Frenk Zapata indi də uçan maşın üzərində işləyir – VİDEO

08.08.2019 - 19:38

«Flyboard Air» insana tək uçmaq imkanı verən, qaz turbini ilə işləyən şəxsi uçuş aparatıdır. Qurğu bel çantası kimi kürəyə birləşdirilir və reaktiv dartma gücünün köməyiylə insanı havaya qaldırır. Dartma gücü qurğunun yerə yönəltdiyi reaktiv axın sayəsində yaranır.

Qurğunu ixtira edən fransız motorlu qayıqçısı Franky Zapata (Frenk Zapata) bu həftə «Flyboard Air» ilə La-Manş boğazını keçib. Bundan əvvəlsə o, başqa bir ixtirası ilə reaktiv xizək mükafatında qalib olmuşdu. Zapata La-Manş boğazını keçərkən yolda sürətinin saatda 170 kilometrə çatdığını deyib. Sınaq bir gəmi və üç helikopterin müşayiəti ilə baş tutub.

Franky Zapata ötən ay öz futuristik uçuş qurğusu ilə Bastiliya Günü münasibətilə keçirilən hərbi parada qatılıb və bununla ictimaiyyətin diqqətini daha çox cəlb edib. Bu texnologiyada maraqlı olan Fransa ordusu bu yaxınlarda Zapata-nın Z-AIR şirkətinə 1.3 milyon avro dəyərində qrant da verib. Fransanın müdafiə naziri bu qurğudan logistika platforması kimi, yaxud hətta hücum aparatı kimi istifadə edilə biləcəyini deyib.

Bu böyük uğurdan sonra ixtiraçı uçan idman maşını ideyasını reallaşdırmaqla avtomobil bazarına daxil olmaq arzusundadır. Bu, sizə, sadəcə, arzu, ya da fantastik filmin ssenarisi kimi görünsə də, 40-yaşlı Zapata artıq ilk prototiplərini sınaqdan keçirir. O, indiyə kimi etdiyi ən böyük ixtiranı yaxın aylarda təqdim etməyi planlaşdırır.

«Mən öz uçan maşınımın üzərində işi bitirməliyəm. Bu ilin sonuna qədər onu təqdim etməliyəm. Evə gedib balaca bir məzuniyyət götürəcəyəm. Ondan sonra komandamın köməyi ilə dayanmadan işləyəcək, onu vaxtında çatdıracağam», – Zapata «Flyboard Air» ilə La-Manş boğazını uğurla keçəndən sonra Fransanın BFM TV xəbər kanalına müsahibəsində deyib.

Franky Zapata-nın uçan maşın yaratmaq təşəbbüsünü dəstəkləyən şirkətlərin sayı-hesabı yoxdur. İxtiraçının bundan əvvəlki uğurları onu çox uğurlu mövqeyə çatdırıb. Ancaq Zapata «Uber»lə birlikdə çalışıb son nəticədə uçan taksi seqmentinin pioneri olmaqda maraqlı deyil. O, yarış maşını düzəltmək istəyir.

İxtiraçı artıq bir müddətdir ki, heç kimə bildirmədən uçan maşın layihəsinin üzərində çalışdığını etiraf edib. Bu maşını quraşdıran zaman o, «Flyboard Air»i hazırlayarkən ixtira etdiyi texnologiyaya əsaslanır, ancaq bu dəfə onu bir qədər da təkmilləşdirir.

Onun sözlərinə görə, maşının çərçivəsi artıq sınaq xəttinin üzərində havaya qalxıb. Ancaq Fransa Mülki Aviasiya Direktoratı (DGAC), hələlik, ona göyləri fəth etməyə icazə verməyib. İxtiraçı 2019-cu il avqustun sonunadək bu icazəni alacağını gözləyir. DGAC-ın icazəsi Zapata və komandasına maşının hazırlıq prosesini daha da sürətləndirməyə imkan verəcək.

Uçan maşının texniki xassələri gizli saxlanılır. Ancaq Zapata artıq sınaq xətti üzərində havaya qalxmış prototip modelin dörd qaz turbininin olduğunu bildirib.

Sözügedən sınaq Fransanın cənubunda yerləşən Marsel şəhəri yaxınlığındakı bir sınaq meydançasında baş tutub.

Zapata yekun versiyanın 10 turbini olacağını, bunun sayəsində daha çox yük qaldıra və daha sürətlə hərəkət edə biləcəyini deyib. Maşının havaya qalxandan sonra sürətinin saatda 300-400 kilometr arasında olacağı gözlənilir. Uçan maşın bir dəfəyə 113 kilometr məsafə qət edə biləcək.

Hələlik yeni maşının görünüşü haqda heç nə bilinmir. Onun neçə sərnişin daşıya biləcəyi də məlum deyil. Ancaq dizayn mərhələsinin sona çatdığı deyilir.

Zapata-nın hələlik adı bilinməyən yeni maşını artıq bu ay rənglənməyə gedəcək və üzərində bəzi xırda işlər görüləcək. Odur ki, onu görəcəyimiz gün uzaqda deyil. (Virtualaz.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=131901

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930