İnfeksionist şayiələrə qarşı: “Azərbaycanda koronavirusun yeni ştammı aşkar edilməyib”

06.02.2021 - 10:49

Azərbaycanda ümumtəhsil müəssisələrində canlı tədrisin 1 həftəsi başa çatdı. Rəsmi məlumata görə, fevralın 5-nə qədər təkcə Bakı şəhəri üzrə təhsil müəssisələrində 5 müəllim və 1 məktəbəhazırlıq qrupuna cəlb olunan uşaqda koronavirus infeksiyası (COVİD-19) aşkar olunub. 9 şagird, 2 müəllim, 1 məktəb psixoloqu, 1 laborant, 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.

Paytaxtın ümumi təhsil müəssisələrində əyani formada dərslərə davamiyyət 93 faiz təşkil edir. 182 018 şagirddən 1106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.

Xatırladaq ki, fevralın 1-dən etibarən ölkə üzrə mərhələli şəkildə 1-4-cü siniflərin ənənəvi tədrisi bərpa olunub. Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 3 dəfə, digər bölgələrdə isə 4-5 dəfə olmaqla ənənəvi formada dərslər keçirilib. Ümumilikdə əyani dərslərdə 286 min 564 şagirdin iştirak etdiyi bildirilir.

Fevralın 8-dən etibarən isə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla ölkənin digər şəhər və rayonlarında 5-9-cu siniflərin də həftədə 5 dəfə olmaqla ənənəvi tədrisi bərpa olunacaq. Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonuna gəldikdə isə, bu bölgələrdə isə 5-9-cu siniflərin ənənəvi tədris prosesi həftədə 2 dəfə olmaqla fevralın 15-dən başlayacaq.

Bəs mütəxəssislər canlı təhsilin bir həftəsini necə dəyərləndirir? Canlı təhsili bundan sonra da davam etdirərkən koronavirus təhlükəsi nə dərəcədə arta bilər?

Bir faktı da qeyd etmək olar ki, dünyada koronavirusun yeni ştammı sürətlə yayılmaqdadır. Artıq qonşu Türkiyədə virusun bu ştammına yoluxanlar var. Ekpsertlər yeni ştammın ölkəmizə gəlməməsinin mümkün olmadığını deyir. İddialara görə, mutasiyaya uğrayan yeni ştamm daha çox uşaqlara təsir edəcək. Bu baxımdan övladlarını məktəbə göndərən valideynlər arasında narahatlıq, qorxu var.

773965058465681ccd7c.jpg (20 KB)

İlham Bayramov 

Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov  “Yeni Müsavat”a danışıb:

“Hazırda ölkəmizdə vaksinasiya gedir. Son günlər ölkəmizdə koronavirusa yoluxanların sayında xeyli azalma var.  Eləcə də məktəblərdə koronavirusa yoluxma ilə bağlı açıqlanan rəqəmlər o qədər də böyük deyil. Əlbəttə ki, ilk növbədə əhalinin sağlamlığı önəmlidir. Lakin təhsil də önəmlidir, indi nə etmək olar? Ənənəvi tədris bərpa olunmasa təhsilin səviyyəsi tamamilə aşağı düşür. Doğrudur, onlayn dərslər keçirilir, amma bu bir faktdır ki, ənənəvi dərslərin yerini vermir. Həmçinin elə şagirdlər var ki, hətta sinifdə belə bəzən dərsləri mənimsəyə bilmir, onlar üçün onlayn dərslər daha da çətin olur. Bir daha qeyd edirəm ki, məktəblərdə koronavirusa yoluxma ilə bağlı rəqəmlər heç də böyük deyil”.

İnfeksionist koronavirusun yeni ştammı ilə bağlı cəmiyyətdə yayılan şayiələrə də münasibət bildirib: “Hazırda ölkəmizdə koronavirusun yeni ştammı müşahidə olunmayıb. Bu baxımdan onunla bağlı şayiələr tamamilə əsassızdır. Hətta şayiələr gəzir ki, hazırda modul tipli xəstəxanalara çoxlu sayda uşaq çarpayısı gətirilib. Belə bir şey tamamilə yoxdur və bu cür şayiələrə inanmaq olmaz. Bir müddət əvvəl mən də koronavirusa yoluxmuş uşaqların müalicəsində iştirak etmişəm və deyim ki, uşaqlarda kliniki ağırlaşma müşahidə etməmişəm. Bəzən heç dərmana da ehtiyac qalmırdı”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160682

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930