“Batka” bir ssenari qurdu, hər şeyi tərsinə çevirdi

10.08.2020 - 23:36

Belarus prezidenti Aleksandr Lukaşenko həm ABŞ və Qərblə, həm də Rusiya ilə geniş manevr imkanları qazanmış kimi görünür…

Postsovet məkanında son illərin ən önəmli siyasi hadisələrindən biri nəhayət ki, baş verdi. Belarusda növbəti prezident seçkiləri keçirildi. Və bu məkanda yeni situasiyanın yaranmaqda olduğunu birmənalı şəkildə təsdiqləmiş oldu.

Əvvəlcə onu qeyd edək ki, rəsmən elan edilmiş ilkin nəticələrə görə, Aleksandr Lukaşenko səsvermədə qələbə qazanaraq, yenidən Belarus prezidenti seçilib. Əlbəttə, bu nəticələrlə razılaşmayanlar, meydan və küçələrə çıxıb, etiraz edənlər də var. Ancaq reallıq odur ki, prezident A.Lukaşenko aksiyaçılarla polis arasındakı toqquşmaların fonunda da olsa, artıq təbrikləri qəbul etməyə başlayıb.

Maraqlıdır ki, seçki ərəfəsində müxtəlif siyasi ssenarilərin reallaşa biləcəyi iddia olunurdu. Belarus seşkilərinin MDB məkanı üçün yeni situasiyanın başlanğıcı ola biləcyi vurğulanırdı. Hətta Belarusda “Batka”nın hökmranlıq dövrünün artıq bitdiyi və onun hakimiyyətdən kənarlaşdırılacağı da istisna edilmirdi.

putin_lukashenko_raxmon1_1561962300.jpg (82 KB)

Əsas arqumentlərsə isə “Batka”nın Rusiya ilə münasibətlərinin kəskin şəkildə pozulmasından qaynaqlanırdı. Hesab olunurdu ki, Belarusun Rusya ilə bərabər səviyyəli əməkdaşlığına can atan “Batka” Kremlin qəzəbinə tuş gəlib və bu dəfə Rusiyameylli qüvvələr onun öhdəsindən gələ biləcək.

Təbii ki, Rusiyanın MDB məkanı ölkələrinin siyasi həyatında önəmli təsirə sahib olduğu inkaredilməz reallıqdır. Hətta vaxtilə sovxoz direktoru vəzifəsindən bir sıçrayışla Belarus prezidenti postuna qədər yüksəlməyi bacaran A.Lukaşenkonun siyasi karyerasında Kremlin dəstəyinin əvəzedilməz rolunun olduğu heç kəsə sirr deyil. Bu səbəbdən də “Batka”nı bəzən “Belarus quberniyasında Rusiya canişini” də adlandırırdılar.

Ancaq son baş verənlərə əsasən düşünmək olar ki, “Batka” üçün belə dövlət başçısı imisi artıq sərf etmirdi. Çünki o, “Rusiya canişini” adlandırılmaqla yanaşı, həm də Avropanın sonuncu diktatoru da hesab olunurdu. Bu isə Qərbin qapılarını yalnız ona deyil, ölkəsinə də qapadırdı. Halbuki, son illərdə sadəcə, Rusiyaya söykənərək, ayaqda qalmağın mümkün olmayacağı aydınlaşmağa başlamışdı.

Bəli, “Batka” zamanın axarını vaxtında tuta bilmişdi. Dünyanın böyük sürətlə dəyişməkdə olduğunu dəqiqləşdirmişdi. Artıq anlayırdı ki, yalnız MDB məkanına qapanmaqla, Belarusun inkişafına ümid bəsləmək mümkün olmayacaq.

unnamed.jpg (50 KB)

Deməli, o da nələrisə dəyişməliydi. Çünki mövcud münasibətlərin məzmun və keyfiyyətinə yenidən baxmağa ehtiyac yaranmışdı. Özünü və ölkəsini yeni situasiyaya hazırlamaqla yanaşı, fərqli münasibətlər sisteminin içərisində yer almağa çalışmalıydı.

Təbii ki, “Batka” bu məsələdə çox da düşünmədi. Bir neçə qətiyyətli və ilk baxışdan siyasi avantüra kimi görünə biləcək addımla, özü və Belarus ətrafında yaranmış beynəlxalq imici dağıtmağa nail oldu.

Belə ki, seçki hazırlığına 2018-ci ildən hazırlaşmağa başladı. Əvvəlcə Rusiya ilə savaş vəziyyətində olan Ukrayna ilə Belarusun münasibətlərini dinamik hala gətirdi. Sonrasa, Ukraynanın siyasi dairələri üzərindən ABŞ-la qarşlıqlı münasibətlərin normallaşdırılmasına çalışdı.

Şübhəsiz ki, bu, müəyyən mənada, riskli manevr idi. Ancaq baş tutdu. Belə ki, ABŞ-la Belarus arasında diplomatik əlaqələr bərpa olundu. Və Belarus ABŞ-dan hələlik məhdud da olsa, maliyyə-iqtisadi dəstək almağa nail oldu. Bu sıraya enerji resurslarına olan ehtiyacların ödənməsi də daxil idi.

1567152084_orig-15671058330dbfba6b28275ae7334b82ddff8670a0.jpeg (134 KB)

“Batka” atdığı bu addımların Kremldə qıcıq doğuracağını bilməmiş deyildi. Üstəlik, öz davranışlarıyla, buna hazır olduğunu da qətiyyən gizlətmirdi. Belə ki, Ukrayna üzərindən ABŞ və Qərblə münasibətlərin bərpa edilməsinə paralel olaraq, “Batka” həm də Rusiya əleyhinə bəyanatlar vermək imkanını da qaçırtmırdı.

Rusiyanı hər imkanda Belarusla bərabərhüquqlu tərəfdaşlıq əvəzinə rəsmi Minskə böyük qardaş ədasıyla təzyiq göstərməkdə suçlayırdı. Və bunun qəbuledilməzliyini qabartmaqla yanaşı, Belarusun Rusiyaya möhtac olmadığını vurğulayırdı. Hətta bəzi yüksəksəviyyəli toplantılarda Rusiya prezidenti Vladimir Putinlə mübahisə edərək, Belarusun Kremldən uzaqlaşmaq üzrə olduğunun mesajını verirdi.

Şübhəsiz ki, bütün bunları etməkdə “Batka”nın əsas iki məqsədi var idi. Bir tərəfdən, ABŞ və Qərbi Belarusun yeni xarici siyasət kursuna inandırmaq hədəflənirdi. Digər tərəfdənsə, Belarus cəmiyyətinə ölkəsinin maraqları uğrunda hər kəslə, hətta Rusiya ilə mübarizəyə hazır olduğunun mesajını verməyə çalışırdı. Çünki bu mesajın qarşılığı Belarus əhalisində “Batka”nın Kremlin təzyiqlərinə məruz qalan, ancaq qətiyyətlə müqavimət göstərən dövlət başçısı imicinin yaranması ola bilərdi.

Nəticədə, “Batka” bir güllə ilə iki dovşan vuracaqdı. Bir tərəfdən, ABŞ və Qərblə Belarusun münasibətləri normallaşacaqdı. Digər tərəfdənsə, Belarus əhalisi xarici təzyiq qarşılığında “Batka”nın prezidentliyə namizədliyini daha mütəşəkil şəkildə dəstəkləyəcəkdi. Ümumilikdəsə, həm ABŞ və Qərb, həm də Belarus əhalisi onun növbəti müddət üçün prezidentliyinə daha tolerant mövqe tutacaqdı. Yəni, diktator ittihamları və seçki saxtakarlığı iddiaları nisbətən arxa plana keçirilmiş olacaqdı.

607188_8l4lvwqf04.jpg (54 KB)

Son müşahidələrə əsasən, “Batka”nın bu hədəflərə qismən nail olduğunu düşünmək olar. Belə ki, A.Lukaşenko son iki il ərzində qurub, reallaşdırdığı ssenari sayəsində özünün Rusiyanın təlimatlarını yerinə yetirən dövlət başçısı imicini dəyişdi. Eyni zamanda, adətən, Qərbyönümlü hesab olunan Belarus müxalifətini də Rusiyadan idarə olunan siyasi qüvvə kimi təqdim etməyi bacardı.

“Batka”nın həm ABŞ və Qərbi, həm də sadə Belarus seçicilərini öz arxasına almaq üçün atdığı son addım isə bir gecədə 33 nəfər Rusiya vətəndaşının həbs edilməsiydi. Rəsmi Minsk bu olay ətrafında məqsədyönlü şəkildə hay-küylü qalmaqal yaratdı. Həmin şəxslərin vaxtilə Ukraynaya qarşı vuruşmuş musdlular olduğunu iddia edərək, onların Belarusda seçkiqabağı dövlət çevrilişi etmək məqsədilə göndərildiyini bəyanladı.

Bütün bunlar “Batka”ya əlavə siyasi manevrlər imkanı açdı. Bir tərəfdən, onun seçki qələbəsinə nə qədər çətin də olsa, inandırıcılıq görüntüsü verdi. Digər tərəfdənsə, indi rəsmi Minsk bütün maraqlı tərəflərlə “siyasi bazarlıq” imkanı qazanıb.

1-7.jpg (24 KB)

Məsələ ondadır ki, A.Lukaşenko bu qalmaqalı başlanğıcda Rusiyanın seçkini pozmaq cəhdi kimi dəyərləndirirdi. Ancaq Kreml sahibi ilə telefon danışığından sonra bu mövqeyinə bir qədər düzəliş etdi. Belə ki, “Batka” seçkilərdən əvvəl keçirilən sonuncu Təhlükəsizlik Şurasının toplantısında həmin adamların Belarusa xoş niyyətlə gəlmədiklərini qeyd etməklə yanaşı, onların hansı dövlət tərəfindən göndərildiyinin hələ məlum olmadığını vurğulamışdı. Bu isə A.Lukaşenkonun daha dərin araşdırma aparıldıqdan sonra daha dəqiq məlumatın açıqlanacağına eyham vurması anlamına gəlir.

Təbii ki, bu, həm də Belarusdakı seçkilərlə başlı maraqlı tərəflərə növbəti mesaj xarakteri daşıyır. Belə ki, “Batka” seçkilərin nəticələrinə heç bir dövlətin mənfi rəy verməməsində maraqlıdır. Və bu istiqamətdə bütün mümkün manevrləri etməkdədir. Əgər, Kreml seçkilərin nəticələrinə tolerant yanaşarsa, Belarusun həmin şəxslərə təhvil verəcəyi də qətiyyən istisna deyil.

Göründüyü kimi, “Batka” bir siyasi ssenari qurdu və uğur qazandı. Bu baxımdan, Belarusda etiraz aksiyalarının ən yaxın günlərdə səngiyəcəyi və hər kəsin “Batka”nın növbəti prezidentlik müddəti ilə barışmaq məcburiyyətində qalacağı qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=152043

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930