Fərid Şəfiyev: “Qarabağ ermənilərinə yardım edilməsini ən çox dəstəkləyən Rusiya erməniləridir”

27.01.2021 - 10:37

“Erməni diasporunun içərisində də artıq belə fikirlər səslənir ki, ”bizi inək kimi sağırlar””

Rəsmi Bakının sərt xəbərdarlıqlarına baxmayaraq, İrəvandan Qarabağa növbəti qanunsuz səfərlər davam edir. Ermənistanın Diasporla İş üzrə Baş Müvəkkili Zare Sinanyan və Diasporla İş üzrə Baş Müvəkkil Aparatının rəhbəri Sara Anjargolyan 22-24 yanvar tarixlərində Xankəndində olublar.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Yeni Müsavat”ın bu və digər mövzularda suallarını cavablandırıb.

– Fərid bəy, bu bir faktdır ki, 44 günlük Vətən müharibəsində erməni daisporasının da başı bərk əzilib. Az qala möcüzələr yaradacağına inandıqları erməni diasporası müharibədə səsini çıxarsa da, yalandan “vay-şivən” yaysalar da, hətta aksiyalar keçirsələr də, onları eşidən olmadı. Azərbaycan 44 günlük Vətən müharibəsində erməni diasporası mifini də dağıtdı. Qarabağ erməniləri bunu hər kəsdən daha yaxşı anladılar. İndi diaspora yenidən dirçəlməyə, yenidən dünyada pul dilənmək üçün “artsax”a dəstək olmaq görüntüsünü yaratmağa çalışır. Sizcə, Xankəndinə son səfərdə əsas məqsəd nə idi?

– Bunlar həm təxribat törətməyə çalışırlar, həm də bizi qıcıqlandırmaq istəyirlər. Ona görə də belə səfərlər olur və çox güman ki, bundan sonra da olacaq. Diasporada müəyyən pessimizm yaranıb. Bir sıra diaspora təşkilatları, orada fəaliyyət göstərən erməni diaspora nümayəndələri, alimlər və digərlərinin bir hissəsi artıq qeyd edirlər ki, biz 30 il ərzində sərmayə qoymuşuq, vəsait ayırmışıq, ancaq həmin vəsait puça çıxıb. Ona görə ki, Azərbaycan həmin əraziləri qaytarıb. Bu faktdır ki, Ermənistan diasporanın pulu ilə yaşayır. Bu mənada yenə də diasporadan müəyyən vəsait əldə etməyə çalışırlar. Hazırda Ermənistanın vəziyyəti çox ağırdır. Xüsusən də Dağlıq Qarabağın… Bu yaxınlarda biz bir arayış hazırlayıb saytımızda dərc edəcəyik, “Dağlıq Qarabağ”ın iqtisadi durumu barədə… Bunların əsas gəlir mənbəyi işğal altındakı ətraf ərazilərdən gəlirdi. Orada bir sıra xırda sənaye obyektləri, Hadrutdakı çaxır zavodu kimi, o da bizim əlimizə keçib. Ümumiyyətlə, Ermənistan iqtisadiyyatının vəziyyəti çox pisdir. Ona görə də çalışırlar heç olmasa, diaspora vasitəsilə yenə də ayaqda qalsınlar.

Baxmayaraq ki, bəli, biz xəbərdarlıq etmişik. Amma o ərazilərə hazırda biz nəzarət etmirik, Rusiya sülhməramlı qüvvələrinin nəzarətindədir. Eyni zamanda Rusiya xarici işlər naziri Lavrov ikimənalı bir şərh edib. Bir tərəfdən bildirib ki, Qarabağda yaşayan ermənilərlə Ermənistan arasında humanitar xarakterli əlaqələr olmalıdır. Eyni zamanda qeyd edib ki, burada hər hansı siyasi bəyanat verilməməlidir. Lavrov bunu deyib, amma orada bəyanatlar verilir. Mən hesab edirəm ki, bunlar heç şübhəsiz öz işləri ilə məşğul olacaqlar. Ermənistan XİN rəsmən bəyan edib ki, Qarabağın statusu gündəmdə olmalı, müzakirə olunmalıdır. Düzdür, “müstəqillik” deməyə çəkinirlər, amma hər halda, dolayısı ilə onların hədəfi status məsələsinin həllidir. Bunlar öz işi ilə məşğuldur, biz də öz işimizlə məşğul olmalıyıq. Mən hərdən görürəm ki, sosial şəbəkələrdə yazırlar: nə oldu, ermənilər yenə də belə deyir? Onlar 30 ildir deyirlər ki, Dağlıq Qarabağ, daha doğrusu, “artsax” müstəqil dövlətdir. Biz də öz işimizlə məşğul olmalıyıq. Cənab Prezident deyib ki, status məsələsi gündəmdə yoxdur, Azərbaycan tərəf bunu müzakirə etməyəcək. Burada da müsbət bir məqam var. Rusiya xarici işlər naziri Lavrov sonuncu brifinqdə qeyd edib ki, bu məsələni hələlik müzakirə etmək məqsədəuyğun deyil.

– Xankəndinə daşınan ermənilərin sayı barədə davamlı məlumatlar verilir. Rusiya tərəfinin məlumatına görə, artıq 51 min nəfər Ermənistandan Qarabağa yaşamaq üçün gəlib. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, Qarabağda maksimum 60-65 min erməni yaşayıb. Xankəndinə bu sayda erməninin qayıdışı barədə məlumatlar nə dərəcədə reallığı əks etdirir? Ola bilərmi ki, burada məqsəd həm də diasporadan daha çox pul qopartmaq istəyidir?

– Rusiyanın rəqəmlərinə şübhə ilə yanaşmaq çətindir. Bizim də Dağlıq Qarabağın demoqrafiyası ilə bağlı araşdırmamız rusca dərc olunacaq. Son 100 il ərzində demoqrafiyanın necə dəyişdiyi və hazırkı dövrdəki vəziyyət barədə araşdırmalar əksini tapacaq. Biz də hesab edirik ki, heç müharibədən əvvəl də orda bəyan olunduğu qədər, yüz neçə min erməni yaşamayıb. Amma ola bilsin təxminən 50 min nəfər qayıdıb. Bəli, ermənilərin diasporadan, üçüncü dövlətlərdən vəsait əldə etmək niyyəti var. Amma təbii ki, üçüncü dövlətlərin Qarabağ ermənilərinə hər hansı vəsait ayırması qeyri-qanuni olacaq. Ola bilsin ki, bunu Ermənistan vasitəsilə reallaşdırmaq üçün hansısa sxem fikirləşəcəklər. Şübhəsiz ki, Qarabağa daha çox erməninin köçürülməsi diasporadan əlavə pul qoparılmasına xidmət edir. Amma burada siyasi məsələ də var. Yəni məqsəd təkcə pul qoparılması deyil.

– Sözsüz. İllər boyu Qarabağda süni məskunlaşma siyasətində məqsəd həm də məkrli siyasəti “uğurla” başa çatdırmaq idi…

– Bəli. Əgər orada erməni olmasaydı, onda sülhməramlı qüvvələrə nə gərək idi? Onların “boyük Ermənistan” layihəsi puça çıxıb. Amma erməni millətçilərinin Dağlıq Qarabağla bağlı layihəsi hələ də gündəmdədir. Ona görə 50 min də olmasa, 10-20 min ermənini orada pulla saxlayacaqlar, siyasi məqsədlərə görə. Ona görə də hesab edirəm ki, maliyyə məsələsi ikinci yerdədir, əsas siyasi məsələdir. Əsas istək budur ki, heç olmasa müəyyən miqdarda erməni əhali orada qalsın.

– Yəqin razılaşarsınız ki, Ermənistandan Qarabağa qanunsuz səfərlərin davam etməsi bizim ziyanımızadır və buna sonsuza qədər dözmək olmaz. Xankəndinə gələn diaspor təşkilatı nümayəndələri müharibəyə qədər Qarabağa Suriya və Livandan erməni ailələrinin köçünü təşkil etməklə məşğul idilər, yenə də dövriyyəyə giriblər. Bu kimi qanunsuzluqların qarşısını almaq üçün nə təklif edirsiniz?

– Yaxın zamanlarda təbii ki, onlar siyasi təxribatlarla məşğul olacaqlar, belə səfərlər təşkil edəcəklər. Mən artıq Ermənistanı güclü faktor olaraq görmürəm. Biz məsələni Rusiya ilə həll etməliyik. Hər halda, əgər biz Laçın dəhlizini humanitar məqsədlərlə istifadə üçün vermişiksə və bunun konsepsiyasını qəbul ediriksə, Ermənistanla Dağlıq Qarabağdakı ermənilər arasında ünsiyyət təbii ki, olacaq. Əslində mən Dağlıq Qarabağ ifadəsindən istifadə etmək istəmirəm…

– Həm də dəhlizə nəzarət imkanına sahiblənməliyik, elə deyilmi?

– Bəli. Bu məsələ gündəmdədir. Gündəmdə iki məsələ var. Əgər biz 10 noyabr bəyanatına baxsaq, 4-cü maddədə bütün erməni silahlılarının Qarabağdan çıxarılması məsələsi var. Hələlik bu məsələ təmin olunmayıb və gündəmdə qalıb. Mən bilirəm ki, Azərbaycan Rusiya ilə bu məsələni müzakirə edir. Digər məsələ isə Laçın dəhlizinə nəzarət məsələsidir. Yəni burada söhbət gedir ki, Laçın dəhlizi hər hansı hərbi yük, yaxud qeyr-humanitar məsələlər üçün nəzərdə tutulmayıb. Amma biz bunları Rusiya ilə həll etməliyik. Yenə deyirəm, artıq Ermənistan ikinci faktordur. Bu məsələdə bizim ən əsas tərəfdaşımız Rusiyadır. Reallıq budur ki, Rusiya ən azı regional gücdür. Ona görə də biz bunu diplomatik yolla həll etməyə çalışmalıyıq.

– Biz Laçın dəhlizinə nəzarətdən danışırıq. Amma ermənilər Kəlbəcərdən Ermənistana ikinci yolun açılmasına cəhd göstərirlər. Faktiki olaraq bir dəhlizlə bu qədər qanunsuzluqlar edənlər ikinci yola sahiblənməyə, orada da sülhməramlıların rol almasına çalışırlar. Buna getmək olarmı?

– Mən bilən bu məsələ bizim gündəmimizdə deyil. Biz bunu qəbul etməyəcəyik. Bu haqda ermənilərin yaydığı kadrları görmüşəm. Təbii ki, hər yola əl atacaqlar. Başqa tələbləri də ortaya qoyurlar, xristian abidələri və sair kimi. Mübarizə davam edir. Cənab Prezident bəyan edib ki, artıq münaqişə bitib. Burada söhbət müharibədən gedir. Amma təbii ki, biz mübarizəni davam etdirməliyik. Yenə də 10 noyabr bəyanatına qayıdıram. Orada ermənilər üçün bir dəhlizdən söhbət gedir, bu da Laçın dəhlizidir. Gələcəkdə onun marşrutu da dəyişəcək. Ona görə ki, dəhliz Laçın şəhərinin mərkəzindən keçir. Amma təbii ki, ermənilərə ikinci yolu heç kim verməyəcək.

– Qarabağ ermənilərinə ən çox hansı ölkələrdən diaspora xətti ilə vəsaitlər göndərilir?

– Adətən ABŞ-dan daha çox pul vəsaiti daxil olurdu, “Hayastan” Fondu həmişə daha çox yardım göstərirdi. O vaxtlar keçirilən marafonlarda 30-50 milyon dollar yığılırdı. Açınız deyim, mən proqnozlaşdırmıram ki, yenə də bu dərəcədə pul yığa biləcəklər. Ona görə ki, erməni diasporunun içərisində də artıq belə fikirlər səslənir ki, “bizi inək kimi sağırlar”. Hazırda Qarabağ ermənilərinə yardım göstərilməsi təşəbbüsünü ən çox dəstəkləyən Rusiya erməniləridir.

– Maraqlıdır, Rusiyadakı diaspor təşkilatları Paşinyanı qəbul etmir, amma Qarabağ ermənilərinə dəstəkdə maraqlıdır…

– Bəli. Amerika ermənilərinin içərisində vaxtilə Ter-Petrosyanın müşaviri olmuş Jirar Libaredyan, Lehigh Universitetinin professoru Arman Qriqoryan kimi şəxslər hesab edirlər ki, Ermənistanın gələcəyinin olması üçün Türkiyə və Azərbaycanla əlaqələr yaxşılaşdırılmalıdır. Mən demirəm ki, sabah Qərbdəki ermənilər Ermənistana yardım göstərməyəcəklər. Yox, yardım edəcəklər təbii ki. Amma mən hesab edirəm ki, artıq o məbləğdə yardım olmayacaq.

– Razısınızmı ki, 44 günlük müharibədən sonra dünyadakı erməni diasporası mifi də zərbə aldı?

– Bəli. Bu yaxınlarda ingilis dilində bir məqalə dərc olunmuşdu. Ermənistanda insan hüquqları ilə məşğul olan təşkilat 5 erməni mifi haqqında yazmışdı. Mənim də rus dilində, erməni mifinin Azərbaycanın qələbəsinə necə kömək etdiyi barədə bir məqaləm dərc olunmuşdu. Bunların yaratdığı miflər var idi ki, “Ermənistan qüdrətli dövlətdir”, “Ermənistanın qüdrətli ordusu var”, yaxud bizi təhqir edirdilər, əslində bütün bu miflər ermənilərə qalib gəlmək üçün bizə kömək etdi. Onlar artıq bunu dərk edirlər. Hər halda, müəyyən qüvvələr artıq ortaya çıxıb köklü şəkildə Ermənistan siyasətini dəyişdirməlidir. Bunu gözləmək sadəlövhlük olar ki, gələn ay, yaxud gələn il hər şey dəyişəcək. Amma mən hesab edirəm ki, realist qüvvələr hakimiyyətə gələcəklər. Onsuz da gec-tez Paşinyan hakimiyyətdən gedəcək. Amma ola bilsin onun partiyası hakimiyyətdə qaldı. Əgər doğrudan da öz gələcəklərini düşünürlərsə, – təbii ki, bizi düşünmürlər – Türkiyə və Azərbaycanla əlaqələri yaxşılaşdırmalıdırlar.

– Yenə də qayıdaq Xankəndi şəhərindəki görüşə. Orada bildirilib ki, “yalnız ümumerməni səyləri ilə ”artsaxı” bərpa etmək və inkişaf etdirmək mümkün olacaq. Bu baxımdan Ermənistan-“artsax” – diasporun birgə və əlaqələndirilmiş üçlüyü işi mütləq şərtdir”. Bu təşəbbüslər uğur qazana biləcəkmi, sizcə?

– Onların əsas problemi ondan ibarət idi ki, 30 il ərzində Dağlıq Qarabağı və ətraf 7 rayonu məskunlaşdıra bilməyiblər. Düzdür, Livandan, Suriyadan bir neçə min nəfər gətirib məskunlaşdırıblar. Amma bu, tutarlı şəkildə demoqrafik mənzərəni dəyişdirə bilməyib. Müharibə zamanı isə onların əksəriyyəti çıxıb gedib. Ona görə bizimçün daha asan olub. Bir var ki, biz bir milyon adamı burdan çıxaracaqdıq. Ancaq ermənilərin azasaylı olması bizimçün əlverişli amilə çevrilib. Füzuli, Cəbrayıl kimi böyük ərazilər var idi ki, ümumiyyətlə, ermənilər orada yaşamırdı. Yəni belə şəraitdə təbii ki, hərbi əməliyyat aparmaq daha asandır. Həmçinin humanitar baxımd səs-küy az olur, orada o qədər adam qırılmayıb və sair. Ermənilər indi dərk edirlər ki, bunu edə bilməyiblər. Bundan sonra isə o niyyətin həyata keçirilməsi, ümumiyyətlə, mümkün deyil. Həm Ermənistanın iqtisadi iqtisadi potensialının köklü şəkildə azalması da faktdır. Burada su ehtiyatlarının azalmasını da vurğulamaq lazımdır. Kəlbəcərdə böyük su ehtiyatları var idi. Onlarla enerji ehtiyatları mövcud idi. Məsələn, mən özüm o rayonlara getmişəm. Bunlar Füzulidə yaşamasalar belə, orada taxıl və digər məhsulları yetişdirirdilər. Mən hətta xurma bağlarını gördüm. Təbii ki, bunların gəliri məmur və oliqarxların cibinə gedirdi. Amma yenə də müəyyən iqtisadi fəaliyyət var idi. Artıq bu fəaliyyət olmayacaq, sıxıldıqları ərazilərdə isə davamlı inkişafa nail olmaq mümkün deyil. Deməli, bunlar yardımdan asılı olacaqlar. Diaspora bunlara müəyyən yardım göstərəcək, amma onun təsiri çox az olacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160339

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930