilərindən istifadənin bir faydası ola bilməz.

USA İRan Boltin ile ilgili görsel sonucu

Sırada qalır Ermənistan. Əlbəttə, Rusiyanın hərbi bazalarının yerləşdiyi Ermənistanın İrana hücum üçün koridor verəcəyi əvvəldən inandırıcı deyildi. Ancaq indi situasiya dəyişib. Birincisi, Ermənistanın “patronu” Rusiya özü belə İran məsələsində əvvəlki mövqedə deyil. Dünən Pompeo ilə görüşdən sonra Putin İranı qoruya bilməyəcəyini açıq ifadə edib. İkincisi isə qərbyönlü Paşinyan hökuməti ABŞ-la daha yaxındır və Vaşinqtonun tələbləri qarşısında ərazilərini verə bilər.

İranın digər şimal sərhədində Orta Asiya ölkəsi Türkmənistan yerləşir. Ancaq bu ölkədə ABŞ-ın təsdiqlənmiş hərbi mövcudluğu yoxdur, eyni zamanda Aşqabadın adı İrana qarşı hücumda hallanmayıb.

Sırada növbəti ölkə Əfqanıstandır. 2001-ci ildə ABŞ ordusu tərəfindən işğal olunan Əfqanıstanda hazırda rəsmi rəqəmlərə görə 14 min ABŞ hərbçisi mövcuddur. Kabil, Qəndəhar, Məzari-Şərif, Barqam kimi aviasiya bazalarında ABŞ ordusunun aviasiya və raket sistemləri mövcuddur. Yəni Əfqanıstan bu mənada ABŞ-ın əlindədir.

İranın daha bir böyük qonşusu Pakistandır. İmran Xanın baş nazir seçilməsindən sonra Tehran-İslamabad əlaqələrində istiləşmə meylləri açıq şəkildə özünü göstərsə də, Pakistanın Tehran üçün əlverişli ortaq olacağını demək çətindir. Ancaq Pakistanın eyni zamanda ABŞ-la münasibətləri xeyli dərəcədə soyuqdur. İndiki şərtlərdə ABŞ-ın Pakistan ərazilərindən İrana qarşı istifadəsinə icazə verməsi az inandırıcıdır.

İranın qərb sərhədlərindəki qonşusu Türkiyədir. Türkiyədə ABŞ hərbi varlığı olsa da, Ankaranın öz ərazilərindən İrana qarşı istifadəyə icazə verməsi inandırıcı deyil. Hələ 10 il əvvəl Abdulla Gül bu barədə suala cavab olaraq İran-Türkiyə sərhədlərinin razılaşdırıldığı 1639-cu ildə bir çox dövlətlərin mövcud olmadığını deməklə Amerikaya eyham vurmuşdu.

USA İRan İrak ile ilgili görsel sonucu

İranın quru sərhədlərinin olduğu sonuncu ölkə İraqdır. Hazırda rəsmi olaraq İraqda 5200 nəfər ABŞ hərbçisi var. Ancaq hazırda Bağdad və Vaşinqton arasında soyuq küləklər əsir. Ötən gün Ankarada olan İraqın baş naziri Adil Əbdülmehdi ölkəsinin öz ərazilərindən İrana hücum üçün istifadəyə icazə verməyəcəyini deyib. Amma bu bəyanatın nə qədər işlək olacağını demək çətindir, çünki İraq üzərində faktiki ABŞ hərbi hakimiyyəti mövcuddur.

Qeyd edək ki, ABŞ-ın hazırda regionda nə qədər hərbi gücünün olduğu dəqiq bilinmir. Bir neçə il əvvəlin rəqəmlərinə görə, Pentaqon Yaxın Şərq regionunda 120 min hərbi qüvvə saxlayır. Yaxın Şərq regionu ABŞ ordusunun Mərkəzi Qüvvələr Komandanlığı, başqa adla SETCOM ərazisinə daxildir. Fars körfəzi, Oman dənizi, Qırmızı dəniz və Hind okeanında təxminən 20 milyon kv.km əraziyə nəzarət edən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanması İranın “bir addımlığında”, Bəhreyn ada dövlətində yerləşir. 5-ci donanmada 20 minə yaxın hərbi qulluqçu və 20 döyüş gəmisi xidmət edir.

İraqın cənubunda, Fars körfəzi sahillərində yerləşən Küveytdə bir neçə ABŞ hərbi bazası mövcuddur. Bunlardan ən məşhuru Əhməd əl-Cabir hərbi hava bazasıdır. Hansı ki, amerikalılar bu bazadan İraqa qarşı müharibədən geniş şəkildə istifadə edib.

Körfəzin ən sakit ölkəsi Omanda “ərəb baharı” prosesində təxminən 26 min ABŞ hərbçisi yerləşirdi.

Səudiyyə Ərəbistanında isə paytaxt ər-Riyad yaxınlığında ABŞ hərbi bazasında hələ də 5 minə yaxın amerikalı hərbçi və təyyarə xidmət edir. BƏƏ-nin Dubay əmirliyi və eyni adlı şəhərində də ABŞ hərbi bazası və “nimts” sinfinə aid aviadaşıyıcısı xidmət edir.

Qətərdə yerləşən əl-Udeyd hərbi hava bazası ile ilgili görsel sonucu

Qətərdə yerləşən əl-Udeyd hərbi hava bazasında isə 13 min hərbçi xidmət edir. ABŞ ordusunun regiondakı ən böyük aviabazasına bir neçə gün əvvəl nüvə bombası daşıyan 4 ədəd B-52 bombardmançıları yerləşdirilib.

Göründüyü kimi, ABŞ faktiki olaraq regiona nəzarət edəcək hərbi gücə sahibdir. Bu qüvvələr dənizdə və regionun müxtəlif ölkələrinə səpələnib. Ancaq onu da qeyd etmək lazımdır ki, aviasiya üçün açıq məkan olsa da, İran 1,648 milyon kv.km ərazisi ilə çox geniş və mürəkkəb ölkədir. Bu ölkədə quru əməliyyatları real deyil. İsrail, ABŞ və İranın Yaxın Şərqdəki düşmənlərini çəkindirən də bu amildir. Hər kəsə aydındır ki, İranı müasir təyyarələrlə havadan bombalamaq mümkün olsa da, sonradan onun yaradacağı əks-nəticələr qarşısında durmaq çətin olar. Bu səbəbdən də Vaşinqton Tehranı iqtisadi cəhətdən zəiflətmək, daxildəki “minaları” işlə salmağa çalışır.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=128289

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930