Azad olunan ərazilərdə yolların tikintisi qışda da davam edəcək

26.11.2020 - 10:46

Avtomobil və dəmir yollarının bərpası üçün layihələr hazırlanır

Azərbaycan Ermənistanın işğalından azad etdiyi ərazilərində infrastrukturun bərpası istiqamətində fəaliyyətlərə başlayıb. Artıq Prezident İlham Əliyev tərəfindən Füzuli-Şuşa avtomobil, Bərdə-Ağdam dəmiryol xətlərinin layihələndirilməsi və tikintisinə vəsait ayrılmasına dair müvafiq sərəncamlar imzalanıb.

Ərazilərin bərpası məsələsinə Prezident Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqına müraciətində bir daha toxunub: “Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır. Şuşaya yeni yolun çəkilişi artıq başlanmışdır. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi – Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək. Göstəriş vermişəm ki, bu, tezliklə təmin edilsin. Halbuki bu, böyük işdir, orada yol olmayıb və meşələrin içi ilə yol salınır, dərələr, təpələr, çox ağır relyef var orada. Amma biz bunu edəcəyik. Dəmir yollarını bərpa edəcəyik. O cümlədən, Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir. Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar artıq praktiki addımlar atılmışdır. Ağdam rayonunun bərpası və gələcəkdə orada yaşayacaq insanların rahatlığı üçün bu yol mütləq olmalıdır. Yəni bütün bu işlər planlı şəkildə aparılacaq və Azərbaycan vətəndaşları görüləcək işlərlə bağlı müntəzəm olaraq məlumatlandırılacaqdır”.

Bərdə–Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrılıb -  SƏRƏNCAM - PostNews.Az

Prezidentin iki gün əvvəl imzaladığı sərəncamla uzunluğu 45 km olan Bərdə-Ağdam dəmiryol xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb. Bərdə-Ağdam dəmir yolu 1967-ci ildə işə salınmışdı.

Ümumiyyətlə, Qarabağın dağlıq bölgəsinə dəmir yolu xəttinin çəkilməsi hələ Çar Rusiyasının dövründə planlaşdırılıb. Bakı-Tiflis-Yevlax dəmir yolunun Şuşaya qədər uzadılması qərara alınıb və yolun inşasına 1912-ci ildə başlanıb. Bu, Rusiya imperiyasında nadir rast gəlinən bir dəmir yolu olmalı idi. Amma çətin relyef tezliklə yolun inşası məsələsini gündəmdən çıxarıb. Dəmir yolunun inşası məsələsinə bir də sovetlər dövründə qayıdılıb. Ancaq bu dəfə Şuşa tikinti planından çıxarılıb. Demək olar ki, Çar Rusiyası dövründə hazırlanan dəmir yolu planı tam dəyişib – marşrutun Ağdam və Bərdədən keçməklə sonuncu stansiyasının Xankəndi olmasına qərar verilib. Xankəndinə gedən relslər 1942-ci ildə döşənib başa çatsa da, bu yol yəqin ki, müharibə səbəbindən rentabelli olmayıb. 1960-cı illərdə bu xətt yenidən qurulmağa başlayıb. Belə ki, 1962-ci ildə Bakıdan Yevlağa gələn marşrut xətti Bərdəyə qədər uzadılıb. 1967-ci ildə isə bu bölgənin qatarla Bakıya getmək istəyən sakinləri artıq Ağdamdan yola düşə bilirdilər. 1978-ci ildə dəmiryol xəttinin son stansiyası -Xankəndi istifadəyə verilib.

Ərazilərimizin Ermənistan tərəfindən işğalından sonra xəttin Ağdam rayonu və oradan Xankəndinə qədər olan hissəsi tamamən dağıdılıb. İşğal ümumilikdə ölkəmizin dəmiryol təsərrüfatına ciddi zərər vurub. 1991-ci ildən Culfa stansiyası fəaliyyətini məcburi olaraq dayandırdı. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alındı. Həmçinin işğaldan sonra Bakı-Mincivan-Qafan dəmir yolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdıldı, Xankəndi stansiyası bərbad vəziyyətə salındı. Ümumilikdə, erməni təcavüzü nəticəsində Azərbaycan Dəmir Yolunun 240,4 km. sahəsi işğal altına düşüb,  təsərrüfatlara təxminən 45 milyon 60 min ABŞ dolları məbləğində ziyan dəyib.

Qeyd edək ki, hərbi əməliyyatların dayandırılmasına dair Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərləri arasında imzalanmış bəyanatın 9-cu bəndində ərazidəki nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulur. Rusiya və Azərbaycan mətbuatında artıq yalnız Azərbaycandan Naxçıvana deyil, Bərdədən Xankəndinə gedən dəmir yolunun bərpası istiqamətində müzakirələrin aparıldığı bildirilir.

Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisinə 5 mln manat ayrıldı - Sərəncam

Qeyd olunur ki, Azərbaycan Dəmir Yolları Yevlax-Xankəndi dəmir yolunun Xocalı və Xankəndindən keçən qolunun bərpasını müzakirə edir. Yeni xəttin uzunluğu 104 km olacaq. Xəttin Yevlax (final) – Bərdə – Köçərli – Təzəkənd – Ağdam – Əsgəran – Xocalı – Xankəndi (final) stansiyalarından ibarət olacağı ehtimal olunur.

Azad olunan ərazilərdə avtomobil yollarının bərpası da Azərbaycan qarşısında duran mühüm məsələlərdən biridir. Artıq inşasına başlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu 101.5 km, yolun ümumi eni isə 37.7 m təşkil edəcək. Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəflinin “Yeni Müsavat”a verdiyi məlumata görə, yeni avtomobil yolunun əsas hissəsinin eni 21.5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa, layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyat zolaqlarla birgə yolun 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi davam edir

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək: “Hazırda ”İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının inşası işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib”.

AAYDA rəsmisi bildirir ki, yeni avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün layihə bir neçə hissəyə bölünəcək: “Bununla əlaqədar olaraq tikinti işlərinə çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik yerli və xarici şirkətlərin cəlb olunması prosesi həyata keçirilir. Agentliyin maddi-texniki bazası, işçi qüvvəsi bu yolun tikintisini həyata keçirməyə imkan verir. Lakin dövlət başçımızın göstərişi budur ki, yol ən qısa müddətdə tikilib başa çatdırılmalıdır. Buna görə də yol hissələrə bölünərək müxtəlif şirkətlərə həvalə ediləcək. Yüksək çətinlik dağlıq ərazilərin tikintisi zamanı belə ərazilərdə iş təcrübəli olan şirkətlərə üstünlük veriləcək. Yəni layihənin nəzərdə tutulan müddətdə başa çatdırılması üçün nə lazımdır ediləcək”.

İşğaldan azad olunan ərazilərdə ilkin bərpa olunan infrastruktur, əlbəttə, avtomobil yolları olacaq. Bu isə işlərin həcmcə çox böyük, ərazicə geniş olacağı deməkdir. AAYDA bütün tikinti işlərini icra etmək imkanındadır, yoxsa digər sahələrin tikintisinə də xarici şirkətlər cəlb olunacaq? A.Nəcəflinin sözlərinə görə, artıq bir neçə istiqamət üzrə yolların bərpası üçün planlar hazırlanır: “Bu planlar xarici və bizim mütəxəssislərlə birlikdə hazırlanır. Tikinti işləri də birlikdə həyata keçiriləcək. Yaxın vaxtlarda bu planlar barədə ictimaiyyətə ətraflı məlumatlar veriləcək”.

Anar Nəcəfli yenidən aparıcılıq edəcək - Open.az

Anar Nəcəfli

Artıq ölkəmizdə soyuq qış fəsli başlamaqdadır. Əhmədbəyli-Füzuli-Şuşa yolu iqlimin soyuq olduğu ərazilərdən keçir. AAYDA rəsmisinin sözlərinə görə, tikinti işləri qışda da davam etdiriləcək: “Harada mümkün olacaq, tikinti işləri aparılacaq. Mümkün olmayan hissələrdə isə işlər yazda həyata keçiriləcək. Yəni tikinti dayanmayacaq”.

Azərbaycan Dəmir Yolları QSC-dən “Yeni Müsavat”a verilən məlumata görə, Ermənistanın işğalı nəticəsində  digər sahələrdə olduğu kimi, dəmir yolu infrastrukturuna da ziyan dəyib: “Mövcud dəmir yolu xətləri  dağıdılıb, yollar, stansiyalar, ərazidəki hərəkət vasitələri (vaqonlar, lokomotivlər) və digər qurğu və avadanlıqlar tamamilə məhv edilib. Ermənistanın uzun müddət işğal altında saxladığı  əsas dəmir yolu xətlərinin (baş yolların) ümumi uzunluğu 240,4 km olub. Bu xətlər Horadiz-Ordubad sahəsində 144 km-dir. O cümlədən 43 km dəmir yolu xətti Ermənistanın Mehri rayonu ərazisindən (Zəngəzurdan) keçir. Yevlax-Xankəndi sahəsində 51 km, Mincivan-Qafan sahəsində 39,1 km, Qazax-Barxudarlı sahəsində 6,3 km təşkil edir”.

QSC-dən bildirirlər ki, həmin ərazilərdə  23 stansiyamız qalmışdı: “O cümlədən 5 stansiya Mehri rayonu ərazisindədir. Bundan əlavə,  85,5 km yan yollar ərazilərimiz işğal altında olduğu müddətdə dağıdılıb.

Cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuz işğala son qoydu. Digər qurumlar kimi “Azərbaycan Dəmir Yolları” QSC-nin  müvafiq strukturları tərəfindən mənfur düşmənin dəmir yollarına vurduğu ziyanın həcmi hesablanır. Dəmir yollarının yuxarıda qeyd etdiyimiz sahələrinin bərpa edilməsi üçün müvafiq təkliflər hazırlanır. O cümlədən ümumi uzunluğu 104 km olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb. Bərdə-Köçərli sahəsi hazırda işləyir.

Digər aidiyyəti qurumlar ərazidəki zəruri işləri tamamladıqdan, xüsusilə həmin ərazi minalardan təmizləndikdən sonra əsaslı infrastruktur layihələrinə başlanılacaq”.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157757

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031