Suriya topları, “muzdlu fiqurlar”, mat qalan rəqib…

25.11.2020 - 10:28

Ötən illərdəki yazılarımda şahmata həvəsimin necə güclü olduğunu dəfələrlə yazmışam. Xüsusilə də kəndimizin parkında toplaşan həvəskar şahmatçılar dəstəsinin arasında olub-bitənlərdən çox bəhs etmişəm. Gerçəkdən də şahmat dünyası başqa aləmdir.

Başqa yerləri, adamları bilmirəm, biz heç vaxt şahmatı maddi maraqdan oynamazdıq. Yəni onu qumara çevirməzdik. Uzağı, çayxanada oturmuşuqsa, uduzan adam masaya gətirilən çayların pulunu verərdi. Çox vaxt isə heç ona da ehtiyac olmazdı, qalib gəldiyi üçün kefi kökələn oyunçu 4 çaynik çayın pulunu ödəyərdi – ən çoxu 2 manat (o vaxt məzənnə beləydi, indiki kimi çay masasına üç cür mürəbbə, şokolad, qoz-fındıq ləpəsi, sair təamlar gətirmirdilər, eləcə, çay, konfet-qənd verirdilər).

Bizim oynadığımız şahmat çox kollektiv oyun olurdu. Yəni oyunu iki adam oynamırdı, iki qrup oynayırdı, hər tərəfdə azı 3 nəfər olurdu. Sadəcə, fiqurların yerinin dəyişdirilməsi bir adama həvalə edilirdi, nominal oyunçu o idi. Oyun da 5-6 dəqiqəyə bitməliydi, sürətli şahmat oynayırdıq biz, uzun-uzadı fikirləşmək nədi, rəqib gediş edibsə, 3-4 saniyəyə sən də gediş etməlisən. Hərçənd elə çətin vəziyyətlər yaranırdı ki, inadkar rəqiblər ondan çıxmaq üçün 10-15 dəqiqə fikirləşirdi və biz bunu cığallıq sayırdıq, deyirdik, adə sən Zoltan Riblesən, yoxsa Vişvanatan Anandsan, bir az tez oyna.

Gerçəkdən də şahmatın ləzzəti oyunun sürətindədir. Srağagün Teymur Rəcəbovla Levon Aronyanın oynadığı oyunun sürətləndirilmiş variantını izlədim, ləzzət elədi. Təsəvvür edin, onlar bu gedişləri etmək üçün 3 saat fikirləşiblər, amma sən bir dəqiqədə oyunun gedişatını da görürsən, nəticəsini də bilirsən.

Açığı, həmin oyunda dəhşətli dərəcədə mürəkkəb kombinasiyalar görmədim. Aronyan təxminən bizim kəndin poçtalyonu Aydın kişi kimi oynadı və uduzdu. Teymur da bizim Mətləb müəllim kimi oynadı –  “basıb gedəjəm qabağa”, “qala-mala hərrəmirəm, dağıdajam oraları” taktikasıyla. Və uddu.

İndi camaat lağlağı eləyir. Hollandiyada yaşayan həmvətənimiz Kamal yazıb: “Teymur Rəcəbovla Levon Aronyanın oyununu analiz edəndə məlum olub ki, atlar Qarabağdan olsa da, toplar Suriyadan, fillər də Hindistandan gətirilibmiş….”

Başqa biri yazıb ki, Aronyanın şahının yerini dronla müəyyən ediblər. Başqa zarafatlar edənlər də var. Kim bilir, bəlkə də Aronyanın fiqurlarının movqelərini içəridən satıblar. Hərçənd Rusiya neytral qalmasaydıı, kömək göstərsəydi, Ohanyan vaxtında qalaya gəlib, qalaqurma fəndi etsəydi, oyunun nəticəsi başqa cür olardı.

Şahmat elə bir oyundur ki, bir-birinə bab oyunçular çox vaxt oyunu heç-heçə qurtarırlar. Amma Rəcəbov çox sərt tərpəndi, rəqibə aman vermədi, top demədi, at demədi, hamısını vurdu. Heç axırıncı gedişlərə də ehtiyac qalmadı, Aronyan gördü ki, 3-4 gedişdən sonra uduzacaq, təslim oldu. Düz elədi, Paşinyan da elə etmişdi, əlində bir az top, bir az piyada saxlaya bilmişdi. Hərçənd özü indi mat qalıb, az qalırlar aşırsınlar.

Şahmat oyununun bir üstün cəhəti odur ki, burada cığallığa, bəhanələrə yer yoxdur. Nərddə “zər vermədi” deyə bilirsən, dominoda “əlimə yaxşı daşlar gəlmədi” söyləmək olur (hərçənd bunların hamısı bəhanədir, yaxşı oyunçular həmişə nərddə də, dominoda da udurlar – zər versə də, verməsə də, ələ yaxşı daşlar gəlsə də, gəlməsə də). Şahmatda isə yalnız beyin işləyir. Başın yaxşı başdırsa, udursan, konkret həmin vaxt başın yaxşı işləməyibsə, uduzursan, durub gedirsən.

Mən həmvətənlərimizin “yaxşı başı olduğu”ndan danışanda həmişə şahmatı misal gətirirəm, deyirəm, dünyada 200 civarında irili-xırdalı dövlət var, bunlardan 20-si superdövlətdir, amma dünyanın 20 ən güclü şahmatçısından 3-ü azərbaycanlıdır, hələ rəhmətlik Vüqar Həşimov sağ olsaydı, o da ilk onluğa daxil olardı.

Yəni bəziləri gedib orda-burda “onlar ona görə qalib gəldilər ki, muzdlu döyüşçülər gətirdilər”, “idmana çox fikir verir, maya qoyurlar, ona görə fiziki baxımdan güclüdürlər”, “əllərindən gələn bircə güləşmək-dalaşmaqdır” deməsinlər. Beynin güclüdür, gəl şahmat taxtasının arxasına, istedadın fontan vurur, ortaya bir gözəl musiqi əsəri qoy, amma plagiat olmasın. Hakerin güclüdür, baxaq, görək, kim kimin saytlarını çox dağıdır…

Uzun sözün kəsəsi, bütün parametrlərdə güclü olmaq lazımdır – hətta həyasızlıqda da.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157721

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930