Ramil Usubov: “Ali Baş Komandanımız ordu quruculuğunun ən mükəmməl modelinin müəllifidir”

04.11.2020 - 10:44

“Cənab Prezidentin rəhbərliyi altında ordumuzun apardığı rəşadətli əməliyyatların ilkin nəticələri çox uğurludur və indiyədək əldə edilən hərbi nailiyyətlər yekun nəticənin daha möhtəşəm olacağına tam əminlik yaradır”.

Musavat.com xəbər verir ki, bu sözləri “Azərbaycan” qəzetinə müsahibəsində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.

R.Usubov bildirib ki, ordumuzun dəqiqliklə həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları hər birimizdə həm də böyük minnətdarlıq hissi doğurur.

“Azərbaycan heç vaxt bugünkü qədər güclü söz, nüfuz sahibi olmayıb, onilliklər boyu qüdrətli havadarlarına arxalanaraq təcavüzkar əməllərini arxayınlıqla, cəza almadan həyata keçirən, Xocalı qətliamı kimi bəşəri cinayətə imza atan, həm də bunu heç vaxt gizlətməyən düşmənə belə şiddətli zərbə endirib yerində oturtmayıb”.

Eks-nazirin sözlərinə görə, Vətən savaşında müzəffər Silahlı Qüvvələrimizin göstərdiyi şücaət onu sübut etdi ki, Ali Baş Komandanımız həm də dünyada az rast gəlinən bir nümunənin – ordu quruculuğunun ən mükəmməl modelinin müəllifidir.

“Hazırda hərbi əməliyyatlarda tətbiq olunan müasir yanaşmalar, silah növləri və texnika illər öncə qəbul edilmiş qərarlar əsasında əldə olunmuş və inkişaf etdirilmişdir. Bu sıraya müasir hərbi əməliyyatlarda tətbiqi əvəzsiz olan, yerli coğrafi relyef şəraitində düşmən üzərində üstünlüyü təmin edən xüsusi təyinatlı qüvvələrin yaradılması və hazırlığı, ən müasir PUA-ların, yüksəkdəqiqlikli silahların, müasir döyüş texnikasının silahlanmaya daxil edilməsi, informasiya mübarizəsinin səmərəliliyinin gücləndirilməsi aiddir”.

Ramil Usubovun sözlərinə görə, cəbhədə qazanılan zəfərlərin yalnız hərbi kontekstdə səciyyələndirilməsini tam dolğun qiymət saymır:

“Bu həm də hərtərəfli, genişmiqyaslı quruculuq, inkişaf siyasətinin nəticəsidir. Cənab Prezident, etiraf edək ki, böyük çətinliklərə, maneələrə sinə gərərək, dövlətimizin düşmənlərini, xalqımızın bədxahlarını zərərsizləşdirərək yorulmadan bu nəticəyə doğru illər boyu irəliləyib. Və nəhayət, Ali Baş Komandan kimi qalib gəlib! Ədalət də, zəfər də birmənalı olaraq indi Azərbaycanımızın, Ali Baş Komandanımızın və Silahlı Qüvvələrimizin tərəfindədir”.

R.Usubov bildirib ki, Prezidentin Azərbaycanın timsalında bütün Qafqazda yaradacağı yeni təhlükəsizlik konfiqurasiyası bölgənin qədimdən indiyədək davam edən savaşlar və itkilər tarixini, mənzərəsini tamamilə dəyişdirmək gücündədir.

“O, Qarabağa tarixi ədalət, Qafqaza isə davamlı sülh və möhkəm təhlükəsizlik gətirir. Möhtərəm cənab Prezidentin Qarabağ bölgəsində yaratdığı yeni durum əslində bütün bölgədə münaqişə ocaqlarının sönməsinə, etnik separatizmin cilovlanmasına təkan verəcək. Həm də yüzilliklər boyu fövqəldövlətlərin toqquşan maraqları zəminində qaynar nöqtəyə çevrilən Qafqazda artıq məlum güclərin təsir və təzyiqləri də minimuma enəcək.

Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, bu münaqişənin ən böyük ziyanını erməni xalqı çəkir. Məhdud iqtisadi potensiala malik bu ölkənin vətəndaşları cüzi büdcələrinin əsasən ədalətsiz savaşa yönəlməsi və dövlətlərinin bütün enerji və logistik layihələrdən kənarda saxlanılaraq tam təcrid edilməsi nəticəsində səfalətə məhkum olunub. Zamanla Ermənistanın zərəri daha da artacaq, ölkə tam iflasa sürüklənəcək. Bu baxımdan bu gün yaranmaqda olan status-kvo erməni xalqı üçün böyük bir şansa çevrilə bilər. Həm dövlətləri külli miqdarda savaş xərclərindən azad olunar, həm də Azərbaycanla imzalanacaq yeni müqavilələr onların, nəhayət ki, müstəqil dövlət quruculuğuna başlamalarına imkan yaradar. Bu baxımdan tam əsasla deyə bilərəm ki, Prezident İlham Əliyevin Qarabağa gətirdiyi tarixi ədalət Ermənistana da əsl müstəqillik gətirəcəkdir. Buna görə də erməni xalqı müdriklik göstərməli, öz hakimiyyətini yeni Qafqaz iqtisadi-siyasi-təhlükəsizlik konfiqurasiyasında yaranmış yeni reallıqlarla hesablaşmağa məcbur etməlidir”.

Hazırda Təhlükəsizlik Şurasının hansı işləri gördüyü barədə danışan R.Usubov belə deyib:

“Bu mövzuda xüsusi məxfilik daşımayan yalnız bir neçə faktı deyə bilərəm. Xarici həmkarlarımızla mütəmadi əlaqələr qururam. Ali Baş Komandanın tapşırığı ilə onlarla telefon əlaqəsi saxlayıram, təcavüzkarın törətdiyi cinayətlər, Azərbaycanın ədalətli müharibəsi barədə informasiyaları onların diqqətinə çatdırıram.

Status-kvonun dəyişməsinin labüdlüyü ilə bağlı elə ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya, ABŞ və Fransa rəhbərlərinin birgə bəyanatındakı mövqeni söhbətlərdə xüsusi vurğulayır, səmərəsiz danışıqlar prosesinin yaratdığı mənfi vəziyyəti – status-kvonu məhz bu əks-hücum əməliyyatlarının dəyişdirdiyini xatırladıram.

Rusiya Federasiyasının, Türkiyə Respublikasının, Gürcüstan Respublikasının, Belarus Respublikasının Təhlükəsizlik şuralarının katibləri, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi ilə bu mövzuda danışıqlar aparmışam. Müsahiblərimin əksəriyyəti münaqişənin masa arxasında həllinin vacibliyini vurğulayıblar”.

Təhlükəsizlik Şurasının katibi deyib ki, Prezident hərbi sahə ilə yanaşı, eyni əzmlə informasiya cəbhəsində də əsl sərkərdəlik nümayiş etdirir.

“Bir aydan artıqdır ki, dünyanın öndə gələn KİV-ə müsahibələrində Azərbaycan həqiqətlərini, tarixi ədaləti bərpa etməyimizi, “Qarabağ Azərbaycandır!” çağırışının mahiyyətini böyük vətənpərvərlik və diplomatik peşəkarlıqla bəyan edir. Dövlət başçımız bu müsahibələrdə göstərdiyi polad qətiyyəti, dəmir məntiqi, yüksək diskussiya və debat bacarığı, siyasi hazırlığı, fitri istedadı, ali diplomatik qabiliyyəti, hətta kəskin ironiyası ilə bəzi dövlət rəhbərlərinə, diplomatlara ustad dərsləri keçdi. Nə qədər qəribə görünsə də, ordumuzun əks-hücum əməliyyatlarını pisləyən bədxahlarımız Prezident İlham Əliyevin faktları, məntiqi qarşısında arqumentsiz qaldıqlarını açıq etiraf edib, susdular.

Beynəlxalq rəyi Azərbaycanın və ədalətli savaşımızın xeyrinə dəyişdirən Ali Baş Komandanın bu fəaliyyətinin davamı kimi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdiyi fədakarlıq xüsusi qeyd edilməlidir. Mehriban xanım yalnız görkəmli dövlət xadimi kimi deyil, həm də bir ana kimi bu proseslərdə mərhəmətli, şəfqətli missiya yürüdür. Onun müharibədə yaralananlara göstərdiyi qayğı, şəhid ailələrinə himayədarlığı o insanlarla yanaşı, bütün xalqımıza böyük təsəlli, təskinlik və ruh yüksəkliyi verir. Mehriban xanim Əliyevanın vaxtaşırı xalqa müraciələri, vətəndaşlarımızı müxtəlif sahələr üzrə fəallığa çağırması və düzgün istiqamət göstərməsi böyük səfərbəredici rol oynayır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156879

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031