Geniş diapazonlu həkim

26.01.2021 - 10:03

“Yer insanı bəzəmir, insan yeri bəzəyir”

(latın məsəli)

Dünən hüquq-mühafizə orqanları Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovu cürbəcür korrupsiya cinayətlərində suçlayaraq həbs elədiklərini açıqlamışdılar. Onun şəkli də verilmişdi, fotoda Cəlil müəllimin yaxasında hansısa medal görünürdü. Bu mənim diqqətimi cəlb elədi, hörmətli Cəlil müəllimin həyat və yaradıcılığı ilə geniş, necə deyərlər, yaxından tanış olmaq qərarına gəldim.

İlk növbədə medal haqda. Axtarış zamanı Cəlil həkimin (bayaq müəllim yazdım, ancaq düzəltməyə ehtiyac yoxdur, bizdə büdcə təşkilatlarının hamısı  həm də müəllim sayılır – milləti öyrədirlər) keçən ilin iyununda “Əməkdar həkim” ali mükafatı aldığını tapdım, ancaq onun yaxasındakı medal əməkdar həkimin medalına oxşamırdı. Bəlkə də “İstiqlal” ordeni idi, nə biləsən… O cür korrupsiya eləyən adam müstəqilliyimizi də, şübhəsiz, möhkəmləndirmişdir.

İkincisi, dahi Mirzə Cəlilin adını daşıyan bu eloğlumuzun hüquq-mühafiə orqanları tərəfindən açıqlanan çirkin əməllərinə baxanda qəlbimiz fərəhlə döyünür: saxta əlillik və pensiya sənədlərinin hazırlanması, maaş kartları üzrə mənimsəmələr, təkrar rüşvətxorluq və sairə. Ancaq bunlar doktor Cəlilin həyat aysberqinin, sən demə, üzdə görünən hissəsi imiş. Mən internetdə qısa axtarış zamanı görün baş həkimə aid edilən daha hansı əməllər üzə çıxartmışam. Uzun siyahıdır, yanınıza çay və popkorn qoyun, birlikdə oxumağa başlayaq: “Talış-Muğan Respublikası separatçı qurumunda Əlikramın tərəfdarı, marketlərin birindən davamlı oğurluq edən adam, müxalifətin mitinqində başına daş vurub müxalifətçiləri şərləyən və rayonda aksiyanı pozan, keçmiş icra başçısı Qəzənfər müəllimin ”mama Roza”sı, özünü Mübariz Mənsimovun adamı kimi təqdim edən, lakin onun həbsinə münasibət bildirməyən, meşədə əxlaqsızlıq mərkəzi tikdirən, o cümlədən meşədə narkotik plantasiyası becərən, dövlətdən oğurladığı pullar və avadanlıqla şəxsi klinika açan, narkoman oğlu qumarda 300 min uduzan, xəstəxananın qapısı ağzında çoxlu satış obyekti açan, koronavirus haqda saxta sənədlər satan, xəstəxananın təmiri üçün vəsaitləri mənimsəyən, hərbi çağırışa yararlılıq haqda saxta sənədlər satan, imkansız hamilə qadına “pulun yoxdur, niyə doğursan” deyən və sairə və ilaxır… Məncə, bu qədər bəsdir. Bir baş həkim üçün yetərincə qəhrəmanlıq salnaməsidir. Söz oyunu eləsək, Nəzərovun nəzərindən heç nə yayınmırmış. Axtarsan bu saat belə bacarıqlı baş həkim nədir, bəlkə nazir və deputatı tapmazsan, ya da barmaq sayı olar.

Hərçənd bu xəbərləri yayan sayt və media qurumlarının çoxu ola bilsin paxıllıq edirlər. Cəlil müəllimin yerinə keçmək istəyirlər. Ya da vaxtilə ondan lazımi məbləği qoparmaqda çətinlik çəkmişlər – hər şey mümkündür. Ölkəmizdə insan inkişafının üfüqləri genişdir. O köhnə kinoda deyilən kimi: “Burada üfüqlər sakitdir”.

Bəs Cəlil həkim bu bilik və bacarıqlarından səmərəli istifadə edərək tezliklə qazamat dalını dəlib azadlığa qovuşa bilərmi? Ümid eləyək. Ümidsizlər şeytandır, doktorun həmyerlisi Allahşükür müəllim demişkən. Çünki o boyda iş yerini boş qoymaq ölkəmizin gələcəyi üçün də faydasız, lüzumsuz, zərərli, ziyanlı, hətta deyərdim ki, təhlükəlidir! Məsələn, elə dünən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin müdiri İlqar Məmmədovun (bəli, artıq bizdə müxalifətə yüksək vəzifələr verilir, dialoqun meyvələrini yeyirik) açıqlaması vardı: bəzi siyasi partiyalar fəaliyyətsizdir. Sitat: “Bu partiyaların rəhbərləri, habelə üzvlərinin bəziləri vəfat edib və bundan sonra bu partiyalar faktiki mövcud deyil”. Məncə, dövlətin də passiv rolu qeyd edilməlidir. Sədr ölüb, yerinə niyə ayrısını qoymamısınız? Hərçənd ölmək siyasi fəaliyyəti gərək azaltmasın, Məzahir müəllim hər seçkidə nə qədər ölünün səsindən dövlətimizə faydalı şəkildə yararlanır.

İndi söz əlaqədar təşkilatlarındır: Cəlil həkimin diapazonuna baxanda heç utanırsınızmı?

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160298

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930