Köçəryan rəsmi Bakıdan niyə icazə istəyir: O, bütün şərtlərə razıdır, Azərbaycan isə reaksiya vermir

14.02.2021 - 10:43

Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı veriləcək yekun qərar iki dövlətin – Rusiya və Azərbaycanın maraqlarından asılı vəziyyətə düşmüş kimi görünür; Köçəryan-Sarkisyan klanı “mövcud situasiyaya qarşı çıxmaq niyyətimiz yoxdur, anlaşmanı qüsursuz icra edəcəyik” mesajı versə də, hələlik müsbət cavab ala bilməyib…

Ermənistan siyasi xaosun qarşısında aciz duruma düşüb. Son üç ayda bu düşmən ölkə siyasi gərginliyin girovu olaraq, qalmaqdadır. Və hələlik mövcud situasiyadan çıxış yolları görünmür.

Əslində, normal ölkələrdə savaşda məğlub olan və dövləti idarə etmək imkanlarını itirmiş siyasi hakimiyyət mütləq istefa vermək məcburiyyətində qalardı. Üstəlik, ölkənin siyasi hakimiyyətinin dövlətə xəyanətdə ittiham edildiyi bir şituasiyada hər hansı baş nazir öz postunu qoruya bilməzdi.

Ancaq Ermənistanda bütün bunların tərsi baş verə bilir. Çünki, normal ölkə deyil. Siyasi hakimiyyətin əsas qaynağı xalq deyil. Yəni Ermənistan cəmiyyəti iqtidara gəlişində formal iştirak etdiyi bir siyasi qüvvəni hakimiyyətdən kənarlaşdıra bilmir. Xarici faktorların təsiri buna imkan vermir.

Onu da qeyd edək ki, Ermənistanda hakimiyyət dəyişikliyinə təsir edə biləcək xarici ölkələrin sayı məhduddur. Bu dövlətlərin sırasında Rusiya, ABŞ və son illərdə isə Azərbaycan da yer alır.

pash-soros31599860855.jpg (38 KB)

Təsadüfi deyil ki, baş nazir Nikol Paşinyan “Soros” Fondunun (ABŞ-ın) dəstəyilə hakimiyyətə gəldiyi ilk aylarda Azərbaycan Prezidenti İlham Əliyevlə qeyri-rəsmi təmasa keçib, ondan zaman istəmişdi. Belə bir zamanın veriləcəyi təqdirdə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konstruktiv mövqe tutacağını vəd etmişdi. Və rəsmi Bakıdan müəyyən qədər zaman almağa da nail oldu.

Ancaq baş nazir Nikol Paşinyan vədinə əməl etmədi. Hakimiyyətini möhkəmləndirə bildiyi qənaətinə gəldiyi andan etibarən avantürist təxribatlara üstünlük verdi. Və nəticəsi də göz qabağındadır.

Belə ki, vədinə xilaf çıxan Paşinyan hakimiyyəti rəsmi Bakı tərəfindən sərt şəkildə cəzalandırıldı. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan ordusu tərəfindən həll edildi. İndi baş nazir N.Paşinyan öz hakimiyyətini qorumaq üçün müxtəlif manevrlər etmək məcburiyyətində qalıb.

Əvvəlcə onu qeyd edək ki, baş nazir Nikol Paşinyanı hakimiyyətdə saxlaya biləcək xarici faktorların sırasında “Soros” Fondu (ABŞ) öz əhəmiyyətini itirməyə başlayıb. İndi Paşinyan hakimiyyətinin gələcək taleyi birbaşa Rusiya və Azərbaycandan asılı vəziyyətə düşmüş kimi görünür. Və ondan hələlik əsas tələb 10 noyabr anlaşmasına qeyd-şərtsiz əməl etməsi ilə bağlıdır.

Hazırda Paşinyan hakimiyyəti həmin sənədin icrasına xüsusi həssaslıqla yanaşır. Çünki, 10 noyabr anlaşmasının onun gələcək taleyini müəyyən edən yeganə faktor olduğunu anlayır. Və anlaşmanın icrasında ən xırda anlaşılmazlıq yaranacağı təqdirdə, kimsəyə lazım olmayacağından əmindir.

1601530048_kmo_168754_00098_1_t218_192513.jpg (243 KB)

Maraqlıdır ki, son günlər Paşinyan hakimiyyətinin siyasi əleyhdarları, xüsusilə də, erməni müxalifəti də bu önəmli reallığı nəhayət, anlamağa başlayıb. Artıq əmin olublar ki, 10 noyabr anlaşmasına Paşinyan hakimiyyətinin sadiqliyi onu qoruyan yeganə faktordur. Bu sadiqlik davam etdikcə, Rusiya və Azərbaycan Ermənistanda hakimiyyət dəyişikliyinə imkan verməyəcək.

Deməli, Paşinyan hakimiyyətinin dəyişdirilməsi yalnız Rusiya və Azərbaycandan icazə alınmasına birbaşa bağlıdır. Bunun üçün ilk növbədə Paşinyan hakimiyyətini əvəzləyəcək siyasi qüvvələrin 10 noyabr anlaşmasını daha sürətlə və effektiv icra edə biləcəyi ilə bağlı Rusiya və Azərbaycanın inandırılması vacibdir.

Çünki Rusiya və Azərbaycan üçün Ermənistanda kimin hakimiyyətə gələcəyi o qədər də əhəmiyyətli deyil. Yetər ki, hər iki ölkənin maraqlarına cavab verən sənəd qüsursuz icra olunsun.

Köçəryan-Sarkisyan çütlüyünün rəhbərlik etdiyi müxalif Qarabağ klanı artıq bu reallığı ciddiyə almağa başlayıb. Çünki, Paşinyan hakimiyyətinin siyasi iğtişaşlar ildə devrilməsinə Rusiyadan icazə almaq cəhdləri iki dəfə iflasa uğrayıb. Və bu, Qarabağ klanını mövcud situasiyanın şərtləri ilə hesablaşmaq məcburiyyətində qoyub.

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin daha da möhkəmlənib, öz ömrünü uzada biləcəyi təqdirdə, Qarabağ klanının sıradan çıxarılacağı qətiyyən şübhə doğurmur. Ona görə də, Köçəryan-Sarkisyan klanı mümkün qədər tələsik addımlar atmaq məcburiyyətindədir.

_AZpressAZ_0819545f17f5fb068efdbfd4f_o.jpg (43 KB)

Bəzi məlumatlara görə, keçmiş prezident Robert Köçəryanın sonuncu Moskva səfərində o, Kremldə qəbul edilməsə də, ona vasitəçilər üzərindən müəyyən mesajlar da verilib. Ona anladılıb ki, 10 noyabr anlaşması həm Rusiya, həm də Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyır. Ermənistanda hakimiyyətdə olan istənilən siyasi qüvvə həmin sənədi mütləq icra etməlidir. Əks halda, həm hakimiyyətdəki qüvvə, həm də Ermənistan daha ağır nəticələr ilə üzləşə bilər.

Bütün bunlardan belə anlaşılır ki, Robert Köçəryana yalnız Rusiyanı deyil, eyni zamanda Azərbaycanı da əmin edəcək vədlərin verilməsi və üzərində durulması qaçılmazdır. Əks halda, Rusiya hakimiyyət dəyişikliyinə razılıq versə belə, NATO ölkəsi olan Türkiyənin strateji müttəfiqi Azərbaycanın Ermənistana qarşı atacağı addımlar siyasi prosesləri xaosa sürükləyə bilər.

Rəsmi Bakının Ermənistanda cərəyan edən siyasi proseslərə həssas yanaşdığı isə heç kəsə sirr deyil. Hazırda Azərbaycan Ermənistanda hakimiyyətin dəyişməsində qətiyyən maraqlı deyil. Və mövcud geopolitik proseslərin inkişaf istiqamətlərinə əngəl törədə biləcək istənilən cəhdə sərt reaksiya verir.

Əslində, Prezident İlham Əliyevin bir neçə dəfə təkrarladığı “Biz yalnız Paşinyan hakimiyyətini deyil, Köçəryan-Sarkisyan klanını da məğlub etmişik” açıqlaması olduqca, incə mesajdır. Rəsmi Bakı Ermənistanda hakimiyyət dəyişikliyinə qarşı çıxdığını üstüörtülü şəkildə biruzə verməyə çalışır.

Təbii ki, belə vəziyyətdə Ermənistanın siyasi səhnəsi də rəsmi Bakının mövqeyindən asılı vəziyyətə düşmüş kimi görünür. Ona görə də, Qarabağ klanı bu önəmli xarici faktoru mütləq nəzərə almaq məcburiyyətindədir. Çünki, bu faktorun təsirindən yayınmaq demək olar ki, mümkün deyil.

rob-images.jpg (7 KB)

Maraqlıdır ki, keçmiş prezident R.Köçəryan Ermənistanda hakimiyyət uğrunda mübarizəyə Azərbaycanın təsirini artıq nəzərə aldığını biruzə verməyə başlayıb. Onun son açıqlaması böyük ehtimalla rəsmi Bakının diqqətinin cəlb edilməsinə hesablanıb.

Məsələ ondadır ki, keçmiş prezident Robert Köçəryan Rusiyadan qayıdan kimi dərhal verdiyi açıqlamada Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini güc vasitəsilə həll etdiyini vurğulayıb. Yəni, o, problemin artıq həll olunduğunu qəbul etdiyini gizlətmir: “İndi Ermənistanın Azərbaycanı Dağlıq Qarabağın statusunun müzakirəsinə məcbur etməsi üçün heç nəyi qalmayıb. Daha doğrusu, rəsmi Bakı məsələni həll edib və statusu da ləğv edib”.

Göründüyü kimi, bu açıqlama eynilə rəsmi Bakının bəyanatlarının təkrarlanması təsiri bağışlayır. Çünki rəsmi Bakı da bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi artıq mövcud deyil. Və status mövzusu da bundan sonra heç vaxt müzakirə edilməyəcək.

Onu da qeyd edək ki, R.Köçəryanın bu açıqlaması onun əvvəlki mövqeyi ilə kəskin ziddiyyət təşkil edir. Buna qədər o, Paşinyan hakimiyyətini xəyanətdə suçlayaraq, şituasiyanın xilas edilməsi üçün revanşa hazırlaşmağa çağırırdı. İndisə, belə anlaşılır ki, vəziyyətlə barışıb, onun dəyişdirilməsinin mümkün olmadığını da artıq qəbul edib.

Təbii ki, bu, rəsmi Bakıya mesaj xarakteri də daşıyır. Belə ki, R.Köçəryan “mövcud situasiyaya qarşı çıxmaq niyyətimiz yoxdur” demək istəyir. Və bunu daha açıq mətnlə də dilə gətirməyə ehtiyac duyur: “Biz parlament seçkilərində qələbə qazanıb, hakimiyyətə gəlsək, indiki reallığı və regional geosiyasi vəziyyəti qiymətləndirib, ona uyğun addımlar atacağıq”.

robert-maxresdefault.jpg (133 KB)

Açıqlamasının bu bölümündə R.Köçəryan bir neçə önəmli məsələ ilə bağlı Rusiya və Azərbaycana tam təminat verdiyinə eyham vurur. Birincisi, o, Paşinyan hakimiyyətinin devrilməsinə cəhd göstərilməyəcəyini vəd edir. Çünki, hakimiyyətin devrilməsi Ermənistanda xaosu dərinləşdirə bilər. Bu isə anlaşmanın icrasında fasilələr yarada biləcəyi üçün Rusiya və Azərbaycana sərf eləmir.

Digər tərəfdən isə R.Köçəryan seçkilərdə qələbə qazanıb, hakimiyyətə gəlməsinə icazə veriləcəyi təqdirdə, indiki reallığa və regional geopolitik vəziyyətə uyğun addımlar atacağına təminat verir. Yəni, yeni şituasiyanın şərtlərinə qarşı çıxmayacağını və dolayısı ilə anlaşmanı yerinə yetirəcəyini vəd edir.

Belə anlaşılır ki, Köçəryan-Sarkisyan klanı hakimiyyətə gəlmək üçün Rusiya və Azərbaycandan icazə istəyir. Bütün şərtləri qəbul etdiyini bəyanlamaqla, müsbət cavab gözləyir.

Bu baxımdan, xüsusilə də, rəsmi Bakının bu məsələyə reaksiyası böyük maraq doğurur. Çünki, rəsmi Bakının Azərbaycanın milli maraqları baxımından, prinsipial xarakter daşıyan bəzi əlavə şərtləri irəli sürmədən Ermənistanda hakimiyyət dəyişikliyinə həvəs göstərəcəyi hələlik o qədər də inandırıcı deyil.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161437

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31