“Yüz il, min il keçəcək amma bu günün qəhrəmanları unudulmayacaq!” – Sabir Rüstəmxanlı yazır

17.10.2022 - 23:18

Millət vəkili, Meydan hərəkatının lideri Sabir Rüstəmxanlı “Xəyai yurdu” kitabından Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü ilə bağlı xatirəsəni özünün Facebook səhifəsində dərc edib. Həmin yazını cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq:

” Beləliklə, 1991-ci il 18 oktyabr günü… İlk baharda SSRİ tərkibindən çıxmağı xəyanət sayan, bizi məhv eləməyə hazır olan bu “rejim övladları” son baharda öz tifaqlarının dağılmasına səs verəcəklərmi? Yenə iclas öncəsi təlimat saatında tapşırıqlarını almışdılar: Mərkəzdənqaçma elə bir şəkil alıb ki, Moskvanın ətəyindən tutub durmağın xeyri yoxdur; daha tutulmalı ətək də qalmayıb, bir yandan da QKÇP-dən sonra gərginləşən münasibətlər geriyə yol qoymayıb, yəqin tezliklə Qorbaçov özü də gedəcək, Rusiya tək qalandan sonra SSRİ nazirləri və rəhbərliyi nəyə lazım? Bir yandan da xalq ayaq üstədir: bu qərar qəbul olunmasa heç kim binadan çıxıb evinə gedə bilməz… Həm də axı nə fərqi, vəzifələriniz ki, dəyişilmir, indi daha yaxşı…BU, kommunistləri sakitləşdirmək üçün deyilən sözdü… Onda hələ belə düşünürdülər: əslində elə belə də oldu… Müstəqillikdən də biz yox, onlar yararlandı… Milli Məclisi mühasirəyə almış cəbhəçilərin bir hissəsi parlamentin iclas salonuna buraxılıb. Arxada sədd çəkib dayanıblar. Müstəqillik aktı oxunur!. Bu tarixi sənədin hər maddəsi bu salonda zamanın hökmü kimi səslənird Bəzilərinin başına daş düşür… Yadıma 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin, 1946-cı ildə Təbrizdə Cənubi Azərbaycanın Demokratik Cümhuriyyətinin elan olunması düşürdü… İndi bilirdim ki, ordaki milliyətçilər nələr keçiriblər; elə beləcə oturduğun yerdə, sevincdən ürəyin partlaya bilər. Amma olmaz! Bu bütün ömrümüz boyu gözlədiyimiz bir gündür! İdeallarımızın, arzularımızınm günüdür! Neçə illik zəhmətimizin, əzablarımızın, tökülən qanlarımızın bəhrəsi və nəticəsidir. Süstləşmək, sentimentallığa qapılmaq olmaz! Şükür sənə, İlahi! Bu günü yaşamağı bizə qismət elədin. Bu günə bizi yetişdirdin, bu hadisələri biz idarə etdik, bu sənədi biz hazırladıq və biz qəbul edirik! XX yüzilin sonunda Azərbaycanın quzeyində müstəqil dövlətin müəllifləri bizlərdik! Müstəqilliyin əsgər və sərkərdələri bizik! Nə bizdən əvvəlkilər, nə bizdən sonra gələnlər – məhz bizlər! Bəlkə yüz il, min il keçəcək amma bu gün və bu günün qəhrəmanları unudulmayacaq! Çıxışım da elə bu ovqatdan doğmuşdu. Bu sənədin qəbulunun zəruriliyinə inandırmağa çalışırdım. Əslində isə buna ehtiyac yoxdu! Çünki ilk baharın kommunistləri bu gün artıq milli demokrat olmaqdan ötrü sino gedirdilər: onlar heç nəyi həll eləmirdilər, zaman onları qabağına qatıb aparırdı; gözlərində bir anlaşılmazlıq, bir yalvarış vardı: nə olar, tut əlimdən! Anlaşılmazlıq dedim. Amma ürəkdən sevinənlər də vardı, xəcalətdən pörtüb, gizlənməyə çalışanlar da. Allah! Allah! İnsan da öz dövlətinin, millətinin müstəqilliyindən belə pərt olar?! Firudin Ağasıoğluyla yanaşı oturmuşduq! Arada bir çevrilib yaşlı gözlərimizlə bir-birimizə baxırdıq! Sən bir işə bax, bir vaxtlar müstəqillik sözünü lağa qoyanların bir neçəsi salonlardakı bu aktın qəbulunun vacibliyini başa salmağa çalışır! Tarixin unutqanlığına güvənirlər! Qoy danışsınlar, təki mane olmasınlar! Bu da səsvermə! Ola bilməz! Lehinə 260 nəfərdən çox! Bir anlıq sükut! Sonra salon hələ eşitmədiyimiz bir alqış gurultusundan əsir! Qəbul edildi! Qəbul edildi! Yumruqlar düyünlənib, yerimizdə uşaq kimi atılıb-düşür, qucaqlaşırıq! İclas zalı dağılır! Kimi gülür, kimi ağlayır! Axır ki! Axır ki! Axır ki! Gözün aydın Vətən! Gözün aydın Azərbaycan! İndi rahatca ölə bilərik! İndi rahatca qayıdıb yenidən öz qəzetimi buraxa, şeirimi yaza bilərəm! Mənim davam buracandı! Bundan belə nə parlament, nə siyasət? İnşallah, müstəqil dövlət hər işi yoluna qoyar, biz də arxayınlaşarıq! Qalx! Bayraq gəlir! Üçrəngli, ayulduzlu bayraq! Qalx, yoldaş kommunist! Dünən bunu tanımayan, ona həqarət edən qalx! O bayrağı cıran, ayaq altına atan, qalx! Qəzəbdən əssən də, ürəyin partlasa da boyun əyəcəksən, qalxacaqsan! Zaman və tarix ayağa qalxır! Siz də qalxın! Amma gör kim gətirir bayrağı! Dünənə kimi onu tanımayanlardan birisi, DTK işçisi… Yenə də saxtakarlıq, yenə də işi görənlər bir yanda, bəhrəsini görənlər bir yanda! Fəqət bu gün belə xırda şeyləri dərd eləmək olmaz! Qoy elə onlar gətirsin! Diz çöksünlər önündə, öpsünlər, səcdə eləsinlər ona! Əs, dalğalan, yüksəl, düşmənlərinin gözünü kor et, işığın dünyanı bürüsün mənim qutsal, uca bayrağım! Allah! Deməli, bir ömürdə bunu da görmək mümkünmüş! 1988-ci ildə meydanda ilk dəfə ehtiyatla qaldırılan bayraq, ilk olaraq seçib, “meydanda yalnız milli bayrağımız dalğalanacaq” – deyə, kütləyə nişan verdiyim bayraq, bu gün ali məqamına qayıdır, yenidən dövlətin rəmzinə çevrilir! 1991-ci ilin 18 oktyabrı ən xoşbəxt günümdür, ömrümün zirvəsidir!”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=183834

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930