Şuşa dağı sinəmizdən çəkildi…

08.11.2020 - 17:26

Son 28 ildə Şuşadan ötrü üç dəfə ağlamışam. “Ağlamışam” deyəndə nalə çəkib hönkürməmiş,heç hıçqırmamışam da, dişlərimi sıxmışam, üzümün ifadəsini saxlamağa çalışmışam, amma gözlərimdən yaş süzülüb, gedib.

Birinci olay 1992-ci ilin mayında, Şuşanın əlimizdən alındığı gün olub. Tək mənim yox, hamımızın ürəyimiz yanırdı və o yanğı gözümüzün suyunu üzümüzə axıdırdı. Dəhşətli gün idi, getsin, gəlməsin.

Üçüncüsü bu gün oldu. Ailəvi şəkildə bayraqlarımızı götürüb Azadlıq meydanına getmişdik. Şəhərin mərkəzi küçələrində bayraqla bəzənmiş minlərlə, bəlkə də on minlərlə avtomobil vardı, insanlar bədənlərini maşınların pəncərəsindən yarıyadək çıxarıb bayraqlarını yelləyir, “Qa-ra-bağ” hayqırır, sevinclərindən bağırır, həyatlarının ən fərəhli gününü qeyd edirdilər.

Yüzlərə uşaq, yeniyetmə, yaşlı, qadın, hər kəs eyni cür coşqulu idi. Avtomobillərdən Xan əminin ifasında “Şuşanın dağları” mahnısı, “Qarabağ şikəstəsi” və sair Qarabağa aid, vətənpərvər ruhlu marşlar səslənirdi. Kövrəlməmək əldə deyildi. Ancaq mənim gözlərimdə yaşı gilələndirən epizod başqa oldu. Sağımda, coşqulu insanların sürdüyü maşınların sıxlığında 27-28 yaşlı bir oğlan öz tünd göy rəngli “Opel” markalı maşınında addım-addım irəliləyirdi.

Minlərlə bayraqlı maşının içində yalnız onun bayrağı yox idi. Gənc sürücü bir neçə avtomobildən “artıq bayrağınıız olmaz ki” deyə soruşdu. Sanki o, bayraq tapmasa, həyatı qaralacaqdı. Amma hər kəsin bayrağı da özü üçün idi, avtomobildə 5 adam vardısa, hamısı bayraq yelləyirdi və heç kəs bayrağını başqasına verməzdi. Oğlan gümanı gələn hamıdan bayraq isrəyirdi. Nəhayət, lüks cip sürən başqa bir oğlanda artıq bayraq tapıldı. Oğlan düşdü, bayrağı, aldı, gəldi, yenidən sükan arxasına keçdi (aşağıdakı şəkildə) və gözlərindən yaş bıldır-bıldır axdı. Mənə tərəf dönüb baxdı, əllərinin arxasıyla gözünün yaşını siləndə, gördüm ki, artıq mənim də gözüm yaşarıb.

22.jpg (104 KB)

Şuşaya görə kövrəlməyimin ikinci vaqiəsi 2006-cı ildə, şuşalı Hikmət Sabiroğlunun yazısını oxuyanda olub. O yazı bu gün də yadımdadır, təsirli yazıydı, oxudum, gözümün yaşını əlimin arxasıyla siləndə, mistik şəkildə Hikmətdən zəng gəldi, heç demə, o da mənim yazımı yenicə oxuyubmuş. Fərq o idi ki, Hikmət dedi, qaqa, indicə sənin yazını oxudum, o qədər güldüm ki…

Hikmətin yazısında məni kövrəldən məqam isə bu idi. Bir gün Hikmət 10-12 yaşlı oğluyla şəhərin mərkəzində gedərkən sinif yoldaşı Farizlə rastlaşır. Bir az ordan-burdan danışırlar. Qəfildən Fariz üzünü Hikmətin oğluna tutub soruşur: – Ə qaqa, sən haralısan, ə?

Hikmətin oğlu qürurlu bir şəkildə cavab verir:

-Şuşadan.

Fariz cavabı eşidən kimi, “saa, qurban olum, əə”, – deyə üzünü yana çevirib gözünün yaşını silir.

Heç demə, Fariz əlini Şuşadan o qədər üzüb ki, heç olmasa gələcək nəsillərin Şuşanı unutmamasını və qismət olsa, bir gün azad etməsini umurmuş.

Bu gün həmin o gənc nəsillər Şuşanı azad etdi. Onlar sinəmizdəki Şuşa dağını söküb yox etdilər.

Şuşanı alan oğlanlara, o yolda canını fəda edən igidlərə elə bir borcumuz var ki, min il ödəsək, qurtarmaz.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157016

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930