Musabəyovdan Fransaya SƏRT SÖZLƏR: Bu, bizim nəyimizə lazımdır?!

03.06.2021 - 17:25

 

Musabəyovdan Fransaya SƏRT SÖZLƏR: Bu, bizim nəyimizə lazımdır?!

“Fransa Prezidenti Emmanuel Makronun və Fransa senatının qatı ermənipərəst mövqe sərgiləməsi bu ölkənin Azərbaycanla münasibətlərinə böyük zərbə vurdu. Özləri Azərbaycanla münasibətlərə, buradakı mövqelərinə bu bəyanatları ilə xələl gətirdilər”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Millət vəkili Fransa rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə ünvanladığı məktubla bağlı bəzi məqamlara toxunub:

“Həmin məktubda qeyd olunur ki, onlar Azərbaycanla münasibətlərə yüksək qiymət verirlər və bu əlaqələri daha da inkişaf etdirmək istəyirlər. Yenə də bizim onları dəvət etmədiyimiz vasitəçilik məsələsindən danışırlar. Əgər sən ermənipərəst mövqe tutmusansa, sənin vasitəçiliyin bizim nəyimizə lazımdır?! Biz Avropa Şurasının üzvü, böyük dövlət olan Fransa ilə mövqelərimizi süni şəkildə korlamaqda maraqlı deyilik. Amma Fransanı öz işlərimizə yaxın buraxmaq niyyətimiz də yoxdur. Fransanın burada hansı maraqları var, özü bilər. Onların nə düşünməsi önəmli deyil. Düşünmürəm ki, Parisin son davranışlarından sonra Fransanın bu işlərdə hansısa rolu olsun”.

Millət vəkili xatırladıb ki, Fransa həm tarixinə, həm iqtisadi, həm də hərbi, siyasi gücünə görə qüdrətli dövlətdir:

“Eyni zamanda, nüvə silahına malikdir. Dünyada iqtisadi gücünə görə beşinci, altıncı yerləri bölüşür. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Bu baxımdan Fransanın dünyanın bir çox yerlərində maraqları var. Adətən tarixi kontekstdə götürdükdə Fransanın nüfuz dairəsi Livanda, Afrikanın şimalında və digər yerlərdə daha böyük olub. Fransa Cənubi Qafqazda da çox fəaldır, Ermənistanı özünə “bacı dövlət” elan edib. Nəzərə almaq lazımdır ki, Fransada 600 mindən çox erməni yaşayır. Oranın vətəndaşıdırlar. Təbii ki, bu baxımdan Fransa Ermənistanla hansısa xüsusi əlaqələr saxlayır.

Gürcüstanla Fransa münasibətlərini götürək; Şimal-qərb qonşumuzun qeyri-rəsmi “boss”u olan Bidzina İvanişvilinin cibində Fransa pasportu var. Demək olar ki, onun vəsaitlərinin böyük bir hissəsi Fransada yerləşdirilib. Eyni zamanda, hazırkı Gürcüstan Prezidenti Salome Zurabişvili vaxtilə Fransanın Gürcüstanda səfiri olub. Sonra Xarici İşlər naziri təyin edilmişdi. İndi isə prezident seçilib. Bəlkə indi rəsmi şəkildə Fransa vətəndaşlığından imtina edib. Amma hamı anlayır ki, o vaxtilə Fransa vətəndaşı idi. Hazırkı Baş nazir İrakli Qaribaşvili, eləcə də Gürcüstanın İqtisadiyyat naziri fransa təhsillidir. Sözümün canı odur ki, şəxslər səviyyəsində Fransanın Gürcüstanda da kifayət qədər nüfuzu var. Halbuki, Fransanın iqtisadi nüfuzu Gürcüstanda çox zəifdir. Bəlkə də Azərbaycanın Gürcüstandakı iqtisadi nüfuzu Fransanı 5-6 dəfə üstələyir”.

Rasim Musabəyov vurğulayıb ki, Fransa söz deməkdə, bayraq yelləməkdə maraqlı olsa da, heç vaxt əlini cibinə salmağa tələsmir:

“Paris İrəvana da eyni münasibəti sərgiləyir. Paşinyana da hansısa xoş sözlər deyilə, xoş vədlər verilə bilər. Lakin Fransa Ermənistan üçün də əlini cibinə atmağa tələsmədiyini göstərir. Bu baxımdan regionda Fransanın iqtisadi baxımdan ən böyük tərəfdaşı Azərbaycandır. Məhz ən böyük layihələri Fransa Azərbaycanda həyata keçirir. Ortada ticarət dövriyyəsi var. Biz Fransa ilə münasibətlərimizi inkişaf etdirməyə çalışırdıq. Fransa ilə iqtisadi, eyni zamanda mədəni sahədə münasibətlərimiz, əlaqələrimiz kifayət qədər möhkəm idi. Təəssüf ki, Fransanın prezidentləri bu münasibətlərə düzgün qiymət vermək əvəzinə, açıq ermənipərəst mövqe sərgilədilər. Bu, həm müharibə zamanı, həm də müharibədən sonra davam elədi. Rusiya Ermənistanın rəsmi müttəfiqi olmasına baxmayaraq, o cür davranmadı. Ən azından bu istiqamətdə bizim əleyhimizə rəsmi bəyanatlar vermirdi. Təbii ki, Moskva İrəvana 1 milyard dollarlıq silah yardımı eləmişdi. Son məqamda məhz Rusiya Ermənistana silah yardımı göstərmişdi. Halbuki, Fransa Dağlıq Qarabağı tanımağa və Ermənistana hərbi yardımlar göstərməyə hazır olduğunu bildirmişdi. Son nəticədə hərbi yardım etmək imkanında olmadı və olmayacaq”.

Tural Turan

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164229

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930