Paşinyanın gömülməsi üçün atəşkəs razılaşması

10.10.2020 - 15:26

Bu gün ölkəmizdə çoxları narahatdır, Moskvadakı atəşkəs razılaşmasına görə. Təbiidir, danışıqlara kimsə inanmır, düşmənin güc toplamaq üçün fürsət qazanacağından ehtiyatlanır. Necə ki, elə bu gün Gürcüstanda Ermənistana silah-sursat daşıyan yük maşını saxlanılıb, Rusiya radiosu Laçın dəhlizinə yerləşdirilən PKK-çılar barədə məlumatlar yayıb.

Çoxumuz narahatıq ki, işğalçıya nəfəs dərmək üçün imkan verilməsi əleyhimizə işləyə bilər. Ancaq ən yaxşısını inandığımız güvəndiyimiz Ali Baş Komandan bilir. Necə ki, “biz hansı qərarın nə zaman verilməsini yaxşı bilirik”, demişdi və əks-hücum qərarını da verdi, 30 ilə yaxındır böyük qələbələrə həsrət xalqımıza zəfərlər bəxş etdi. Davamının gələcəyinə zərrə qədər şübhəmiz yoxdur.

Bütün savaşların gedişində belə fasilələr olur. Hətta qılınc-qalxanla döyüşlərin olduğu zamanlarda meyitlərin yığışdırılması üçün şans verilib. Odur ki, Bakı sülhpərvər siyasətini, humanizmə sadiqliyini növbəti dəfə nümayiş etdirdi, dünya gücləri onu ittiham etməsin deyə. Ancaq Azərbaycan dövləti əmindir ki, Moskva danışıqları 11 saat yox, lap 11 gün də çəksəydi belə, bu müzakirələr Qarabağı Azərbaycana qaytarmayacaqdı.

Tarixi faktlar, gerçəkliklər də var axı. Eks-prezident Ayaz Mütəllibov danışırdı ki, 1991-ci ildə Xankəndidən bir heyət gəlibmiş Bakıya, imzalı müraciətlə. Ki, biz Qarabağ erməniləri Bakının tabeçiliyində yaşamaq istəyirik, bizi daşnakların, saqqallıların əlindən xilas edin. Qayıdandan sonra həmin heyətin iki üzvü Xankəndinin ortasında güllələnir.

1992-ci ilin mayında prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov Tehranda Levon ter-Petrosyanla sülh danışıqları aparırdı. Elə danışıqların gedişində Şuşanın işğal olunması xəbərini almışdı.

2016-cı ilin aprel döyüşləri nə zaman başladı? BMT Baş Assambleyasının nüvə təhlükəsizliyi sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılırdı. Ermənistan qəfildən hücuma keçdi, aprel döyüşlər başladı…

Elə bu ilin əvvəllərində həmsədrlər humanitar əlaqələrin vacibliyindən dəm vurmağa başladılar, gəliş-gediş olsun, ziyalılar, jurnalistlər, daha nələr…Əvəzində düşmən Tovuz istiqamətindən hücuma keçdi.

Odur ki, 2020-ci ilin 9-10 oktyabr Moskva görüşü də heç nəyi dəyişməyəcək, narahat olmayın. Moskva razılaşmasından əvvəl BMT qətnamələri, Avropa Parlamentinin, Avropa Şurasının sənədləri var. Necə ki, prezident demişdi, Ermənistan beynəlxalq hüququ gözləmirsə, biz niyə gözləməliyik?

Atəşkəs saat 12.00-dan elan olunsa da, düşmən dinc əhalimizə mərmilər yağdırmaqda davam edir, üstəlik, Azərbaycanı suçlu çıxartmaqla. Belə görünür ki, xalqımızın savaş arzusunu elə işğalçı özü çin eləyəcək, əsgərimizin Şuşa intizarına son qoymaq üçün tezliklə şans yaradacaq. Saat 13 radələrində “Yeni Müsavat”ın cəbhə bölgəsindəki əməkdaşı Elşən Məmmədəliyevlə danışdım, dedi bu dəqiqələrdə Tərtərə mərmilər atırlar, gedirəm çəkiliş aparmağa. Dünya ölkələrinə əl açıb, onların ayaqlarına düşüb atəşkəs əldə olunmasını istəyən düşmən yenə də təxribatlarından əl çəkmir. Özü də saxtakarlığını davam etdirir. Təsəvvür edin, Ermənistan Müdafiə Nazirliyinin rəsmisi saat 12.12-də açıqlama verir ki, Azərbaycan Qafan rayonunu atəşə tutub. Elə həmin rəsmi 16 dəqiqə sonra açıqlama verib öz dediyini təkzib edir. Bu qədər həyasızdırlar.

Təxribat edəcəklərsə, cavabları qat-qat artıq olacaq. Qoy gəlib meyitlərini yığışdırsınlar. İndiyədək cəmi 404 ölü açıqlayıblar, leşlərini yığıb aparsınlar, erməni xalqı görsün nə boyda fəlakətə tuş gəliblər. Bəlkə də Rusiya məqsədli şəkildə, erməni xalqının Paşinyanı diri-diri basdırması üçün meyitlərin dərələrdən yığışdırılmasını istədi. Axı, İrəvan itkiləri gizlədirdi.

Qəhrəman Azərbaycan ordusu 27 sentyabrdan etibarən düşmən təxribatlarına cavab olaraq əks hücum əməliyyatları ilə 30 ilə yaxındır işğal altında olan torpaqları azad etdi. Ancaq başqa bir qələbəmiz də var. Bu, diplomatiya sahəsində əldə olunmuş qələbədir. Xatırlayırsınız yəqin, ABŞ, Rusiya, Fransa rəsmiləri dünyadakı münaqişə ocaqlarından danışanda, yaxud beynəlxalq institutlar konfliktlərlə bağlı qətnamələr, qərarlar qəbul edəndə Dağlıq Qarabağı kənarda saxlayırdılar, bu məsələnin digərlərindən “fərqləndiyini” iddia edirdilər. Məsələn, Cənubi Osetiya, Abxaziyada Rusiya qoşunlarının çıxarılmasını tələb edən güclər Ermənistanın qarşısında bu tələbi qoymurdular, Dnestryanı məsələsində açıq və konkret mövqe sərgiləyən paytaxtlar Qarabağ məsələsinə toxunmurdular.

Üstəlik, ABŞ, Rusiya, Fransa az qala bütün məsələlərdə bir-biri ilə konfliktdə olduqları halda, Qarabağ məsələsinə yanaşmada birləşdilər, bu məsələdə onların arasında fikirayrılığı olmadı, hətta 1993-cü ildə Azərbaycan ərazilərinin dərhal işğaldan azad edilməsini nəzərdə tutani BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə səs verdikləri halda, sonradan Baş Assambleyada Azərbaycanın ərazi bütövlüyü məsələsində bitərəf (!) qaldılar. Bütün bunlara görə Ermənistan üstümüzə gəldi, quduzlaşdı, azğınlaşdı.

Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövləti de-fakto əlimizdən alınmış, “beynəlmiləlləşdirilmiş” Qarabağı, Qarabağ məsələsini Azərbaycana qaytardı. Hücum diplomatiyası öz sözünü dedi. Prezident qəti iradəsi ilə nümayiş etdirdi ki, Qarabağ məsələsində söz sahibi Azərbaycandır, kimsə bizə nağıllar danışmasın! Bitdi bu mərhələ! Daha heç kim cürət eləyib “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil”, deyə bilməz, çünki Azərbaycan prezidenti hər çıxışında, dünyaya və xalqa müraciətində “Qarabağ Azərbaycandır” dedi və torpaqlarımızın azadlığı uğrunda haqq mübarizəsinin dayandırılmayacağını bəyan etdi. İndi qalır şanlı ordumuzun bu, ali vəzifəni sonadək icra etməsi! O gün yaxındadır, inşallah!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155795

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930