Yüz ilin düşmənciliyi: sonu ya barışıqdır, ya da əbədi düşmənçilik

22.11.2020 - 15:15

Hazırda ermənilərlə bizim aramızdakı münasibət son dərəcə düşməncəsinədir, bundan aşağı yeri yoxdur.

Biz onları “dünyanın ən pis düşməni” sayırıq, onlar da bizi. Əslində isə dünyanın bütün bir-biri ilə vuruşan xalqlarının hamısı məhz öz düşmənini “dünyanın ən pis düşməni” sayır.

Biz onlara zərrə qədər güvənmirik, onlar da bizə. Dünyada bir-birinə güvənən, etibar edən iki düşmən yoxdur.

Ermənilər kütləvi və ifrat şəkildə bizə nifrət edirlər, biz də onlara. Nifrətsiz olmur, nifrət düşmənçiliyin əsas leytmotividir.

Bizim ermənilərə qarşı nifrət və hiddətimizin, eləcə də güvənsizliyimizin çox ciddi səbəbləri var, bu barədə saatlarla danışa, minlərlə fakt gətirə bilərik.

Onların da bizə eyni duyğular bəsləməsinin bənzər səbəbləri olmamış deyil, saatlarla danışa, minlərlə fakt sadalaya bilərlər.

Bu, ona görə belədir ki, arada çox qan tökülüb, torpaq, ərazi davası böyüyüb qan və namus davasına, iki millət arasında ölüm-qalım savaşına çevrilib.

Bu xüsusda bizim dilimizi uzun edən iki məqam var: 1. Davanı birinci biz başlamamışıq; 2. Bİz onlara qarşı heç vaxt pis olmamışıq – ta savaş başlayana qədər. Savaş başlayandan sonra isə bizim də tüfəngimiz qatıq atmayıb.

Prinsipcə, bir-birinə bu qədər nifrət edən iki millət nəinki iç-içə, heç yan-yana, qanşuluqda da yaşaya bilməz.

Amma ermənilər də buna məhkumdur, biz də. Onların da toplu şəkildə qaçacaq, gedəcək yerləri yoxdur, bizim də. (Tək-tək və ya ailələlikcə köçüb uzaqlara gedənlər sayılmır).

Bəs iki millət arasındakı bu düşmənçilik, qovğa-mərəkə nə qədər davam edəcək?

“Yüz il” deyənlər də var, “bir neçə ilə ara yumşalacaq” deyə ümid bəsləyənlər də.

Bilinən odu ki, bu iki xalqın yaxınlaşması, bir-birinə güvənməsi çox çətin olacaq.

Dünənə (sentyabrın 27-si) qədər sülh əldə etmək üçün hər şey bizim yumşalmağımızdan, erməniləri bağışlamağımızdan asılıydısa, noyabrın 10-dan sonra çox şey ermənilərdən asılıdır.

İndi onlar bizim əzəli torpaqlarımızı azad etməyimizin, rayonlarımızda tikdikləri evlərdən qovmağımızın, məruz qaldıqları əsgər itkilərinin kini ilə hərəkət edəcək, bizi “bağışlamayacaq”lar.

Haqlı olub-olmamaqlarına baxmayaraq, belə olacaq.

Ancaq tərəflərin bir-birinə heç bir ərazi və sair iddiası olmasa da, ermənilərlə bizim bir coğrafiyada, eyni dövlətin içində yüz ilin küsülüsü kimi yaşamağımız mümkün deyil.

Barışıq mütləq olmalıdır, sülh əldə edilməsi labüd və zəruridir.

Sadəcə, iki millət arasında sıfırlanmış etimad votumu yaxın zamanlarda sülhü mümkünsüz edir. Vaxt keçməlidir, yaralar sağalmalıdır, yeni toqquşmalar olmamalıdır.

Etiraf edək ki, Gəncənin və Bərdənin bombalanması günü bizim dünyadakı bütün ermənilərə nifrətimiz ifrat həddə çatmışdı, amma qələbədən sonra bir xeyli azalmışdı.

Çünki Xankəndidən, o biri erməni kəndlərindən qaçqın düşərək Ermənistana sığınan zavallı, yazıq görkəmli insanları gördük, içimizdə tarıma çəkilmiş amansızlıq simi bir az boşaldı. 1993-cü ildəki halımız yada düşdü.

Ancaq görəndə ki, onlar bizim kimi etmirlər, çıxdıqları evi yandırır, ağacları kəsir, ziyanlıq verirlər, yenidən hiddətləndik. İndi baxırıq ki, heç də hamısı elə etmir. Bu, bir ümid şamı yandırır.

Bir də başqa ölkələrin düşmənçilik təcrübələri var. Bunları tarixdən bilirik.

Məsələn, ingilislərə fransızlar yüz illərlə müharibə aparıblar. Eləcə də almanlarla ingilislər, fransızlarla ispanlar, almanlarla fransızlar, isveçlilərlə ruslar, ruslarla almanlar, fransızlarla ruslar, italyanlar, portuqallar,polyaklar, çexlər, macarlar və sair və ilaxır.

Bu gün o xalqların arasındakı axırıncı müharibədən 75 il keçir. O vaxtdan bəri Avropanın böyük və təcrübəli xalqları bir-biri ilə savaşmır. 30 il öncə Avropanın kiçik xalqları (serblər, xorvatlar, boşnaklar, albanlar) bir neçə il boyunca savaşdılar, sonra aralarında sülh bərqərar oldu.

Bu müharibələrin izi mütləq qalıb. Savaşan xalqlarda bir-birinə qarşı gizli bəyənməzlik qalır. Ancaq indi onlar bir-birilə mehriban qonşuluq, dostluq, müttəfiqlik büsatı qurublar, milli nifaqı qızışdıran ünsürlərə isə “faşist” damğası vururlar.

Əgər gələcəkdə ermənilər öz xəstə ideya və xülyalarından əl çəksələr, Qafqazda da sülh də olacaq, tədricən dostluq münasibətləri də yaranacaq.

Yox, onlar indiki tutumlarını davam etdirsələr, heç min il sonra da düşmənçilik bitməyəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157632

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930