KORONAVİRUS PANİKASINA QAPILMAMAQ… – Azərbaycanda bu təhlükənin qarşısı necə alınır?

28.02.2020 - 17:50

Azərbaycanda koronavirusun aşkarlandığı rəsmən təsdiqləndi. Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq etdi və məlumatda qeyd olundu ki, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır.

İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub və həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

Bu virusun İranda aşkarlanmasından sonra onun qonşu ölkələrə də keçəcəyinə şübhə edənlər az idi və belə də oldu. Çünki bütün profilaktik tədbirlərə rəğmən bu tip epidemiyaların yayılmasının qarşısını birmənalı şəkildə tam almaq olduqca çətindir. Bunu sözügedən epidemiyanın ən yüksək texnologiyalara və inkişaf etmiş səhiyyəyə malik Yaponiya və Cənubi Koreya kimi ölkələrdə aşkarlanması da təsdiqləyir.

İndi əsas məsələ bu hadisəni panikaya, kütləvi psixoz halına gətirmədən, soyuqqanlı şəkildə qəbul etmək və bundan sonra görülməli olan işlərə diqqət yönəltməkdir. Bu işdə maarifləndirmə və düzgün məlumatlandırma məsələsi olduqca önəmlidir. Xüsusilə sosial şəbəkələrin bu sahədəki rolu çox əhəmiyyətlidir. Çünki məhz bu şəbəkələr klassik mənada virusun özündən daha təhlükəli olan psixoloji virus yaymaq imkanına malikdir.

Son günlər sosial şəbəkələrdə ayrı-ayrı tanınmış həkimlərin, mütəxəssislərin koronavirusla yaydıqları real bilgilər, onun təhlükəlilik səviyyəsi və ondan qorunma yolları ilə bağlı fikirləri təqdirəlayiqdir. Həmin məlumatlardan da aydın olur ki, bu virus daha çox “piar olunub” və insanlara real təhlükəsindən qat-qat artıq formada təqdim edilir.

Əslində, söhbətin hər zaman mövcud olan və daha çox yaşlı, ağır xəstəlikdən əziyyət çəkən insanlar üçün həyati təhlükə törədən bir virusdan getdiyi məlum olur. Statistika da göstərir ki, bu virus əsasən xroniki ağır xəstəlikləri olan və yaşı 70, hətta 80-i keçən insanlar üçün ölüm təhlükəsi yaradır. Digər tərəfdən, ümumilikdə ondan ölmə ehtimalı 2-3 faiz aralığındadır və indiyə qədər bu xəstəliyə yoluxanların böyük qismi artıq sağalıb.

Əlbəttə ki, bütün bunlar sözügedən epidemiya ilə bağlı tədbir görülməməsi anlamına gəlmir. Təbii ki, Azərbaycan da daxil olmaqla, istənilən ölkə öz vətəndaşlarının sağlamlığını hər şeydən üstün tutmalıdır və epidemiyaların, virusların yayılmasının qarşısını almağa çalışmalıdır. Rəsmi məlumatlardan isə belə aydın olur ki, Azərbaycan viruslara, o cümlədən koronavirusa qarşı bütün diaqnostika və mübarizə vasitələrinə malikdir.

O da məlumdur ki, artıq Azərbaycanda beynəlxalq standartlara cavab verən biotəhlükəsizlik laboratoriyaları paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərir. Bu laboratoriyalar bir sıra xüsusi təhlükəli xəstəliklərin molekulyar diaqnostikası üzrə ixtisaslaşıb. 

Eyni zamanda, Koronovirus(COVİD-19) infeksiyasının yüksək həssaslıqla PZR metodu ilə təyini qısa zaman ərzində həyata keçirilir. Qurulan bu laboratoriyalar stasionar, səyyar və mobil tiplidir. Bu laboratoriyalarda həyata keçirilən diaqnostik metodlar, həmçinin koronavirusun təyini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilib.

Bir sözlə, belə məlum olur ki, sırf texniki təchizat və qüvvələrin səfərbər olunması sarıdan dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirməkdədir. Qalır cəmiyyətin bu məsələyə daha adekvat və soyuqqanlı münasibət göstərməsi. Təəssüf ki, süni ajiotaj yaradılması, şayiələr yayılması, işbazların bu durumdan istifadə etməsi və sair bu kimi xoşagəlməz hallar müşahidə olunur.

Ancaq ümid edək ki, ölkəmiz bu təhlükəni asanlıqla atladacaq və koronavirusa yoluxmamaqla yanaşı, cəmiyyət olaraq ilk növbədə psixoloji virusu yaxın buraxmayacaq, panikaya qapılmayacağıq.

Rasim Əliyev

AzPolitika.info

 

 

 

 

 

 

 

 

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=143265

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2020
BE ÇA Ç CA C Ş B
« Mar    
 12345
6789101112
13141516171819
20212223242526
27282930