Müxalifətin vahid namizədi

04.12.2020 - 10:13

Tula itdən betər”

(ata sözü)

Ermənistan müxalifəti neçə vaxtdır mitinqlər qayırır, küçədə-bacada toplaşır, Paşinyanı yıxmaq fikrindədirlər. Ancaq bütün bu həngamənin vahid liderini düzüb-qoşa bilmirdilər. Biz öz müxalifətimizin əsrlər boyu sürən cahanşümul, fantasmaqorik, əlləm-qəlləm fəaliyyətinin nəticəsindən də görmüşük, müxalifətin vahid namizədi olmasa iş çox çətin alınır. Hətta heç alınmır. Nəhayət, dünən erməni müxalifəti ağıllı bir vahid namizəd irəli sürmüşdür.

Zarafat edirəm, ağıl olsaydı nə vardı? Əfsanəvi qonşularımız iki aydır əfsanəvi Paşinyanı söyə-söyə axırda kimi tapsalar yaxşıdır? Əfsanəvi Vazgen Manukyanı (bir dəfə yazmışam: ermənilərdə normal adam yoxdur, hamısı əfsanəvidir, nağıl-epos qəhrəmanıdır). Bu tipin 74 yaşı var, 1992-93-cü illərdə Ermənistanın müdafiə naziri, ondan da qabaq baş nazir-zad işləyibdir. Sovet dövründə erməni millətçi faşistlərindən biri olmuşdur, bunun üstündə türmədə yatıbdır. 1980-ci illərin sonunda Ermənistanda yaradılan, Qarabağı Azərbaycandan qoparmağa yönələn bədnam “Qarabağ komitəsi”ni də faktiki bu sarsaq qurmuşdur.

Yəni erməni cəmiyyətinin müxalifətin vahid namizədi olaraq Vazgen müəllimi irəli sürməsi dünyaya, bölgəyə və azərbaycanlılara mesajdır ki, biz öz köhnə xislətimizdən əl çəkən deyilik, əqrəb sancmaq üçün yaradılıbdır, hələ uzun zaman bölgədə sülhdən gözünüzü çəkin. Bundan bizim qorxumuz yoxdur, əlbəttə. Yüzə dözən, yüz birə dözər. Adamın sadə erməni xalqına yazığı gəlir ki, bu qədər qırğın-davadan sonra yenə ekstremizmdən, faşist düşüncədən əl çəkmək istəmirlər.

Sözgəlişi, dünən Manukyanın vahid namizədliyi ortaya çıxanda bir erməni deputatı maraqlı açıqlama verdi, deyir 1999-cu ildə Ermənistan parlamentini terror edən Nairi Unanyanı Manukyan öyrədirmiş. İstəyirmiş Vazgen Sərkisyanı – ovaxtkı baş naziri aradan qaldırsın. Həmin terrorda öldürülənlərdən biri Sərkisyan olmuşdu. Bu da Manukyanın erməni xalqına hansı perspektivlər vəd eləməsinin göstəricilərindən sayılmalıdır.

Əlbəttə, kimsə deyə bilər: bundan bizə nə? Canları cəhənnəmə. Qoy erməni xalqı lap pis günə düşsün. Ancaq təəssüf ki, biz adada, başqa planetdə yaşamırıq, Ermənistan da bizim yaxın qonşumuz, tarixi əlaqələrimiz olan bir məkandır. Orada hansısa problem çıxırsa, əvvəl-axır bunun ziyanı həmçinin bizə dəyəcəkdir. Necə deyərlər, qonşun acdırsa, sən evində rahat yata bilməzsən. Ermənistanın problemləri, dərd-səri həm də bizim problemimizdir. Biz orada normal dövlətçilik qurmaq üçün yardım əlimizi uzatmalıyıq. Məsələn, yaxşı olar MSK sədri Məzahir müəllimi növbəti seçkilərdə İrəvana göndərək, səslərin sayılmasına nəzarət etsin. Ən azı müşahidəçilik qursun. Ekzit-pol da keçirsək yaxşı olar. Var gücümüzlə Ermənistanda demokratik rejim qurulmasına dəstək verməliyik.

Artıq münaqişə aradan qalxdığı üçün Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan sərhədlərinin açılması proseslərinə də baxmalıyıq, yaşıl işıq yandırmalıyıq. Biz özümüzü qalib xalq kimi dartmayaq, ədaləti bərpa eləmiş qanunsevər, humanist millət kimi göstərək. Belə gələcəyə istiqamətlənmiş davranışlar ermənilər arasında daşnak meyllərini azaldar, nəticədə bir müddət sonra yeni davaya başlamarıq.

Erməni-sovet yazıçısı Hrant Matevosyanın “Mesrop” adlı bir hekayəsi var, 1960-larda yazıb. Hekayənin qəhrəmanı Mesrop türklərə – azərbaycanlılara nifrətlə böyüyüb, çünki bunun atasını sovet inqilabından qabaq azərbaycanlılar qətlə yetiribmiş. Mesropun atasının qətlinin də səbəbi varmış – o da əvvəlcə bir azərbaycanlı öldürübmüş. Qan davası, vendetta – qısa yazsaq. Mesrop bir gün tüfəngi götürür, qisas almaq üçün yaylaqda alaçıq quran azərbaycanlı çobanlara tərəf gedir. Kolxoz sədri olan erməni bunu öyrənir, ardıyca qaçır və Mesropu tutub möhkəm əzişdirir. Əl-qolu şişmiş Mesropa ilk tibbi yardımı isə elə… azərbaycanlı çobanlar göstərirdi. Mesropun çıxmış əl barmaqlarını yerinə salan azərbaycanlı qarı bunu eləyəni söyürdü.

Bax həmin yazıçı 90-cı illərdə hələ sağ idi, İrəvana səfər etmiş bizim jurnalist-yazıçı Həmid Herisçiyə 1998-də intervü vermişdi, təxminən belə fikirlər işlətmişdi: “Mən Bakının Azadlıq meydanıyla İrəvanın Teatr meydanını birləşdirən kütlənin qarşısında çıxış eləyərdim. İndi isə ayrıca erməni xalqına heç bir sözüm yoxdur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157998

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930