Qubad İbadoğlu: “Ən böyük arzum azad edilmiş ərazilərin bərpası planını hazırlamaqdır”

17.10.2020 - 10:22

Qüdrətli Ordumuzun torpaqlarımızı erməni işğalından azad etmək uğrunda əməliyyatları davam edir. Ordumuz, Azərbaycan dövləti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir. Vətəndaşlarımız hərə öz sahəsində əlindən gələn dəstəyini əsirgəmir.

İşğalçıya qarşı mübarizə bütün sahələrdə aparılır. Bu istiqamətlərdən biri də xaricdə, müxtəlif ölkələrdə Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır. Bu prosesdə xaricdə yaşayan soydaşlarımız aktiv iştirak edirlər. Onların arasında iqtisadçı-alim, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu da var.

Əslən Füzuli rayonundan olan Q.İbadoğlu ABŞ-dakı soydaşlarımızın Qarabağ uğrunda birləşməsi istiqamətində gərgin fəaliyyət göstərir. Onunla müsahibəni diqqətinizə təqdim edirik.

– Qubad bəy, Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etmək üçün həyata keçirdiyi hərbi əməliyyatları necə dəyərləndirirsiniz: planlı və strateji hədəflərə yönəlmiş əməliyyatlardır, yoxsa?..

–  Hesab edirəm ki, Azərbaycan Ordusu artıq birinci mərhələdə öz işini uğurla həyata keçirib. Xilaskar ordumuz işğal altında olan ərazilərimizin ən azı 5,5 faizini azad edib. Rəşadətli əsgərlərimizin qanı, canı bahasına başa gələn bu torpaqlar həm də müzəffər ordumuz tərəfindən göz bəbəyi kimi qorunur. Bu torpaqlar artıq bir daha yağı işğalı altında olmayacaq. İnanıram ki, müzəffər ordumuzun yürüşü davam edəcək və biz həm Qarabağ ətrafını, həm də Qarabağı mənfur düşmənlərdən azad edəcəyik.

Bütövlükdə Azərbaycanın mövqeyini ədalətli, Azərbaycan Ordusunu xilaskar hesab edərək, ilk gündən ordumuzu tam dəstək xətti seçmişəm. Əsas məqsədim döyüşən ordunun əzminin yüksək olması üçün arxa cəbhədə milli birliyin möhkəmlənməsinə yardım olub. İndiyədək apardığım informasiya siyasəti də buna hədəflənib. Milli ruhun yüksək olması müharibədə qələbənin demək olar ki, yarısıdır. Müharibəni xalq, döyüşü ordu aparır. Bu gün mənim üçün ən vacib olan xalqımızın birliyi və həmrəyliyidir, arxa cəbhə ilə ön cəbhənin bərabər çalışmasıdır. Bu isə xalqda həmişə ordumuza inamın olmasını tələb edir. Mən də çalışıram ki, ordumuzun qəhrəmanlıqlarını, şücaətini təbliğ etməklə ona inamı indi olduğu kimi həmişə yüksək saxlayaq, xalq öz dəstəyini ardıcıl və sistemli şəkildə davam etdirsin. Bu istiqamətdə əsas gördüyüm iş ondan ibarətdir ki, Azərbaycan xalqına yalnız pozitiv informasiya axınını yönəldirəm. Belə informasiya axını məlumatların mötəbər mənbələrdən əldə olunmasına əsaslanmalıdır. Odur ki, öz fəaliyyətimdə də çalışıram ki, rəsmi informasiyalara üstünlük verim, xalqın artan ehtiyaclarının ödənməsinə, Müdafiə Nazirliyinin informasiya siyasətinə dəstək olum.

İndiyə qədər olan əməliyyatlar göstərdi ki, Azərbaycan Ordusu yenilməzdir, rəşadətlidir. Ordumuzun texniki səviyyəsi, texniki silahlanma səviyyəsi yüksəkdir. Ordumuz texnoloji müharibəyə hazırdır. Ordumuz eyni zamanda öz torpağı uğrunda döyüşdüyü üçün xilaskardır. Bu müharibə onu da göstərdi ki, ordumuzu idarə edənlər, Qarabağda döyüşləri aparanlar çox ağıllı hərbi strategiya seçiblər, taktikaları da uğurludur. Bu taktika minimum canlı itkiyə, maksimum yüksəkliklərin fəth edilməsinə hədəflənib. Ona görə də baxmayaraq ki, ordudan gözləntilər çoxdur, insanlar torpaqlarımız sürətlə işğaldan azad olunmasını istəyirlər, biz həm torpaqlarımızın azad olduğunun şahidi oluruq, həm də minimum itkiylə qələbə qazanırıq.

Ordumuzun strategiyasında yer alan vacib məsələlərdən biri də Qarabağdakı erməni-rus hərbi birləşmələrinə xidmət edən infrastrukturun sıradan çıxarılmasıdır. Bu infrastrukturdan Qarabağda yalnız və yalnız şər məqsədlərlə istifadə olunur. Ordumuz istisnasız olaraq bu infrastruktura zərbələr endirir. Amma qarşı tərəf işğalçı mahiyyətinə uyğun olaraq dinc sakinləri, müharibədən kənar ərazilərdəki mülki obyektləri hədəf alır. Bu, ermənilərin bu müharibədə nə qədə azğın, nə qədər ədalətsiz mövqedə olduğunu sübut edir.

“Torpağımız azad olunan kimi Amerikadan ölkəmə qayıdacam”

– Sizcə, ermənilərin Rusiya, Fransa kimi havadarları əməliyyatların dayandırılmasına nail ola bilərlərmi?

– Ermənilər çalışırlar ki, hərbi əməliyyatların dayandırılmasına nail olsunlar. Bu işdə siz dediyiniz və digər ölkələrdəki havadarlarından dəstək almağa çalışırlar. Eyni zamanda, beynəlxalq aləmə yalan məlumatlar yayırlar. Təsəvvür edin ki, müharibəni yeni müharibə kimi qələmə verirlər, guya hərbi əməliyyatlarda terrorçular Azərbaycan tərəfdən vuruşur, Türkiyə bunu təşkil edir və sair. Elə bir fon yaradırlar ki, guya Azərbaycan və Türkiyə ermənilərin genosidini həyata keçirir. Təəssüf ki, beynəlxalq ictimaiyyət hələ də bilmir ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir, Azərbaycan torpaqları 27 il əvvəl işğal olunub. Bununla onlar özlərini maskalayırlar, keçmişdə olanları, xüsusilə BMT qətnamələrini arxa plana atmaq istəyirlər.

Fəaliyyət göstərdiyim ABŞ-da onların bütün fəaliyyətlərini izləyirəm. Təəssüf hissi ilə qeyd edim ki, bu gün (oktyabrın 15-də) Miçiqan ştatı Konqresinin nümayəndələr palatası Türkiyə və Azərbaycan əleyhinə qətnamə qəbul edib. Ştat səviyyəsində və aşağı palatada qəbul olunan qətnaməyə yuxarı palata da müsbət rəy versə, hüquqi status qazanacaq. Düşünürəm ki, bu prosesdə seçkilər mühüm rol oynayır. ABŞ-da erməni seçicilərinin sayı çox olduğuna görə hər seçkiqabağı namizədlər onların mövqeyinə uyğun bəyanatlar səsləndirirlər. Hesab edirəm ki, prezidentliyə namizəd Co Bayden də məhz bu səbəbdən erməniləri sevindirən fikirlər səsləndirib. Seçilərsə, ABŞ dərin dövlətinin tələblərinə uyğun fəaliyyət göstərəcək. Bu baxımdan, ciddi bir narahatlığım yoxdur. Ümumiyyətlə, ABŞ-da həmişə respublikaçılar Azərbaycanla bağlı daha ədalətli mövqe tuturlar. Tramp hazırda respublikaçıların namizədi olaraq seçkiyə qoşulub.

– Bəs Avropada gedən prosesləri necə dəyərləndirirsiniz? Fransada qondarma DQR-in tanınması üçün qanun layihəsi hazırlanıb.

– Avropadakı prosesləri də yaxından izləyirəm. Fransada erməni lobbisinin güclü olmasına baxmayaraq, bu ölkənin o layihəni qəbul edəcəyini düşünmürəm. Avropanın, Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu hər iki çevrədə yüksək qiymətləndirirlər. Onlar hətta ən ağır qərarlar, sanksiyalar versələr belə, onlar Azərbaycana şamil olunmayacaq. Azərbaycan nefti və qazının Avropaya yolunu bağlamağa heç kim səs verməyəcək. Odur ki, narahatlıq keçirsək də, bilirik ki, sonda ədalət zəfər çalacaq, bizim haqq səsimizi eşidənlər daha da çoxalacaq.

– ABŞ-da Azərbaycanın haqlı mövqeyini çatdırmaq üçün hansı işlər görülür?

– Yaşadığım Nyu-Cersi ştatında demokratlar üstünlüyə malikdir. Burada da ermənipərəst senator və konqresmenlər var. Onlar da ümumamerika səviyyəsindəki təşəbbüslərdə aktiv rol oynayırlar. Buna görə də mən ilk növbədə onları məlumatlandırmaq, Azərbaycanın haqlı tərəf olduğunu onlara çatdırmaq üçün sənədlər hazırlayıb onlar çatdırıram. Tvitterdə çox fəalam, ingilisdilli auditoriya üçün ingilis dilində mövqeyimizi çatdıran postlar yayıram. Bütün sosial şəbəkələrdə bu işi görürəm. Bundan əlavə, ABŞ-dakı azərbaycanlıların diaspor təşkilatları və icma rəhbərlərini Qarabağ Forumunda bir araya gəlməsinin təşəbbüskarı oldum. Biz birləşdik, bir platforma yaratdıq, hazırda aldığımız qərarların icrası ilə məşğuluq. Müxtəlif ştatlarda yerləşən diaspor təşkilatlarımızla müxtəlif tədbirlər hazırlayıb keçiririk, lazımi sənədlər hazırlayıb yayırıq. Eyni təşəbbüslə Avropadakı təşkilatlarımızın birləşməsi təşəbbüsü ilə çıxış etdim. Çoxsaylı Avropa ölkələrindəki soydaşarımız tərəfindən təşəbbüsüm dəstəkləndi, biz orada da bir platforma yaratdıq, hazırda onun üzərindən aktiv təbliğat işləri həyata keçiririk. Fəaliyyətimiz kifayət qədər uğurludur, inşallah, daha da güclənəcək.

– Azərbaycanı dəstəkləyən mövqe sərgiləyir, ABŞ-dakı soydaşlarımızın birgə fəaliyyətinin təşkili üçün aktivlik edirsiniz. Bu mövqeyiniz işlədiyiniz universitetdə sizə problem yaratmır ki? Universitetdə ermənilər varmı, onlarla münasibətləri necə qurursunuz?

– İşlədiyim Rutgers Universiteti ABŞ-ın ən böyük universitetlərindən biridir. Universitetdə təhsil alan ermənilər, əlbəttə, var. Eyni zamanda yerli əhali arasında da ermənilər çoxdur. Bilirsiniz, harada yaşamasından asılı olmayaraq, ermənilərin təfəkkürü eynidir. Öz dərslərimdə heç vaxt milli məsələlərə toxunmuram – iqtisadiyyat fənnini tədris edirəm, bu fəndə hansısa milli, dövlət ayrıcalığı yoxdur. Dərs keçdiyim tələbələr arasında yerli ermənilərdən də olub. Hazırda isə dərs keçdiyim qruplarda ermənilər yoxdur, pandemiya ilə əlaqədar xaricdən tələbə qəbulu olmayıb. Hərbi əməliyyatlar başlanandan az sonra ABŞ-ın 30 universitetində çalışan professor həmkarlarım qarşısında Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə mühazirə ilə çıxış etdim. Orada ermənipərəst kürdlərin müəyyən sualları oldu, mən öz həyat hekayəmi – torpağımın, evimin işğal olunmasını, atamın məzarını ziyarət edə bilmədiyimi danışdım. Gördüm ki, bunlar dinləyicilər arasında rəy dəyişikliyinə səbəb oldu.

Fəaliyyətimdə ermənilər tərəfindən hansısa problemlə üzləşsəm belə, hesab edirəm ki, nə qədər nüfuzlu olsa da, Rutgers Universitetinin professoru titulundan məhrum olmaq Qarabağın işğaldan azad olunmasından dəyər baxımından çox-çox kiçikdir. Mənim ən böyük arzum öz torpağıma, vətənimə, yurduma qayıtmaqdır. Atamın 28 ildir ziyarət edə bilmədiyim məzarına baş çəkməkdir. Torpağımız azad olunan kimi ölkəmə qayıdacam. İnanın ki, burada demək olar, yatmıram. Azərbaycanda gündüz olanda burada gecə olur – bütün gecəni ölkəmdən xəbərləri oxumaq, bir də bu günlərdə olduğum beynəlxalq platformalarda ona əlimdən gələn qədər yardım etmək üçün fəaliyyətlərə həsr edirəm. Ürəyim ölkəmlə döyünür. Arzum budur ki, bütün torpaqlarımız azad olunsun, mən də vətənə qayıdıb ərazilərimizin bərpasında əlimdən gələn işin qulpundan yapışım. Ən böyük arzularımdan biri Qarabağın işğaldan azad olunmuş ərazilərinin bərpası planını hazırlamaqdır.

– Bir iqtisadçı kimi necə hesab edirsiniz, Ermənistan uzunmüddətli müharibənin ağırlığını qaldırmaq gücündədirmi?

– Ermənistanın iqtisadi imkanları kifayət qədər məhduddur. Hazırda müharibədən əlavə, Ermənistan koronavirusun geniş yayılması problemi ilə üz-üzədir. Ermənistanda hərbi əməliyyatlardan əvvəlki sorğular göstərir ki, əhalinin 55 faizi gəlirlərindən məhrum olub, yoxsullaşıb. Hərbi əməliyyatlar başlanandan Ermənistanın büdcəsi boşalıb. Bizim hesablamalarımıza görə, indiyədək Ermənistan müharibədə 1 milyard dollardan yuxarı itkiyə məruz qalıb. Bu ölkənin xarici borcları da təhlükəli həddədir, valyuta ehtiyatları da tükənir. İdarəçilik bərbad vəziyyətdədir, şirkətlər və əhali iqtisadi fəaliyyətin subyekti olaraq fəaliyyətlərini təşkil edə bilmirlər. Ölkədə müharibədən əvvəlki iqtisadi kiçilmə 6,2 faiz təşkil edib. Bütün bunlar göstərir ki, Ermənistan iqtisadiyyatının gələcəyi tutqundur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156185

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930