Söyüşçü bloger Bakıya gətirildi: onu nə gözləyir?

16.12.2019 - 09:00

Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltiham oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib. Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, E.İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün DMX-yə müraciəti təmin olunaraq könüllü tibbi müayinədən keçirilməklə müvəqqəti sığınacaqla təmin edilib.

Eyni zamanda, Azərbaycanın Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar E.İsayev dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

Qeyd edək ki, 39 yaşlı Elvin İsayev son aylar bloger kimi fəaliyyət göstərib. O, öz sosial şəbəkə hesablarından Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri ağır ifadələrlə təhqir edərək gündəmə gəlib. E. İsayev 2001-ci ildə Şimali Osetiyada Rusiya vətəndaşlığını alıb. O, bu ilin yay aylarında Petro-Slavyankada yerləşən evinin yaxınlığında saxlanılmışdı. Ona qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi (əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasına giriş qaydasını, yaxud ölkədə qalma rejimini pozması) üzrə ittiham irəli sürülmüşdü.

Avqustun 26-da E.İsayevlə bağlı keçirilən məhkəmə zamanı azərbaycanlının Rusiya vətəndaşı olmadığı haqqında qərar qəbul edilib, onun 2001 və 2014-cü illərdə aldığı pasportlar etibarsız elan olunmuşdu.

Elvin İsayev ile ilgili görsel sonucu

“E.İsayev Rusiya Federasiyasının vətəndaşlığına qəbul haqqında bəyanatla lazımi qaydada Rusiyanın ərazisindəki səlahiyyətli orqanlara və bu ölkənin xaricdəki diplomatik nümayəndəliklərinə müraciət etməyib. Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə E.İsayevin Azərbaycan vətəndaşı olduğu bildirilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərar çıxarır ki, Azərbaycan vətəndaşı E.İsayev Rusiya Federasiyasının ərazisində xarici vətəndaşların ölkədə qalma rejimini kobud şəkildə pozub”, – deyə məhkəmənin qətnaməsində bildirilib.

Sankt-Peterburqun Dzerjin rayon məhkəməsi 1980-cı il təvəllüdlü İsayev Elvin İltiham oğlunu inzibati qanun pozuntusunda təqsirli bilib və ona 5 min rubl dəyərində cərimə və ölkədən çıxarılma şəklində inzibati cəza təyin etmişdi.

Hazırda Azərbaycanda saxlanılan Elvin İsayevi nə gözləyir?

Deputat Fazil Mustafa ile ilgili görsel sonucu

Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Elvin İsayev məhkəmə qarşısına çıxarılacaq: “Miqrasiya məcəlləsinin tələblərini pozduğuna görə deportasiya edilib və buna görə də məsuliyyət daşıyacaq. Əgər hansısa kriminal fəaliyyəti, haradasa təhqir, böhtanla bağlı günahı yoxdursa, inzibati məsuliyyətə cəlb edilə bilər. Ancaq yayılan məlumata görə o, cinayət məsuliyyətinə cəlb edilib. Ancaq motivlər açıqlanmadığı üçün bir şey söyləmək çətindir. Söyüş söymək təhqir kateqoriyasına daxildir. Yəqin ki, buna görə də məsuliyyət daşıya bilər. Çünki hər bir vətəndaşı təhqir etmək yolverilməzdir”.

Bildirək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə bir şəxsi təhqir etməyin konkret cəzaları var. Belə ki, qeyd etdiyimiz maddədə aşağıdakılar bildirilib: “Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya on altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Cinayət Məcəlləsinin 147-ci maddəsində isə böhtana görə cəzalar qeyd edilib. Həmin maddədə də aşağıdakılar qeyd olunub: “147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma- yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma- iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Novella Cəfəroğlu: ile ilgili görsel sonucu

Bəs cəza alacağı təqdirdə hüquq müdafiəçiləri Elvin İsayevi müdafiə edəcəkmi? “

«Yeni Müsavat»a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu Elvin İsayevi müdafiə etmək fikrində olmadığını dedi: “Söyüş söyən heç bir şəxsi müdafiə etmək fikrində deyiləm. Sən bir şeyi bəyənmirsənsə, onu tənqid edə bilərsən. Eləcə də hakimiyyəti bəyənmirsənsə, konkret faktlar göstərməklə tənqid et. Bildir ki, filankəs korrupsionerdi, korrupsiya ilə evlər alıb və sairə. Bunu tənqid edə bilərsən. Təhqir isə yolverilməzdir. Özümə söz vermişəm ki, kimliyindən asılı olaraq təhqirə yol verən, söyüş söyən şəxsin hüquqlarını müdafiə etməyəcəyəm. Ona görə də əgər Elvin İsayev söyüş söyübsə və buna görə cəza alacaqsa, onun hüquqlarını müdafiə etmək fikrində deyiləm”.

Əli RAİS,
“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138806

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031