Ermənilərin baş tutmayan futbol planı – Ağdamın “Qarabağ”ından Xankəndinin “Qarabağ”na göz dağı

23.12.2020 - 15:18

 Keçmiş Dağlıq Qarabağ Muxtar vilayətində erməni əhalisinin sayını süni şəkildə artırmaq üçün vilayətin erməni rəhbərləri bütün vasitələrə əl atıblar. Xüsusilə Xankəndi şəhərində bu proses daha sürətlə gedib. SSRİ-nin ayrı-ayrı şəhərlərində ali təhsil alan, əslən Dağlıq Qarabağdan olmayan erməni məzunların təyinatları məqsədli şəkildə bu bölgəyə verilib. Zaman-zaman vilayətin fabrik və zavodlarında, elm, təhsil, mədəniyyət ocaqlarında və digər müəssisələrdə ermənilərin sayı kəskin şəkildə artıb.

Millətçi ermənilər bu məsələni daim diqqətdə saxlayaraq bütün sahələrin erməniləşdirilməsi üçün Ermənistandan xüsusi dəstək alıblar.

Bu fəaliyyətdə ermənilər vilayətin idman sahəsini də unutmayıblar. Xüsusilə idman növləri arasında daha populyar olan futbolda ciddi addımlar atmağa daha çox cəhd ediblər.

Qeyd edək ki, Xankəndi şəhərində 1927-ci ildən “Dinamo Stepanakert” futbol klubu fəaliyyət göstərib. 1960-1989-cu illərdə komanda “Qarabağ” adını daşıyıb. Bütün bu illər ərzində komandanın heyətində cəmisi iki nəfər azərbaycanlı oynayıb. Həmin oyunçular isə ittifaq turnirlərində əvəzedici qismində oyuna buraxılıblar.

martirosyan.jpg (55 KB)

1978-ci ildə isə “Qarabağ” komandasının heyətində ciddi dəyişiklik baş verib. Ermənistandan dəvət edilən bir neçə futbolçu komandanın əsas heyətinə daxil edilib. Onların arasında İrəvanın  “Ararat” komandasının oyunçuları, SSRİ futbol məkanında tanınan beynəlxalq dərəcəli idman ustası Ovanes Zanazanyanın (o həm də komandanın məşqçisi təyin edilib) və idman ustası Suren Martirosyanın olması Xankəndinin erməni sakinləri üçün əlamətdar hadisəyə çevrilib. Bəli, Xankəndi şəhərinin Şaumyanın adını daşıyan mərkəzi stadionunda iki idman ustasının görünməsi Xankəndi tarixində yadda qalan hadisələrdən biri sayılıb.

Əslində Ovanes Zanazanyanın və Suren Martirosyanın “Qarabağ” futbol komandasına gətirilməsinin əsas məqsədi heç də bu komandanın turnirlərdə liderlər sırasına çıxması ilə bağlı olmayıb. Bu tanınmış ermənilərin Xankəndi klubunda olması ilə millətçi ermənilər beynəlxalq və ittifaq miqyaslı turnirlərdə “Qarabağ”  klubunun ermənilərə məxsus olduğunu sübut və nümayiş etdirmək istəyiblər.

Hər iki futbolçu Xankəndi şəhərinə gəldikdən sonra şəhər qeydiyyatına salınıb. Dağlıq Qarabağ Muxtar vilayətinin birinci katibi Boris Grvorkov onları yüksək səviyyədə və mehribanlıqla qarşılayıb. Şəxsən birinci katibin tapşırığı ilə  futbolçulara bütün şərait yaradılıb. Onlara şəhərin mərkəzində mənzil verilib. Həmçinin hər iki futbolçuya avtomobil də hədiyyə olunub.

Çox qısa müddətdə Ovanes Zanazanyan və Suren Martirosyan Xankəndi şəhərində qatı millətçi kimi tanınıblar. Bu, Xankəndi şəhərinə səfər edən Azərbaycanın digər futbol klubları ilə görüşlərdə özünü daha qabarıq büruzə verib. Xüsusilə Ovanes Zanazanyanın azərbaycanlı futbolçulara qarşı kobudluğu, kobud oyunu daha aydın hiss olunub. İdman etikasından uzaq olan Zanazanyan yaşıl meydançada  futbolçudan daha çox küçə davaları yaradan şəxsi xatırladıb. Bu cür davranışa görə bir neçə dəfə Xankəndi stadionunda azərbaycanlı və erməni azarkeşlər arasında ciddi qarşıdurmalar yaranıb, hakimlər oyuna fasilə vermək qərarına məcbur olublar.

hhuiol.jpg (37 KB)

Özlərini dünya səviyyəli futbolçu sayan Ovanes Zanazanyan və Suren Martirosyan hətta öz erməni həmkarlarına da yuxarıdan aşağı baxıblar. Bu cür mənfi münasibətə əsas səbəb yerli erməni futbolçularının peşəkarlıq səviyyəsinin aşağı olması yox, millətçilikdə zəif olmaları olub. Ümumiyyətlə, sovet dövründə Ermənistanda yaşayan ermənilərin Qarabağ ermənilərinə qarşı olan münasibəti çox da müsbət olmayıb. Onlar bir çox Qarabağ ermənilərini çönmüş ermənilər adlandırıblar. Elə Zanazanyan da erməni həmkarlarına məhz belə bir münasibət bəsləyib.

Ermənilərin əfsanəvi futbolçu adlandırdıqları Ovanes Zanazanyan və Suren Martirosyan “Qarabağ” futbol klubuna heç bir ciddi uğur gətirməyib. Əksinə, komandanın heyəti arasında konfliktlər yaranıb. İrəvan futbolçularına xüsusi güzəşt və imtiyazların verilməsi digər futbolçuların qıcıqlanmasına səbəb olub. Bir ildən sonra hər iki futbolçu “Qarabağ”ı və Dağlıq Qarabağı tərk etmək məcburiyyətində qalıblar.

Futbol karyerasını başa vurduqdan sonra Ovanes Zanazanyan İrəvan Dövlət Arxitektura və İnşaat Universitetində idman və bədən tərbiyəsi kafedrasına rəhbərlik edib. O həm də İrəvanda ən böyük univermaqlardan birinin sahibi olub. Milli “ruh”una görə Ovanes Zanazanyan İrəvanın fəxri vətəndaşı adına və bir çox dövlət mükafatlarına layiq görülüb. 2015-ci ildə, 68 yaşında uzun sürən xəstəlikdən sonra ölüb.

Suren Martirosyan isə futbol karyerasına 1989-cu ildə son qoyub. O, 1987-1989-cu illərdə “Ararat” komandasına məşqçilik edib. Sonra isə İrəvandakı zavodların birində direktor müavini vəzifəsində işləyib, 2019-cu ilin dekabrında isə uzun sürən xəstəlik onu da bu dünyadan aparıb.

Beləliklə, ermənilərin Xankəndi şəhərində futbolçularla bağlı ümidləri özünü doğrultmayıb, Xankəndinin “Qarabağ”ı məşhurlaşa bilməyib. Bu doğma adı daşıyan Ağdamın “Qarabağ” komandası isə öz uğurları ilə ən qısa müddətdə erməni futbolçularına göz dağı olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158749

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31